Ölkənin pambıq sektoru tənəzzül edir

Vahid Məhərrəmov: «Fermerlər məhsulu özünə sərf edən qiymətə diqtə edə bilmir»

Xəbər verildiyi kimi, iyunun 1-i üçün Azərbaycanda pambıq əkini sahələri 18,3 min ha olub. Bu rəqəmin  2014-cü ildəkindən 21,1 faiz az olduğu da bildirilir.
Xatırladaq ki, 2011-ci ildən ölkədə pambıq əkini sahələri azalmağa doğru gedib. 2011-ci ildə 42,8 min ha sahədən pambıq yığılıbsa, 2013-cü ildə fermerlər əkin sahələrində 23,4 min ha pambıq əkib.ÿÿ2014-cü ildə Azərbaycanda 41 min ton pambıq yığılıb ki, bu da 2013-cü ildəkindən 5,2 min tonÿ (9,3%) azdır. Məhsuldarlıq 1 ha-dan 17,9 sentner olub ki, bu, 2013-cü ildəkindən 1,4 sentner azdır.
Ölkədə pambıq əkini sahələrinin getdikcə  azalmasının görəsən, səbəbi nədir? Bu sahədə baş verən hansı proseslər  sahələrin azalmasına təsir edir?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov qeyd edir ki, bu sahənin monopoliyada olması səbəblər sırasındadır. Pambıq emalı müəssisələrinin xüsusi adamların nəzarətində olduğunu deyən ekspert, onların pambıq istehsalıyla məşğul olan fermerlərimizə qiyməti diqtə etdiyini söyləyir:
“Orda elə bir imkan yoxdur ki, fermer istehsal etdiyi məhsulu ona sərf edən, fayda verən qiymətə təklif edə bilsin. Yəni bu sahədə monopoliya olduğu üçün fermerin seçim imkanı yoxdur. Belə olan halda, fermerlər çətinliklərlə üzləşirlər və əldə etdikləri məhsulu məcburiyyət qarşısında özlərinə sərf etməyən qiymətə emal müəssisələri sahibkarlarına təhvil verirlər. Bu da onların biznesinin stimullaşdırılmasına imkan yaratmır”. Pambıq əkinçiliyi sahəsində problemlərdən biri də odur ki, bizdə məhsuldarlıq hələ də aşağıdır. Yəni bu sahədə yeni məhsuldar sortların yaradılması  istiqamətində hansısa iş aparılmır. Belə olan halda, əldə olunan məhsulun  kəmiyyəti də az olur. V.Məhərrəmov qeyd edir ki, mövcud  şəraitdə fermerlər əkin sahələrindən yaxşı, keyfiyyətli məhsul götürə bilmirlər.  Ona görə də bu sahəyə maraq get-gedə azalır. Öz növbəsində pambıq əkini sahələri də ildən-ilə azalmağa doğru gedir.

Nigar