Gürcüstandakı daşqın faciəsi Azərbaycanda təkrar ola bilərmi?

Telman Zeynalov: «Azərbaycanı inanmıram ki, belə bir faciə gözləsin»

Qonşu Gürcüstanda baş verən daşqın nəticəsində paytaxt Tiflisin küçələri su altında qalıb. Faciə nəticəsində ölən və yaralananlar var. Bundan başqa, faciə nəticəsində itkin düşənlərin də olduğu bildirilir.
Yeri gəlmişkən, iqlim dəyişiklikliyinin səbəbləri və həlli yollarıyla bağlı Fransa səfirliyinin təşəbbüsüylə keçirilən  konfransda istiləşmənin Qafqaz regionu üçün də təhlükəyə çevrildiyi qeyd edilib. Çünki qlobal istiləşmə Qafqaz dağlarındakı buzlaqların əriməsinə səbəb ola bilər ki, bu da regiondakı çayların məcrasından çıxmasına səbəb olacaq.


Ekologiya sahəsi üzrə ekspert Telman Zeynalov qeyd edir ki, Gürcüstanda baş verən daşqın təhlükəsinin ölkəmizdə təkrar olacağı təhlükəsi yoxdur. Ekoloq Gürcüstandakı daşqın hadisəsinin müəyyən səbəblərdən baş verdiyini deyərək bunun ölkəmizə dəxli olmadığını söyləyir:
“Gürcüstandakı xırda çaylar daşqına səbəb olub. Amma Kürdə belə artım müşahidə olunmur. Tiflisin su altında qalmasına gəlincə, paytaxt Bakını belə faciə gözləmir. Çünki burda az-çox yeni kommunikasiya sistemi qurulub ki, onlar suyu ötürə bilər. Amma bir məsələ də var ki, yağıntı saatda 50 kubmetr tökülürsə, onu heç bir qurğu dənizə və ya digər mənbəyə ötürə bilməz. Ona görə də belə faciələrdən heç kim sığortalanmayıb. Dünyada Almaniya kimi öncül kommunikasiya sistemi olan ikinci dövlət yoxdur. Orada bu sistem çox mükəmməl qurulub və az qala metro tuneli kimidir. Orda da qısa müddətdə çoxlu miqdarda yağıntı düşür və şəhərlər su altında qalır. Bununla belə, ölkəmizin yaxında belə bir daşqınla üzləşəcəyi ehtimalı yoxdur. Azərbaycanı inanmıram ki, belə bir faciə gözləsin”.

Nigar