Gündəmin rəngarəng mövzuları

Avropa Oyunlarının gündəmə bu qədər rəngarəng mövzular gətirəcəyini xəyal etmirdim. Hər gün o qədər qəribə və maraqlı hadisələr baş verir ki, hər birinin üzərində ayrıca dayanıb yaxşı-yaxşı müzakirə aparmaq imkanı da tapmırsan. Sonuncu tragikomik hadisədən də hamınızın xəbəri oldu yəqin. Cəbrayıldan olan məcburi köçkün Seymur Cəfərovu “Lider” TV-yə çıxarıb xarici turist adıyla danışdırıblar. Tamaşaçılara Ceyms Bonar olaraq təqdim edilən gənc könüllü ölkədəki firavanlıqdan danışıb, hər şeyin möhtəşəm olduğunu bildirib…

Bu, bizimkilərin qurama turistinin dedikləridir. Əsl həqiqət isə bir az başqadır. Dünən mediada xalis turistlərin ölkədəki qiymətlərdən qan ağladığı yazılmışdı. Əcnəbilərin əsas şikayəti kirayə evlərin bahalığındandır, Sən demə, Bakıdakı hotellərin dünya qiymətləri ilə müqayisədə çox baha başa gələcəyini görən turistlər kirayə evlər tutmağa üstünlük veriblər. Amma bizim fürsətçi ev dəllalları da qiymətləri elə qaldırıblar ki, adamlar odla-su arasında qalıb. Biz turistlər deməsə də, bu məsələnin bir gerçək olduğunu bilirik. Paytaxtın mənzil bazarından tutmuş, çay, qəhvə xidmətinə qədər hər şeyin baha olduğunu kimsə dana bilməz. Oyunlar ərəfəsində səslənən “mürəbbəli çayın qiyməti ucuzlaşmalıdır” söhbəti belə özünü doğrultmayıb. Bu günlər çayxanalarda, kafelərdə oturub çay içənlər işi bilir. Həmin o yerlərdə bahalaşma var ki, ucuzlaşma yox.

Başqa maraqlı bir mövzu da idmançılarımızın meydan mübarizəsinə aiddir. Oyunlarla bağlı heç bir epizoda, heç bir yarışa baxmasam belə, sosial şəbəkələr baş verənləri anbaan tirajlayır. Uduşlar, qazanclar, medallar öz yerində. Oyunun iki başı var, məlum – ya udursan, ya uduzursan. Bu halda uduzan tərəfi əzmək, ittiham etmək, qaralamaq anormallığın ən ali dərəcəsi sayılır hər halda. Dərd budur ki, o anormallıq da bizim təcrübədə özünü göstərib. Güləşçimiz Həsən Əliyev erməni idmançısına uduzduğuna görə nəinki bir çoxunun qınaq obyektinə çevrilib, hətta deputat Fəzail Ağamalı onu açıq ittiham edib. Məncə, o, “Həsən Əliyev düşmənimizə uduzmamalı idi”  əvəzinə, “biz müharibəni düşmənə uduzmamalı idik” desəydi, bəlkə daha məntiqli bir ifadə olardı. Adama deyərlər bu məğlubiyyətdən belə pərt olacaqdınızsa, niyə xahiş-minnətlə çağırıb gətirirdiniz erməni idmançılarını bu ölkəyə axı?

Dediyim kimi, oyunlara marağım olmayıb, amma nə yalan,  oxatma yarışları hər zaman diqqətimi çəkib və normal şərtlərdə o yarışları izləmək fürsətini qaçırmazdım. Bəli, bu fikrimdə birmənalı şəkildə qalıram ki, hüququn tanınmadığı və onlarla vicdan məhbusu olan ölkənin olimpiada yarışları mənə heç bir zövq verə bilməz. Əslində, bu beynəlxalq tədbirin ən unudulmaz məqamları da məhbuslarla bağlı olacaq elə. Arzuladığım oxatma yarışlarına gedə bilmədim, ancaq baxıram ki, dünyanın nə çox yerindən yayı çəkilmiş oxlar Bakıya doğru yönəlib. Bütün nüfuzlu dairələrdən ölkə hökumətinə “məhbusları azad et” çağırışı səsləri gəlir. Hələ ölkə tarixində pozulan insan haqları və məhbus məsələləri ilə bağlı bu qədər davamlı basqılar olmamışdı. Məncə, Avropanın emblemini daşıyan bu oyunları bir demokratiya aksiyasına çevirməyə çalışan Avropa təşkilatçıların rahatlığını yetərincə pozdu. Oyunlara böyük səylə milyardlar qoyan və hər şeyin möhtəşəm keçməsi üçün dəridən-qabıqdan çıxan Azərbaycan tərəfi bu qədər tənqidlər qarşısında olimpiadanın dadını çıxara bildimi? Inanmıram. Hər şeyin bir həddi var və hər haqsızlıq da bir yerə qədər…