Damazlıq deputatların “reytinq”i qalxmayanda…

xaqaniquzeyli@gmail.com

Avropa Parlamentinin Azərbaycanla bağlı son dinləmələrinə etiraz edən bir qrup Milli Məclis deputatının bəyanatı mənim üçün təəccüblü olmasa da, onun altına imza atan deputatların əksəriyyətinin YAP-çı olmaması diqqətimi cəlb etdi. Kimlər yox idi burada,  -Iqbal Ağazadə, Sabir Rüstəmxanlı ( Ziya Məmmədovun qohumu  – X.Ə.), Fazil Mustafa, Asim Mollazadə, Ilyas Ismayılov, Fərəc Quliyev, Fəzail Ağamalı, bir sözlə, “konstruktiv müxalifət” ansamblının bütün üzvləri… Mən başda Qüdrət Həsənquliyev olmaqla  imzasını ora atan digər birmandatlı partiya liderlərinin adını çəkib sizi yormaq istəmirəm.  
Əvvəlcə məlum bəyanat  haqda qısaca arayış vermək istəyirəm ki, yazını oxuyandan sonra söhbətin nədən getdiyi haqda tam təsəvvürünüz olsun.
Bəyanatda dönə-dönə vurğulanır ki, Azərbaycanda siyasi məhbus yoxdur, həbs olunan curnalist və hüquq müdafiəçiləri konkret cinayət əməllərinə görə həbsdə çürüyürlər. Yəni Intiqam Əliyev, Seymur Həzi, Xədicə Ismayıl, Tofiq Yaqublu və adını çəkmədiyim yüzə qədər siyasi cinayətkardır, Avropa isə onları bizə siyasi məhbus kimi sırımağa çalışır. Etiraz bəyanatından yalnız bir cümləni sizin nəzərinizə çatdırmaq istəyirəm, buyurun – “Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya curnalist yoxdur”. Zənnimcə, kifayətdir, keçək əsas məsələyə…
Bu gün heç kimə sirr deyil ki, Milli Məclisdə “konstruktiv müxalifət” adı altında gizlənən, “ortada yeyib, qıraqda gəzən”, YAP üzvü olmayan  deputat qrupu mövcuddur. Onlardan əsas tələb olunan xidmət, həddini aşmamaq şərti ilə iqtidarın aşağı eşalonunu, həddini aşmaq şərti ilə isə, müxalifəti tənqid etməkdir. Bundan başqa, onları “Göyçək Fatma” nağılında olduğu kimi, hərdən geyindirib-gecindirib xaricdən gələnlərə müxalifət kimi təqdim edirlər. Yəqin siz də fikir vermisiniz, əksər mətbu orqanlarının “Müxalifət bu haqda nə düşünür?” rubrikasının qonaqları da məhz onlar olur.  Gündəm də məxsusi seçilir,  məsələn, “sarı gəlinin ermənicə oxunması”, “şou-biznesdə qısa tuman”, “erməniyə uduzan idmançı”, “Sabirabadda uçan ələm”, “qanuni oğruların vətənpərvərliyi” və sairə.
Bu günlərdə “Yeni Müsavat” qəzetində yuxarıda bəhs edilən bəyanata imza atan “müxalifətçi – deputat” (!) Iqbal Ağazadənin “Mən siyasi məhbus olsaydım” yazısını oxudum. Ulu öndər M.Ə.Rəsulzadədən sitat gətirərək öz addımına “bişmiş toyuğun da gülə biləcəyi” arqumentlərlə haqq qazandırmağa çalışır. Bilirsiniz,  yazını oxuyarkən nə yadıma düşdü? Əynində iranlı biznesmen Rza Zərrabdan hədiyyə aldığı kostyumla Türkiyə Böyük Millət Məclisinin soruşdurma komissiyasına gələrək özünü müdafiə nitqi (!) söyləyən keçmiş Avropa işləri üzrə nazir Egemen Bağış… Çıxışının başlanğıcında  aldığı hədiyyələrı türk adət-ənənəsinə “uyğun” olduğunu söyləyən naziri, iclasdan vaxtında çıxarmasaydılar, yəqin ki, xəstəxanalıq olacaqdı.
Iqbal Ağazadənin məntiqinə görə, siyasi məhbuslar azadlığa buraxılması “Vətəni və müstəqilliyi təhlükəyə (ifadə onundur – X.Ə.) soxacaq… Belə çıxır ki, siyasi məhbusların sayı artıqca, müstəqilliyimiz daha da möhkəmlənir. Indi isə, deputatın bu mövzuda sizi də heyrətləndirəcək arqumentini nəzərinizə çatdırıram, özü də nöqtəsinə-vergülünə dəymədən, buyurun,  – “Mən hələ siyasi məhbusların azadlığını istəyən onların içərisində Azərbaycanı sevməyən nə qədərinin olduğunu da demirəm”.  
Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur. Qayıdaq, bəhs etdiyimiz damazlıq və bəyanat məsələsinə…
Bəli, əziz oxucu, recim müxalifət kimi bəslədiyi bu damazlıq kəsimin siyasi oriyentasiyasını bir anın içində dəyişməyə məcbur oldu. Nəhayət anladı  ki, xalq çoxdan onları nəinki müxalifət, heç müstəqil fikirli deputat kimi qəbul etmir. Və bircə həmləyə onları xalqın yanında yapçı deputatlardan da urvatsız etdi…
Istedadsız və demokratik mühiti özü üçün fəlakət hesab edənləri bir yerə toplamaq avtoritar recimin yaşam kredosu olmaqla bərabər, həm də faciəsidir.  Bu dəstə recimi nəyin bahasına olur-olsun qorumağa çalışsa da , bu yolda istənilən addımı atmaqdan çəkinməsə də, bu missiyanı bir yerə  qədər yürütməyə gücü yetir…
 Faciə ondan ibarətdir ki, məhz onların sayəsində hakimiyyətlə xalq arasında əlaqə itməyə başlayır. Və… hər ikisi ayrı-ayrılıqda özünə  himayədar axtarır. Kimi xaricdə, kimi daxildə…
Etiraf etməsək də, həqiqət budur ki,  Azərbaycan bu ağrılı tarixi prosesi yaşayır. Görəsən hələ gec deyil ki?..