Cəmil Həsənliyə hücumlar niyə artıb?

Bir aydan çoxdur ki, iqtidara açıq və gizli işləyən media Cəmil Həsənliyə hücumları, böhtanları, təhqirləri dayandırmır, onu əsas hədəfə çeviriblər.
 
Niyə uzağa gedirik?! Qarşı tərəflərin nüfuzunu itirə-itirə getdiyi bir zamanda Cəmil bəy güvənilən, inanılan bir obrazını qoruyub saxlaya bilir. Heç vaxt siyasi liderliyə can atmayan, heç bir siyasi təşkilatı olmayan bir ziyalının bu cür etimad qazanması, bu cür nüfuzlanması və bu nüfuzu qoruyub saxlaya bilməsi indi bizim cəmiyyət üçün sıradan hadisə deyil.
 
Hələ seçki debatları zamanı ona qaranlıq keçmiş düzəltmək, onu da özlərinin çirkabına bulaşdığı iqtidara bağlamaq cəhdləri olmuşdu. Faydası olmadı, çünki Cəmil bəyin ictimai bioqrafiyası həmin günlərdə yarandı. Uzun keçmişi və bioqrafiyası olan siyasətçilərin göstərə bilmədiyi yetənəyi, yanğısı, cəsarəti həmin gün ona olduqca aydın, ləyaqətli bir bioqrafiya başlatdı. Ən müxtəlif mövqeli insanlar onu bağrına basdı, seçki günü bəlli oldu ki, heç vaxt səsini çıxarmayan insanlar regionundan, yaşından, təşkilatından asılı olmayaraq Cəmil müəllimə səs verdilər. Məsələ bu səslərlə də bitmədi, ona bu günəcən gücünü saxlayan sayğı, etimad, güvən yarandı.
 
Cəmil bəy siyasi dəngələri pozan bir gerçəyi nümayiş etdirdi. Hakimiyyət, onun təbliğatçıları illərdir cəmiyyətə aşılayırdı ki, bu xalqın arxasınca gedəcəyi bir lider yoxdur. Hətta buna cəmimi inananlar da vardı. Xalq arasında da daim əldə çıraq lider axtarışına çıxanları görürdük. Sübut olundu ki, hər şey iqtidarın dediyi və bizim düşündüyümüz kimi deyil, yeni liderlər hər zaman ortaya çıxa bilər. Hətta onların siyasətçi olmasına da gərək yoxdur. Siyasətin yalnız onların işi olduğunu düşünənlər də bunu aydınlığı ilə gördülər.
 
Bu, olduqca əhəmiyyətli bir nəticə idi və Cəmil bəy bununla dəyişikliyə və dəyişiklikdən sonraya inamın özülünü bərpa etmiş oldu, iqtidarın “alternativ yoxdur” manipulyasiyasına son qoydu.
 
Zaman keçir, gün-gündən yolu daralan hakimiyyətin baş bilənləri görür ki, Cəmil bəy həmin nüfuzunu qoruya bilir, yenə də toparlayan, birləşdirən bir liderdir. Hətta bütün səylərlə dağıdılmasına çalışdıqları Milli Şura onun mərkəzi rolu ilə qoruna bildi, əsas siyasi güc mərkəzinə çevrildi. Məsələ, Milli Şurada da deyil, məsələ onda da deyil ki, o yenidən seçkiyə qatıla bilər. İstənilən seçkili-seçkisiz situasiyada xalqın üz tutacağı güvənli bir ünvan olaraq qalır və həmin zaman özünün birləşdirici rolunu yüksək səviyyədə oynaya bilər. Məsələn, o, sabah Əli Kərimlini, İlqar Məmmədovu, Rəşadət Axundovu və
 
başqalarını eyni masa arxasında əyləşdirə bilər. Bu da ciddi narahatlıq yaradan bir cəhətdir.
 
Özü də yorulmaq bilmir, qorxmaq bilmir. Ağzından çıxan 5-10 cümlədən biri aforizmə çevrilib bu iqtidarın ifşa ritortikasına çevrilir, dillər əzbəri olur. Elmi işlərini də davam etdirir, yeni kitablar da nəşr etdirir, amma hakimiyyətin elə bir addımı olmur ki, bu barədə çəkinmədən fikrini söyləməsin. Daim məqalələr yazır, internetdə isə təkcə özü ilə bağlı yazıları paylaşmır, özü yazır, paylaşmaları da yalnız ictimai xarakterlidir. Oxunur, izlənilir. Bir sözlə, siyasi və ictimai proseslərin tam ortasındadır, mübarizənin önündədir…
 
Bütün bunlar ona güvəni daha da artırır və Azərbaycan hakmiyyətini narahat edir.