“Azərbaycan” tarix boyu bu ərazidə yaşayan xalqın, Şərq və Qərb xalqlarının təsəvvüründə, düşüncəsində coğrafi, iqtisadi, siyasi, etno mədəni tam kimi qərarlaşmışdır. Tarixi Azərbaycan ərazisinin qərb və şərq, şimal və cənub hüdudları xalqımızın tarixini müəyyən dərəcədə bilən şəxslərə bəllidir. XIX əsrin ilk onilliklərində Azərbaycanın Şimal əraziləri Rusiya imperiyasının işğalına məruz qaldıqdan sonra xalqımızın öz tarixi irsindən uzaqlaşdırılması istiqamətində xeyli “iş” görüldü. Sovet hakimiyyəti illərində (1920-1991) də Azərbaycan tarixinin bir çox məsələləri təhrif olunmuş şəkildə, irəli sürülmüş ideoloji tələblərə uyğun şəkildə “işıqlandırılırdı”. Bu halın təbii olduğunu anlamaq üçün görkəmli alman mütəffəkkiri Hegelin məşhur bir müddəasını xatırlatmaq kifayyətdir: “Dövləti olmayan xalqın əslində tarixi də yoxdur”. (Bax: Кузнецов В.Н. Немецкая классическая филасофиа втарой полавины XVIII-начала XIX века. Москва:1989, с. 381). Müasir Azərbaycan ictimai fikrində belə bir qənaət qərarlaşmışdır ki, Vətən tarixinin obyektiv şəkildə, xalqın ümdə mənafelərinə uyğun tərzdə araşdırılmasının başlıca şərti ölkənin siyasi müstəqilliyidir. “Xalqın düşüncəsində “Azərbaycan” məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur” (Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Елм,1990, с.95). Azərbaycan xalqı təqribən 24 ildir ki, siyasi müstəqilliyin bəhrələrindən faydalanır.Tarixçilər Vətən tarixinin bir çox məsələlərinə həsr olunmuş xeyli əsər nəşr etdirmişlər. Tarix elmlər doktoru, professor С.P.Həsənli son illərdə Azərbaycan tarix elmində fəallığı və məhsuldarlığı ilə fərqlənir. “Obyektiv tarixi əsər yazmaq” arzusu gerçəkləşən deyil. Çünki hər bir tarixçi faktlara hadisələrə mənsub olduğu xalqın nəzəri ilə yanaşır və bu təbiidir. Tərəfkeşlik olmadan əsər yazmaq ümumiyyətlə bütün tarixçilər üçün əlçatmaz olmuşdur. Bu “arzuya” mane olan güvvə isə obyektiv səciyyə daşıyır və tarixçinin iradəsindən ucadadır: bu, tədqiqatçının formalaşdığı mühitə, cəmiyyətə, Vətənə bağlılığıdır. “Obyektiv tarix asərini” yalnız kosmopolit düşüncə tərzinə malik olan tədqiqatçılar yaza bilər.
Qeyd edək ki, Cəmil Həsənlinin bütün əsərlərində Vətən təəssübkeşliyi aydın nəzərə çarpır. O, məhz Vətəninə, xalqına bağlı ciddi araşdırıcı olduğuna,ümumbəşəri dəyərləri dərindən anladığına görə nüfuzu beynəlxalq elm mərkəzlərində etiraf olunan Azərbaycan tarixçisidir.Onun kitabları Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, İran və digər ölkələrdə nəşr olunmuşdur. Son 9 il ərzində Cəmil Həsənlinin 3 fundamental monoqrafiyasi ABŞ-ın Harvard Universitetinin “Soyuq Müharibə Kitab Seriyası” proqramı çərçivəsində nəşr edilmişdir. Yeri gəlmişkən, nə keçmiş Sovet İttifaqı, nə də sosialist ölkələri coğrafiyasında belə bir uğura imza atan ikinci bir tarixçi yoxdur. Bu kitabların 3-də həmin universitetdə fəaliyyət göstərən Soyuq Müharibə Tarixi Mərkəzinin direktoru, tanınmış alim professor Mark Kramerin redaktorluğu ilə nəşr olunmuşdur. Onun 2015-ci ildə nəşr etdirdiyi “İkinci Dünya müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939-1945) “adlı monoqrafiyası alimin çox illik elmi araşdırmalarının nəticəsidir. 1991-ci ilin sonlarında Şimali Azərbaycan ərazisində dövlət müstəqilliyi bərpa edildi və xalqımızın bu ərazidə yaşayan qisminin ən azı 170 illik tarixi (Rusiya imperiyası və Sovet ittifaqı tərkibində olduğu böyük bir dövrü) total tənqidlərə məruz qaldı. Bu tarixin müsbət fakt və hadisələri nəzərə alınmadı, mənfi faktlar, hadisələr önə çıxarıldı və emosianal tənqid (bəzi hallarda təhqir)mühitində unuduldu ki, bu, eyni zamanda Şimali Azərbaycan türklərinin, müsəlmanlarının tarixidir. Xalqın tarixinə bu “məntiqlə” yanaşmaq olmaz. Həmin “məntiqə” əsaslanmaqla Azərbaycan xalqının (və yaxud onun bir qisminin) müxtəlif imperiyalar (Əhəməni, Sasani, Ərəb Xilafəti, Səlcuqilər, Hülakular, Osmanlı, Rusiya, SSRİ) daxilində keçmiş həyatını, illərini, əsrlərini onun tarixindən silə bilərək. Bir həqiqəti unutmayaq ki, Azərbaycan məhz zəngin təbii ehtiyatları, iqtisadi imkanları, coğrafi şəraiti və strateji mövqeyi xalqın ictimai-siyasi, mədəni-mənəvi potensialı sayəsində əsrlər boyu Yaxın və Orta Şərqin fəal subyekti olmuşdur. Bu baximdan Cəmil Həsənlinin “İkinci Dünya muharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939-1945)” adlı monoqrafiyası “imzalar içində millətimizin imzasının“ aşkara çıxarılmasına xidmət edir və xalqın tarixinə daha ciddi yanaşmanın parlaq nümunəsini ortaya qoyur.
Cəmil Həsənlinin 540 səhifədən və 9 fəsildən ibarət olan bu monoqrafiyasında 1939-1945-ci illərin ən mühüm Azərbaycan gerçəklikləri öz əksini tapmışdır. Əsərdə böyük dövlətlərin (ABŞ, SSRİ, Böyük Britaniya, Almaniya) Azərbaycanla bağlı planları, İkinci Dünya müharibasinda Bakı neftinin rolu və dünya siyasətində onun yeri, Sovet rəsmi dairələrinin SSRİ-nin cənub sərhədlərini genişləndirmək arzuları, Cənubi Qafqaz respublikalarının “Soyuq müharibə” obyektinə çevrilməsi, Cənubi Azərbaycanda milli oyanış hərəkatı, bu hərəkata Sovet Azərbaycanı rəhbərliyinin fəal dəstəyi, fars şovinizmi mövqeyində olan İran rəsmi dairələrinin türk əhalisinə qarşı basqı siyasəti, Qərbin böyük dövlətlərinin və SSRİ rəhbərliyinin “Azərbaycan məsələsinə” məkrli münasibəti, Şimali Azərbaycan rəhbərliyinin regional siyasətdə fəallığı, İkinci Dünya müharibəsi dövründə Azərbaycan müharicətinin hərbi, siyasi və diplomatikaddımları dövrün rəsmi sənədləri, arxiv materialları, xarici ölkələrdə nəşr olunmuş elmi ədəbiyyat əsasında, geniş şəkildə tədqiq edilmişdir. Şimali Azərbaycanın iqtisadi potensialının dərk olunması, onun dünya güclərinin cazibə mərkəzinə çevrilməsinin səbəblərini öyrənmək üçün Cəmil Həsənlini monoqrafiyasında nəzərə çatdırılan bəzi tarixi faktların xatırlanması kifayətdir:1938-ci ilin rəsmi məlumatına görə, həmin ildə Sovet İttifaqında 29 milyon 450 min ton neft hasil olunmuşdu və bu neftin 21 milyon 500 min tonu Azərbaycan SSRİ-in payına düşürdü. 1939-cu ildə Azərbaycan SSR üzrə bu rəqəm 21 milyon 630 min tona, 1941-ci ildə isə 23 milyon tona çatmışdı və dünyanı heyrətləndirən bu göstərici SSRİ-də neft hasilatının 75 faizində artıq idi (Bax: Cəmil Həsənli. İkinci Dünya muharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939-1945). Bakı, 2015, s.7). Sovet Azərbaycanında hasil olunan, emal edilən neft strateji yanacaq növünə çevrilmişdi, müharibə şəraitində SSRİ-nin başlıca qüdrət mənbəyi idi və bir çox böyük dövlətlərin rəsmi dairələri Bakı neftinə sahib çıxmaq xəyalına düşmüşdülər. Cəmil Həsənli mühüm elmi araşdırmalarının başlıca nəticələrini oxucuların nəzərinə artıq əsərin “Müqəddimə” hissəsində çatdırır: Ona görə də digər sovet respublikaları ilə müqayisədə Azərbaycan İkinci Dünya müharibəsi dövrünün diplomatiyasına bir qədər tez daxil oldu. Bakı neftinin dünya siyasətində alışdırıcı maddəyə çevrilməsi Sovet Azərbaycanın müharibənin ilk günlərində etibarən dövlətlərarası müzakirələrə daxil etdi. Bu, ilk növbədə başlanmış hərbi əməliyyatlarda neftin rolunun artması və Bakı nefti haqqında hərbi blokların gizli planları ilə bağlı idi. (Bax: Cəmil Həsənli. Göstərilən əsəri, s.7). Bircə onu əlavə edək ki, həmin dövrdə rəsmən federativ dövlətin “Subyekti” olmuş, dünya siyasətinin, diplomatiyasının müəyyən məqamında “subyektə” çevrlmiş Sovet Azərbaycanı əslində həm Sovet rəsmi dairələri, həm böyük Qərb dövlətlərinin başçıları, həm də qarşı-qarşıya duran hərbi-siyasi bloklar arasında qalmış İran dövlət xadimləri üçün mühüm obyekt olmuşdur…
Cəmil Həsənlinin moroqrafiyasının birinci fəsli (s.18-45) İkinci Dünya müharibəsinin başlanması və müttəfiqlərin Bakı şəhərini bombardıman etmək planları ilə bağlı olan məsələlərin təhlilinə həsr edilmişdir. Tədqiqatçı mötbər qaynaqlara əsalanaraq belə bir nəticəyə gəlmişdir ki, İkinci Dünya müharibəsində qarşı-qarşıya dayanmış tərəflərin Bakı şəhərini bombardıman etmək planları olmuşdur. Hətta ruslar Bakı neft mədənlərinin Almaniya tərəfindən ələ keçirilməsi təhlükəsi yaranacağı halda bu mədənləri məhv etmək planlarını nəzərdən keçirdilər. Müəllif yazır ki, “İkinci Dünya müharibəsi başlandıqda Azərbaycan və onun zəngin neft ehtiyatları vuruşan ölkələrin hərbi, siyasi və strateji planlarına daxil idi”. (Cəmil Həsənli.Göstərilən əsəri, s.45). Beləliklə, Azərbaycan xalqının bir qisminin gələcək taleyi Bakı neft mədənlərini bombardıman etmək planlarını hazırlaşmış dövlətlərin rəsmi dairələrini maraqlandırmırdı. Əsəri oxuduqca aydın olur ki, istər ingilis-fransız müttəfiqləri olsun, istər Almaniya, Bakı nefti haqqında mühüm kəşfiyyat məlumatlarını ermənilərdən alır və Bakıya qarşı diversiya törədilməsində onların xidmətlərindən yararlanmağı planlaşdırırdılar.
Əsərin ikinci fəslində (s.46-104) Cənubi Azərbaycan məsələsinin gündəmə gəlməsinə xüsusi diqqət yetirilir, Sovet Azərbaycanı missiyasının Təbrizdə fəaliyyəti, bu fəaliyyətin nəticələri nəzərə çatdırılır. 1941-ci ilin avqust ayının 25-də Sovet ordu hissələrinin İran (daha doğrusu Cənubi Aərbaycan) ərazisinə müdaxiləsi əski sovet tarix ədəbiyyatında “yaxınlaşan fəlakəti aradan qaldırmaq üçün həyata keçirilmiş önləyici tədbir” kimi təqdim olunurdu. Cəmil Həsənlinin monoqrafiyasında tutarlı surətdə sübutda edilir ki,həmin müdaxilə Sovet rəsmi dairələrinin SSRİ ərazisini cənub istiqamətində beynəlxalq şəraitini imkan verdiyi dərəcədə genişləndirmək arzusundan doğmuşdu. Bu arzu isə Azərbaycan xalqının bütövləşməsi ümidini yaratmışdı. Lakin bu sovet arzusunun və azərbaycanlıların ümidlərinin gerçəkləşməsini istəməyən qüvvələrin dairəsi daha geniş və güclü idi. Kitabda qeyd edilir ki, “Sovet Azərbyacanının siyasi işçilərinin 1941-ci ilin avqustundan Sovet ordularının, SSRİ-nin diplomatik idarələrinin tərkibində Cənubi Azərbyacanda apardığı hərbi, siyasi, milli, mədəni və diplomatik iş izsiz ötüşmədi. Bu iş az sonra Cənubi Azərbaycanda əhalinin geniş dairələrinin ictimai-siyasi proseslərə qoşulması ilə nəticələndi (Bax: Cəmil Həsənli. Göstərilən əsəri, s.104).
Cəmil Həsənlinin monoqrafiyasının ikinci fəslində diqqəti cəlb edən fakt 1941-ci ilin avqust-sentyabr aylarında İran və Türkiyə mətbuatında Azərbaycanla bağlı olan yazılara Azərbaycan KP MK-nın birinci katibi M.C Bağıronın Sərt münasibət bildirməsidir. O, bununla bağlı Təbrizdən, Sovet Azərbaycanı işçilərindən aldığı məlumatla tanış olduqdan sonra demişdi: “ İndi Cənubi Azərbaycanlılara təzə sahib çıxıb, o da ibarət olsun Osmanlı türklərindən. Yəqin onlara indi xəbər çatmışdır ki, Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar onların doğmalarıdırlar. Bilmirəm, bu vaxta qədər onlar harada imişlər? Bu vaxta qədər onların qarşısını kim kəsirdi? İş o yerə gəlib çatmışdır ki, Tehran ilə Ankara bir-birilə mübahisəyə başlamışlar. Guya 5 milyon Azərbaycan xalqı sahibsiz qalmışdır… Ortalığa bölhaböl məsələsi düşmüşdür… Tehran bu məsələdə özünü itirmiş və etiraf etməyə məcbur olmuşdur ki, əgər min illərlə böyük dövlətə, tarixə malik olan bir xalq varsa, o da azərbaycanlılarda” (Cəmil Həsənli. Göstərilən əsəri, s. 82-83). Fikrimizcə, bu məqamda M.C.Bağırovun prinsipial mövqeyi dəyərləndirilməlidir.
Əsərin üçüncü fəslində (s.105-178) 1944-cü ildə Azərbaycan SSR Xarici İşlər Komissarlığının fəaliyyətə başlamasından, Yaxın Şərq ölkələrində sovet siyasətinin fəallaşmasında Azərbaycanın mövqeyindən və rolundan bəhs edilir. Oxucu 1923-cü ildə fəaliyyəti dayandırılmış respublika xarici siyasət idarəsinin İkinci Dünya müharibəsi illərində yenidən fəaliyyətə başlaması haqqında müfəssəl məlumatı ilk dəfə bu əsərdən öyrənə bilər. Eyni zamanda bu fəsildə təhlil edilən Təbrizdəki Amerika konsulluğunun Azərbaycanın siyasi, sosial və iqtisadi həyatına dair memorandumu (sənəd ABŞ Milli Arxivi və Sənədlər İdarəsində saxlanılır) regiona Birləşmiş Ştatların marağını əks etdirir. Monoqrafiyanın dördüncü fəsli (s.179-219) SSRİ-nin Yaxın Şərqdə neft maraqlarına və bu maraların həyata keçirilməsində Azərbaycanın roluna, beşinci fəsli (s. 220-267) İkinci Dünya müharibəsinin son mərhələsində Sovet Azərbaycanın xarici siyasətinə həsr edilmişdir. Cəmil Həsənlinin kitabının altıncı fəslində (s.268-324) İkinci Dünya müharibəsi dövründə Azərbaycan mühacirətinin Almaniya ilə əlaqələri nəzərdən keçirilir, araşdırılır. Bu fəsildən anlaşılır ki, Almaniyanın rəsmi dairləri mühacirətdə olan Azərbaycan övladlarına “vasitə” kimi yanaşmağa üstünlük vermişlər. Azərbaycan mühacirlərinin, legionerlərinin fəaliyyəti bu fəsildə özünün geniş əksini tapmışdır. Bu fəsildə müəllif Azərbaycan mühacirəti ilə bağlı müxtəlif dünya arxivlərində saxlanılan son dərəcə nadir sənədləri araşdırmaya cəlb etmiş və maraqlı ümumiləşdirmələr aparmışdır. Əsərin altıncı fəsilində məlum olur ki, İkinci Dünya müharibəsinin başa çatmasında bir az öncə müttəfiqlərin Yalta (Krım) konferansında (1945-ci ilin fevralın ayının 4-11-də keçirilmişdir) sonra Almaniya ordularının tərkibində döyüşmüş əski sovet əsirlərinin, o cümlədən Azərbaycan legionerlərinin bir qismi Sovet İttifaqına təslim edildi, bu legionerlərin müəyyən hissəsi böyük çətinliklə Türkiyə Cümhuriyyətində yerləşdi, onların qalan qismi isə müxtəlif Qərb ölkələrinə səpələnməli oldu. “Təxmini hesablamalara görə, Almaniya təslim olanda Qərb müttəfiqlərinin əlində 28 min azərbaycanlı legioner var idi. Bunlardan yalnız 800 nəfəri Qərb ölkələrində daldalana bildi, qalanları Qərb müttəfiqləri tərəfindən Sovet hərbi və hakimiyyət orqanlarına təslim edildi” (Cəmil Həsənli. Göstərilən əsəri, s.323). Müəllifin ABŞ-ın Huver institutunda saxlanılan Rusiya, Qafqaz və Azərbaycan mühacirlərinin sənədlərindən istifadə etməsi onun əsərini çox maraqlı etmişdir.
Cəmil Həsənlinin monoqrafiyasının yeddinci fəslində (s.325-380) İkinci Dünya müharibəsi başa çatdiqdan sonra Sovet rəsmi dairələrinin SSRİ-ni ərazi baxımından genişləndirmək siyasətindən və Azərbaycanın bu siyasətdəki mövqeyindən bəhs olunur. Bu fəsildə Bakının xarici siyasətində “İki Azərbaycanın birləşdirilməsi” ideyasının üstün istiqamətə çevrilməsinə xüsusi diqqət yetirilir. “Azərbaycanın birləşdirilməsi” ideyasının gerçəkləşdirilməsi naminə Şimali Azərbaycanda və SSRİ-nin Moskva, Leninqrad (Sankt-Peterburq) kimi elm mərkəzlərində rəsmi sifarişlə yeni tarixi əsərlər yazılıb nəşr olundu. Professor Həsənlinin əsərində (s.348-355) bu tarix ədəbiyyatı ilə bağlı olan məlumatlar mütəxəssislər və geniş oxucu kütləsi üşün maraqlı məqamlar vardır. Cənubi Azərbaycanda Sovet təsirindən, Azərbaycan milli hərakatından vahiməyə düşmüş qüvvələr İkinci Dünya müharibəsi başa çatdıqdan sonra da üstünlük qazandılar. Nəticədə Cənubi Azərbaycanda baş verənlər sovet rəsmilərini imperiyanı genişləndirmək cəhdləri kimi qiymətləndirildi və son olaraq Azərbaycan fədailərinin ölkəni birləşdirmək arzuları reallaşmadı.
Əsərin 8-ci fəslində (s.381-441)Moskvanın və Bakının Cənubi Azərbaycan Milli Hökümətinə münasibətindən, bu münasibətin fərqli və oxşar cəhətlərindən bəhs olunur. Cəmil Həsənli bu məqamda tədqiqatçı Fernando Şaydın mülahizələrinə də əsaslanır. Fernando Şayd sovet diplomatlarının bu dövrdəki davranışı haqqında yazmışdır: “Sovet əttifaqı Cənubi Azərbaycandakı bu prosesi son dərəcə konspirasiya şəraitində aparmağa cəhd göstərirdi və çox az sayda adam Moskvanın Azərbaycan hadisələrində faktiki iştirakından məlumatlı idi… İrana münasibətdə Stalin Qərb müttəfiqləri ilə münasibtləri pozmağa risk etmədən, daha çox şey ələ keçirmək üçün Azərbaycan millətçiliyindən ənənəvi güc nümayişində bəhanə kartı kimi istifadə etməyi qərara almışdı” (Cəmil Həsənli.Göstərilən əsəri, s.440). Monoqrafiyanın doqquzuncu fəsli (s. 442-515) Cənubi Qafqaz sovet respublikalarının ərazi iddialarına və Azərbaycan məsələsinin beynəlxalq müzakirə obyektinə çevrilməsinə həsr edilmişdir. Bu fəsildə ermənilərin Türkiyə və Sovet Azərbaycanına qarşı ərazi iddiaları nəzərdən keçirilir, Moskvanın bu məsələdə onları dəstəklədiyi qeyd edilir. Əsərin nəticəsində (s.517-522) müəllif qeyd edir ki, “aparılan tədqiqat işləri nəticəsində müəyyən edildi ki, 1945-ci ilin ortalarından başlayaraq Bakıya ABŞ, Britaniya və digər Qərb ölkələrindən çox nüfuzlu nümayəndə heyətləri səfər etmişdir. Sovet İttifaqına gələn bu heyətlərin Moskvadan kənar marşurut kimi Azərbaycan SSR-nin paytaxtını seçmələri respublikanın beynəlxalq ictimai rəydə oynadığı rol və siyasi müzakirələrdəki yeri ilə bağlı idi. Burada iki amilin müəyyənedici rolunu qeyd etmək lazımdır. Bunun birincisi Bakı nefti, onun dünya müharibəsindəki müstəsna əhəmiyyəti, müharibədən sonrakı dövrdə neftə olan ehtiyacın kəskin şəkildə artması, ikincisi isə İran Azərbaycanı məsələsinin diplomatik müzakirələrə gəlməsi ilə bağlı idi” (Cəmil Həsənli.Göstərilən əsəri, s.440). Monoqrafiyanın doqquzuncu fəsli (s. 520-521).
Təbiidir ki, icmal səciyyəli kiçik yazıda Cəmil Həsənlinin “İkinci Dünya müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939-1945)”adli sanballı monoqrafiyası haqqında yalnız ümumi təsəvvür yaratmaq mümkündür. Zənn edirik ki, geniş oxucu kütləsi və mütəxəssislər Azərbaycan xalqının yaxın kecmişi ilə bağlı olan bir sıra məsələlərin həllini, bir çox fakt və hadisələrin təhlilini,tədqiqini, şərhini Cəmil müəllimin monoqrafiyasında tapa biləcəklər. Sonda görkəmli tarixçimizə elmi axtarışlarında yeni uğurlar və cansağlığı arzulayırıq!
Xeyirbəy Qasımov,
AMEA-nın A.A Bakıxanov adına Tarix İnstitunun aparıcı elmi işcisi,
tarix üzrə elmlər doktoru