BMT Əliyevi çətin duruma saldı

Hər zaman BMT-yə istinad edən hakimiyyət təşkilatdakı müzakirələrdə sərt tənqid olundu

Nurəddin Məmmədli: «BMT-dəki müzakirələr onu göstərir ki, Azərbaycandakı avtoritarlaşma siyasətinə total şəkildə təzyiqlər başlayıb»

Iyunun 16-də Isveçrənin Cenevrə şəhərində BMT-nin insan haqları Şurasının qərargahında “Azərbaycanda insan haqları, siyasi həbslər, sərbəst toplaşma azadlığı” mövzusunda müzakirə keçirilib. Müzakirələrdə Azərbaycandan olan jurnalistlər – Idrak Abbasov,ÿBeynəlxalq Media Dəstək qrupundan Gülnarə Axundova, Insan Haqları Evindən Florian Irminger, siyasi məhbuslar Leyla və Arif Yunusun qızı Dinarə Yunus, BMT-nin sərbəst toplaşmaq və birləşmək hüquqlarına dair xüsusi məruzəçisi Maina Kiai, insan haqları üzrə BMT nümayəndəsi Mişel Forst iştirak ediblər.
Maraqlıdır ki, Azərbaycan hakimiyyəti bir qayda olaraq ona yönələn tənqidi fikirlərə “ermənipərəst” damğası vurur. Amma o da nəzərə alınmalıdır ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına əvəzedici üzv seçiləndən sonra dövlət başçısı Ilham Əliyev bu təşkilatın mötəbərliyinin altından xüsusi xətt çəkirdi. Yəni BMT-nin obyektivliyini Azərbaycan hakimiyyəti də etiraf edirdi.
Artıq bu, Azərbaycanla bağlı mötəbər təşkilatda keçirilən necənci müzakirədir. Bundan əvvəl Azərbaycanda insan haqları və demokratiyanın durumu Avropa Parlamentində, Avropa Şurasında, ABŞ Senatında və Almaniya Bundestaqında müzakirəyə çıxarılıb. Bu müzakirələrin hər birində ölkədəki durum sərt tənqid edilərək, Azərbaycan hökumətinə bir sıra zəruri addımların atılması tövsiyə olunub.
BMT-nin ekspertinin bu yaxınlarda Azərbaycan hakimiyyətini diktatura adlandırması da, heç şübhəsiz, təsadüfi dəyərləndirilməməlidir. Bakıda keçiriləcək Avropa Oyunlarının başlanmasına bir neçə gün qalmış BMT baş katibinin idman məsələləri üzrə xüsusi müşaviri Vilfrid Lemke hələ də Azərbaycanda vəziyyətin dəyişəcəyinə ümid etdiyini bildirib. “Azərbaycanda şübhəsiz ki, diktatura hökm sürür. Bununla belə, ümid edirəm ki, bu idman yarışı vasitəsilə dəyişiklik etmək şansı var. Mən hesab edirəm ki, proseslərə tənqidi baxımdan yanaşmaq mətbuatın hüququdur. Bakıda Avropa Oyunlarının açılış günündə Almaniya Bundestaqı Azərbaycanda insan hüquq və azadlıqlarının durumu ilə bağlı məsələyə baxacaq. Hələ aprelin sonlarında Bundestaqın Yaşıllar fraksiyası Almaniya hökumətinə Azərbaycandakı repressiyalarla bağlı sorğu təqdim edib”,- deyə Vilfrid Lemke Almaniyanın “Di Velt” qəzetinə açıqlamasında bildirib.
Dünənki müzakirələrdə diqqət çəkən çıxışlardan birini BMT Ali Komissarı Zeyd Raad əl-Hüseyn edib. O, bir sıra postsovet ölkələrini QHT və vətəndaş fəallarının təqibinə son qoymağa çağırıb. O, Azərbaycanda siyasi məhbuslara dəstək ifadə edib və Mərkəzi Asiyanın bir sıra ölkələrinin QHT-lərə qarşı yönəlmiş qanun layihələrini pisləyib. Azərbaycandakı vəziyyətə toxunan komissar bildirib ki, ədalətli məhkəmə hüququnun pozulması və vicdan məhbuslarının məhkəməöncəsi uzun müddət həbsdə saxlanılması haqqında məlumatlardan narahatdır. “Mən hakimiyyəti humanitar baxımdan səhhətində problem olanları azadlığa buraxmağa, həmçinin yalnız öz hüquqlarını həyata keçirdiyinə görə azadlıqları əlindən alınmış şəxsləri əfv etməyə və onlara qarşı ittihamları ləğv etməyə çağırıram”, deyə Ali Komissar bildirib.

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, beynəlxalq təşkilatların bir-birinin ardınca Azərbaycandakı durumu müzakirəyə çıxarması Azərbaycan hakimiyyətinin islah olunmaması ilə bağlıdır. Azərbaycanın Avropa Şurasına daxil olan gündən üzərinə götürdüyü öhdəliklərin az bir hissəsini yerinə yetirdiyini deyən N.Məmmədli vurğuladı ki, hakimiyyət getdikcə vəziyyəti daha da tündləşdirir: “Bu gün artıq bütün səviyyələrdə, həm ayrı-aryı ölkələrin parlamentləri, həm də nüfuzlu beynəlxalq təşkilatlar miqyasında Azərbaycandakı vəziyyət müzakirə olunur. Məqsəd Azərbaycan hökumətinin islaholunmazlığını aradan qaldırmaqdır. Çünki Azərbaycan hakimiyyəti bütün təzyiqlərdən, tənqidlərdən nəticə çıxarmaq istəyindən çox-çox uzaqdır. Hakimiyyət faktiki olaraq hamıya ermənipərəst damğası vurmaqla məşğuldur”.
N.Məmmədlinin fikrincə, hakimiyyətin bu siyasətinin heç bir perspektivi yoxdur. Çünki, bütün dünya ilə müharibə aparmaq Azərbaycan hakimiyyətinin bacara biləcəyi iş deyil. BMT-dəki bu müzakirələr onu göstərir ki, Azərbaycandakı avtoritarlaşma siyasətinə total şəkildə təzyiqlər başlayıb: “Bütün müzakirələr, çıxarılan qətnamələr artıq Azərbaycana qarşı sərt addımların atıla biləcəyi perspektivini ehtimal etməyə imkan verir. Bu mənada məhz son dövrlərdə Almaniya Bundestaqının Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni çox önəmli sayıram. Azərbaycan hakimiyyəti Almaniya hökumətini ermənipərəstlikdə ittiham edə bilməz. Çünki Almaniya yeganə ölkədir ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və Ermənistanın bu əraziləri işğal etdiyini bildirib. Avropa Birliyi də bu yol ilə gedir. Mənə elə gəlir ki, Almaniyanın bu qərarı ayrıca qəbul etməsi bütövlükdə Avropa Birliyinin razılaşdırılmış qərarı kimi qəbul olunmalıdır. Bundan sonra həm Avropa Birliyi, həm də bu təşkilata daxil olan ölkələr səviyyəsində Azərbaycana qarşı tədbirlər artacaq”.
Azərbaycan hakimiyyətinin yalnız sanksiyalar vasitəsilə islah oluna biləcəyini deyən N.Məmmədli vurğuladı ki, növbəti mərhələdə belə bir addımın atılacağı istisna edilmir.

Xəyal