Yeganə təsəllimiz medallardı

Hakimiyyətə yox, idmançılara təşəkkür düşür

Ölkəmizdə keçirilən Avropa Oyunlarında artıq ilkin nəticələr məlumdu. Bu sətirlər yazılanda Azərbaycan təmsilçiləri artıq 9-cu medalı qazanmışdı və bunların 4-ü qızıl medaldı.  Idmançılarımıza bundan sonrakı yarışlarda da uğurlar arzulayırıq.
Dəfələrlə qeyd etmişik ki, Avropa Oyunları Azərbaycanın büdcəsinə və imicinə xeyir gətirmədi. Əslində bunu hakimiyyət də etiraf edir.
Bu faktdır ki, ölkəmizə gələn nümayəndə heyətlərinin bütün xərclərini Azərbaycan tərəfi ödəyəcək. Yəni maliyyə baxımından bu oyunun keçirilməsi tam israfla nəticələndi. Ancaq başqa ölkələrdə belə yarışların keçirilməsi dövlətin büdcəsinə maliyyə axınını təmin edir. Bizim vəziyyətimiz isə toy edib, pul yığmayan adamın vəziyyətini xatırladır. Amma zərbə təkcə bununla da məhdudlaşmır. Avropa Oyunları ərəfəsində Azərbaycan hakimiyyəti bütün dünya ilə soyuq münasibətlərə keçdi. Məhz buna görə də Avropa liderləri tədbirin açılış mərasiminə qatılmadılar. Bütün dünya Azərbaycanda siyasi məhbusların olduğunu, repressiv bir hakimiyyətin mövcudluğunu tirajladı və Azərbaycan hakimiyyətindən adekvat addımlar tələb etdi. Hakimiyyət isə bu fürsəti dəyərləndirmədi və ölkənin imicini hikkəsinə qurban verdi.
Bu qədər ağır zərbələrdən sonra yeganə təsəllimiz idmançılarımızın qələbəsi ola bilərdi. Yəni hakimiyyətin yarıtmaz siyasətinin nəticələrini, idmançılarımızın uğurları ilə təsəlliyə çevirə bilərdik.
Şükürlər olsun ki, idmançılarımız artıq 9 medal qazanıblar və  ümid edirik ki, qələbə xəbərləri davamlı olacaq.
Sanki hakimiyyətin vurub dağıtdıqlarını idmançılar sığortalamağa çalışır. Təbii ki, ölkənin bu ağır vəziyyətə düşməsi birbaşa hakimiyyətin günahıdır. Idmançılar isə bütün hallarda himnimizin oxunmasına, bayrağımızın qalxmasına töhfə verirlər.
Nə yaxşı ki, idmançılarımızın qələbələrini görürük. Yoxsa, təsəlli üçün heç bir səbəb olmazdı.
Azərbaycan vətəndaşlarına sevinc bəxş etdikləri üçün idmançılarımıza təşəkkür edirik. Bu, idmançılarımızın öz qazancıdır və onlara edilən təşəkkürlərdə hakimiyyətin payı yoxdur.