elnurastanbeyli@gmail.com
Azərbaycan – 2015
Solçusu oliqarx pulları ilə kişnəyən, liberalı monopoliyadan “paket” alıb tərif deyən, millətçisi Ziyanın, Kəmaləddinin, Bəylərin əlinə baxan, dinçisi heykələ baş əyən ölkəm vay, ölkəm vay…
***
Avropa Oyunlarının məşəli
Əsl məşəl – azad və ədalətli, korrupsiyasız və klansız, yalansız və talansız bir ölkə üçün yanan ürəkdir.
***
Arzuya bax, sevgilim!
Kaş Azərbaycan kimi ölkələrdə yaşayanların ayrıcalığı ola, hər cür zülmdən, yalandan, yaltaqlıqdan, riyakarlıqdan, saxtakarlıqdan bezib, yorulub əldən düşəndə qayıdıb deyə biləsən: “Vaxtımı saxloooon!”
Göylər səni eşidə, beləcə, sən də yerdə qalan ömrünü ölkə düzələndən sonraya saxlayasan…
***
Hamı sussa da…
Heç vaxt yadımdan çıxmaz.
Ölümünə bir neçə gün qalmış babam artıq işin nə yerdə olduğunu anlamış olmalı idi ki, böyür-başına yığışan doğmalara elə beləcə də dedi:
– Məni yola yaxın yerə basdırın. Hərdən qulağım səs eşitsin.
Dediyi kimi də oldu.
Indi o, qəbristanlığın yola yaxın bir yerində uyuyur.
Amma əlbəttə, o vaxt hər kəs başa düşürdü ki, bu, gedər-gəlməz bir səfər üstə olan adamın özünə təsəllisindən başqa bir şey deyil. Mən də hiss edirdim ki, onu ölümdən çox, qaranlıq, kimsəsiz məzardakı səssizlik ürpəşdirir, elə bilir ki, yol kənarında dəfn olunmaqla hər şey tamamilə başqa cür olacaq.Dediyim odur ki: lap belə hamını susdurmaqla da heç bir dərd həll olunmur.
Hətta ölülər də sükuta nifrət edirlər…
Başa düşün artıq bunu, başa düşün!
***
Iki karın söhbəti
– Mühacirətə gedirsən?
– Yox, mühacirətə gedirəm.
– Hə, elə bildim mühacirətə gedirsən.
***
Allahın izni
“Allahın izni olmasa heç kim Kəbə evinə daxil ola bilməz. Bu bizim cənab prezidentimizə qismət oldu. Mən bu kadrları görəndə ağladım. Bir saatdan çox gözümdən yaş gəlib”. (Hacı Qalib Salahzadə, yapçı deputat, 8 aprel, 2015)
***
Səfehliyin son həddi
Belə səfeh düşüncədə olanlar var: “Ona görə müxalifətçidir ki, lideri prezident olsun, buna da bir gün ağlasın”.
Doğrudan da, insan axmaqlığının həddi-hüdudu yoxdur.
Axı dərdi pul, vəzifə, komfort həyat olan biri niyə özünü əziyyətə salıb, müxalifətçi olmalıdır (özü də Azərbaycan kimi qəddar rejimin at oynatdığı, müxaliftçiliyin ancaq məşəqqət, məhrumiyyət vəd etdiyi bir ölkədə!), işini şansa buraxmalıdır, nəğdi qoyub nisyə dalınca qaçmalıdır, bütün bunları elə hazırca yapçı olub əldə edə bilməzmi?!
***
Azərbaycansayağı minimalizm
Heç nəyimiz yoxdu.
Bircə adımız var.
Yetər ki, ona ləkə düşməsin…