Yaxud, hamını özünə oxşadan dəstə
Bu ölkədə çoxdandır ki, dəyərlərin yeri dəyişik düşüb. Şərin çaldığı havaya oynayanlar, yaltaqlığı peşə seçənlər, ədalətsizliyə tərif deyənlər vətənpərvərlik libasına bürünüblər. Vicdanlı, ləyaqətli, şərəfi ilə yaşayan insanlar isə təqiblərə, təzyiqlərə, məhrumiyyətlərə düçar olublar. Yəni, bu ölkədə şər xeyirin yerində əyləşib.
Vəziyyət o həddə çatıb ki, ləyaqətli insanlar ən iyrənc böhtanlarla üz-üzə qalıb. Bir müddət öncə Bakıda yanğın hadisəsi baş verdi. Təbii ki, hər bir vicdanlı vətəndaş bu hadisəyə münasibət bildirməli idi. Biz də qətiyyətlə çalışdıq ki, günahkarlar cəzalandırılsın, əsl həqiqətlər üzə çıxsın. Çünki, bu hadisənin kökü hakimiyyətə çatırdı. Amma 15 insanın ölümünə səbəb olmuş hadisəyə görə 5-ci dərəcəli insanlar cəzalandırıldı. Ölkənin real müxalifəti, müstəqil mətbuatı isə bu hadisənin üstünə yeridi və yeni-yeni faktlar üzə çıxardı. Təbii ki, bütün bu həqiqətlər hakimiyyətin xoşuna gəlmirdi. Ona görə də hakimiyyətin qazanından qidalananlar hücuma keçdilər və bu yanğın hadisəsinə görə müxalifətin sevindiyini söylədilər. Bəli, özlərinin çirkin əməllərinə haqq qazandırmaq üçün, manyak təfəkkürlərinin “məhsul”unu üzə çıxardılar. Hansıki, qanında insan qanı olan, içində vicdan daşıyan adam bu faciəyə sevinə bilməzdi. Hakimiyyət vicdanlı adamların qəzəbini sevinc kimi təqdim etməkdən çəkinmədi.
Bugünlərdə isə ölkəmizdə Avropa oyunlarına start verildi. Təbii ki, biz uzun müddətdi bu oyunlar haqqında yazırıq. Dəfələrlə qeyd etmişik ki, hakimiyyət bu oyunlardan istifadə edərək nə ölkənin imicini, nə də büdcəni yüksəldə bilmədi. Əksinə, bütün dünya ölkədəki repressiyalardan, korrupsiyadan yazdı. Bu oyunlar ölkəmizə 8 milyard dollara başa gəldi ki, sosial-iqtisadi vəziyyəti pis olan ölkə bu risqə getməməliydi. Yəni, bizim bütün tənqidlərimiz dövlətin və millətin maraqlarını ifadə edib. Məsələn, Avropa oyunlarının açılışına sərf olunan 100 milyon dollar ilə minlərlə ailənin evlə təmin etmək, yaxud məcburi müalicəyə ehtiyacı olan minlərlə vətəndaşı xaricdə müalicə etdirmək olardı. Amma hakimiyyət və onun əlaltıları bu dəfə də bizi inkişafı gözü götürməməkdə ittiham etdi. Guya, biz ölkəmizin inkişafından narahat oluruq. Axı, niyə narahat olmalıyıq. Bizim övladlarımız, qohumlarımız, yaxınlarımız bu ölkədə yaşamırmı? Bizim ömrümüz bu ölkədə sona yetməyəcəkmi? Deməli, ölkənin inkişafı hər bir vətəndaş üçün önəmlidir, gərəklidir. Amma YAP hakimiyyəti bir qrup komanda təmsilçisinin şəxsi büdcəsinin inkişafını, ölkənin inkişafı kimi təqdim edir ki, biz də bunu ifşa etməyə məcburuq. Həm də hakimiyyət özü də məcburən tənəzzülü etiraf edir. Əgər bir ölkədə təhsilin səviyyəsi sıfıra enibsə, 2.5 milyon vətəndaş kredit borcu ödəyirsə, 2 milyondan artıq insan dolanışıq üçün ölkə xaricinə üz tutursa, müəllim, həkim 150-200 manatın ümidinə qalıbsa, hər gün sosial-iqtisadi səbəblərdən intiharlar baş verirsə, bunu inkişaf kimi qəbul etmək riyakarlıqdır.
Demək istədiyimiz budur ki, hakimiyyət öz çirkin əməllərini sığortalamaq üçün, haqlı tənqidləri ləkələməklə məşğuldu.
Görünür, bunların manyak təfəkkürü elə formalaşıb ki, hamını özləri kimi qiymətləndirirlər. Yəni, özləri bir müxalifətçinin şərlənərək həbs edilməsinə, ağır xəstəliyə düçar olmasına sevindikləri üçün, başqalarına da eyni iyrəncliyi yaraşdıra bilirlər.
Bir sözlə, bu hakimiyyətin “istehsal” etdikləri normal təfəkkürün deyil, manyak təfəkkürün məhsuludur. Sona qədər insanları zombiləşdirmək öz talançılqlarına davam etmək üçün, bütün anti-insani addımları ata bilirlər.
Akif


