Almaniya Bundestaqının qətnaməsi iqtidarın «erməni şantajı»nı da alt-üst edib
Almaniya Bundestaqında Azərbaycanla bağlı qəbul olunmuş qətnamə YAP hakimiyyətini isterikaya salıb. Qeyd edək ki, qətnamədə siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad olunması, ölkədə demokratik islahatların keçirilməsi tələb olunur. Bundestaq bu qətnaməni qəbul edərkən Azərbaycan hakimiyyətinin ənənəvi “erməni şantajı”nı da alt-üst edib.
Sənəddə Azərbaycanın ərazi bütövlüyünün tanındığını, Ermənistanın işğalçı dövlət olduğu vurğulanıb. Beləliklə, Azərbaycan hakimiyyəti bu qətnaməni “erməni dəyirmanına su tökmək” kimi qiymətləndirməkdən məhrum olunub. Hakimiyyətin isterikaya düşməsinin bir səbəbi də elə budur.
Qətnamənin qəbulundan dərhal sonra Azərbaycanın Almaniyadakı səfirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, belə bir qətnamənin qəbulu Almaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir: “Bu hər şeydən əvvəl orada əksini tapan ittihamların düzgün olmaması və boş mülahizələrə əsaslanmasından qaynaqlanır. Qətnamənin qəbul olunması vaxtının ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının açılışı ilə bir vaxta düşməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu idman tədbirinin keçirilməsini kölgə altına almaq və bununla Azərbaycan-Almaniya, habelə Azərbaycan-Avropa Ittifaqı münasibətlərinə xələl gətirmək məqsədi daşıyır. Bu bizdə dərin təəssüf hissi doğurur”.
Səfirlik iddia edir ki, Azərbaycanda heç kim jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmayıb: “Almaniya Federativ Respublikasının ali siyasi orqanlarından olan Bundestaqın qeyri-dəqiq və səhv məlumatlara əsaslanaraq ölkəmizi ittiham etməsi qəbuledilməzdir”.
Bundan başqa Almaniyanın Bakıdakı səfiri Azərbaycan Xarici Işlər Nazirliyinə (XIN) çağırılıb. Ona qətnamə ilə bağlı qəti etiraz bildirilib.
XIN bununla kifayəylənməyərək ayrıca bəyanat yayıb.
“Dünən Almaniya Bundestaqında CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər Ittifaqı) və SPD (Sosial Demokratlar Partiyası) fraksiyalarının irəli sürdüyü ”Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək" adlı qətnamənin qəbulu Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir",- deyə bəyanatda bildirlir.
Bundestaqın qətnaməsi ilə bağlı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclası keçirilib. Iclasın yekunu olaraq Bundestaqın bu addımını pisləyən bəyanat qəbul olunub.


