Gül alıb-satmanın zamanı…

Bülbül kaca aldın gülün narhını,
Gül alıb satmanın zamanı deyil…

Gözəl bir türkünün sözləridir. Amma həyatını bir bazarlıq üstündə qurmuş adamlar var ki, onlar alış-veriş olan yerdə heç bir fürsəti qaçırmazlar. Nəinki gülü, üstündə bülbülün özünü də satarlar. Necə ki, satmağa hazırlaşırlar da. Xülasə, hamının başı olimpiya oyunlarına qarışıb, amma bu qarışıqlıqda xoşagəlməz şeylər baş verir, xəbəriniz olsun. Nə kimi? Şəhərin mərkəzindəki Botanika bağının başına gələnlər kimi. Xatırlayırsınızsa, keçən il mətbuatda bu “yaşıl vadi”yə göz dikənlər haqqında ciddi siqnallar verilmişdi. O vaxt həmin qoruq sahəyə tamah salanların kimliyi üzə çıxmadı, amma məsələnin ciddi olduğu da şübhə doğurmadı.

Tarixi uzun illərə dayanan bağ o zaman başının üstünü almış qara buludları atlatdı. Amma asan da olmadı. Dirəniş göstərən akademik adlar ölkə başçısı səviyyəsinə qədər qaldırdılar məsələni. Indi üstündən xeyli vaxt keçib, hadisənin unudulduğunu düşünən naməlum qüvvələr yenidən hərəkətə gəliblər anlaşılan…

Ötən həftə qəzetimizdə Botanika bağının taleyi ilə bağlı ciddi narahatlıq doğuran reportaj getmişdi. Görünən odur ki, problem əvvəlki qaydada davam etdirilir. Hansı dağın arxasında gizlənən qara divsə suyun qarşısını kəsib bağı yandırır. Yayın bu cırhacırında ağaclar, otlar, çiçəklər susuzluqdan quruyur. Suyun qarşısını kəsənin kimlər olduğunu müəyyənləşdirmək də bir müəmmaya çevrilib deyildiyi kimi. Nə Səbail rayon su idarəsi, nə “Azərsu” bağ rəhbərliyinin sorğularına cavab vermir. Xülasə, artıq tarixi qoruğun işçiləri də bu işin arxasında “yaşıl vadi”yə göz qoyanların dayandığına şübhə ilə yanaşmırlar. Kimdir onlar? Dəqiq bilən yoxdur, böyük ehtimalla səfalı ərazini şumlayıb yerində “göydələn ansamblı” inşa etmək istəyən hansısa oliqarx.

Ilk dəfə məlum təhlükə yarananda yazmışdım. Bir daha hər kəsin diqqətini bu məsələnin üzərinə çəkmək istəyirəm. Illər öncə bənzər hadisə Montin bazarının yaxınlığındakı böyük sahəni əhatə edən yaşıl park ilə bağlı baş vermişdi. Bir səhər oyanıb, yaşadığımız binanın qarşısındakı həmin yaşıl parkın tamamən hasarlandığını görmüşdük. Sonra da onu hissə-hissə bölüb satdılar, ağaclarını doğrayıb tökdülər və yerində “böyük” adamların böyük mülkləri peyda oldu. Indi bənzər plan ölkənin milli sərvəti sayılan bu bağın üzərində qurulub. Nəfsi doymayanlar, mərhəmətini, insanlığını itirənlər indi də bu yaşıl cənnəti göz görə-görə qurudub qarmaqlarına keçirmək istəyirlər. O “yaşıl vadi” də bu ölkənin qızıl fondu olan nə qədər qiymətli quşlar, bitkilər, çiçəklər var, bilirsiniz? Bu “böyük iş”in arxasında kimlər durursa dursun, onların əlləri kimlərin ətəyində olursa olsun, həmin sərvətin talanmasına yol verməməliyik. Vicdanı, insanlığı, vətən sevgisi olan heç kimsə bu məsələyə duyğusuz yanaşa bilməz. Çünki biz izin verdikcə, başımıza daha böyük bəlalar gəlir. Bunu anlamaq o qədərmi çətindir? Əslində, anlamaq niyə çətin olmalıdır ki:

“Bir ağac bir meşənin başlanğıcı ola bilər. Bir quş, baharın müjdəçisi ola bilər. Bir ulduz dənizdə bir gəmiyə yön göstərə bilər. Bir tək kəlmə, böyük bir idealı anlada bilər. Bir şam qaranlığı uda bilər. Bir gülüş hüznü fəth edə bilər. Bir addım uzun bir yolçuluğu başlada bilər. Bir yaşam çox şeyi dəyişdirə bilər. Görürsən ki… Hər şey sənə bağlı! Nə qədər önəmli olduğunuzu əsla unutmayın!..”(Margo Daniel)