Daşqın böyük dağıntılara səbəb oldu, 24 nəfər itkin düşdü, 300-ə yaxın insan evsiz-eşiksiz qaldı
Heyvanxana dağıldı, vəhşi heyvanlar şəhərin küçələrinə qaçdı
Dünən Tiflis son illərin ən ağır günlərindən birini yaşayıb. Gürcüstanın paytaxtı təbii fəlakətə təslim olub. Bazar günü gecə saatlarından başlayan güclü yağıntı və şiddətli fırtınanın yaratdığı daşqın Tiflisin əsas küçə və meydanlarını suya qərq edib. Son məlumatlara görə, fəlakət nəticəsində 12 nəfər həyatını itirib, 24 nəfər itkin düşüb. İtkin düşənlərin sağ tapılıb-tapılmayacağı bəlli deyil. Hadisə nəticəsində onlarla ailə evsiz qalıb, bir çox insan təhlükəsizlik baxımından yaşadığı yeri tərk edib. 100-dən çox şəxsi mülk, əksər binaların birinci mərtəbələri və zirzəmiləri, həmçinin paytaxtdakı yeraltı keçidlər su altında qalıb. Tiflis meri David Narmania ölənlərin ailələrinə başsağlığı verərək bütün zərərçəkənlərə yardım olunacağını bildirib. Fəlakətlə əlaqədar paytaxtda fövqəladə qərargah yaradılıb.
Zooparkı su basdı, yırtıcı heyvanlar şəhərə axışdı
Daşqınlar şəhər zooparkını da dağıdıb və 30 yırtıcı da daxil olmaqla heyvanlar şəhərə axışıb. Zooparkın ərazisindən isə üç nəfərin meyiti tapılıb. Polis əhalini təhlükə barədə xəbərdar edərək evlərdən çıxmamağı tövsiyə edib. İlkin tədbirlər nəticəsində heyvanların bir qismi şəhərdən təmizlənib.
Daşqın nəticəsində bir çox ofislər də su altında qalıb. Şəhərin bir hissəsində qazın verilişi dayandırılıb. 22 min ailə isə işıqsız qalıb. Xilasetmə xidmətləri daşqının qarşısını almaq və fəlakətin nəticələrini aradan qaldırmaq üçün fövqəladə recimdə işləyir.
Saakaşvili: «Tiflisin durumunu görəndə ürəyim partlayır»
«Tiflisin durumunu görəndə ürəyim partlayır. Təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm». Bunu Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin başçısı Mixail Saakaşvili ölkəsindəki məlum fəlakətə münasibət bildirərkən deyib. O həmçinin bildirib ki, Ukrayna daxili işlər naziri Arseni Avakovla telefon əlaqəsi saxlayaraq Gürcüstana yardım etməyin mümkün olub-olmadığını soruşub: "Mənə dedi ki, Ukraynanın fövqəladə xidməti Gürcüstana yardım etməyə hazırdır".
Ukrayna köməyə hazırdır
Ukraynanın baş naziri Arseni Yatsenyuk gürcü həmkarı İrakli Qaribaşvili ilə telefon əlaqəsi saxlayaraq bütün ölkə vətəndaşlarına məlum fəlakətlə bağlı başsağlığı verib. Yatsenyuk gürcü xalqına lazımi köməyi göstərməyə hazır olduqlarını bildirib. Hökumət başçıları belə qərara gəliblər ki, zərurət yaranacağı təqdirdə humanitar yardım göstərməsi üçün Ukrayna tərəfinə müraciət olunsun.
Gürcüstandakı fəlakətdə ölənlərlə əlaqədar 15 iyun ölkədə matəm günü elan edilib. Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili məlumat verib: «Təəssüf ki, ölənlər var. Bu böyük faciədir. Həlak olanların yaxınlarına və ailələrinə başsağlığı verirəm. 15 iyunun matəm günü elan olunması barədə Gürcüstan hökumətinin sərəncamı var». Latviya baş naziri Laymdota Strauyuma da gürcü həmkarı İrakli Qaribaşvili ilə telefon əlaqəsi yaradaraq baş verənlərdən kədərləndiyini bildirib və gürcü xalqına başsağlığı verib. Latviya Xarici İşlər Nazirliyi də Gürcüstanda köməyə ehtiyac duyan vətəndaşlarını səfirliklə əlaqə saxlamağa çağırıb.
20 milyondan artıq zərər dəyib
Gürcüstan maliyyə naziri Nodar Xaduri açıqlama verib ki, fəlakət nəticəsində 18 milyon dollar dəyərində zərər dəyib: Dəymiş ziyanın hələ də hesablandığını deyən nazir rəqəmin artacağını istisna etməyib.
Maliyyə nazirinin bu açıqlamasından bir neçə saat sonra Tiflis və sakinlərinə dəyən zərərin 20 milyon dolları ötdüyü açıqlanıb.
İrakli Qaribaşvili zərər çəkən ailələrin hər birinə 4,5 min dollar yardım edilməsinə göstəriş verib.
Milli Təhlükəsizlik Şurasının katibi Mindiya Dcanelidze xilasetmə xidmətinin paytaxtın bütün rayonlarında fasiləsiz recimdə işlədiyini, evləri zərər görən sakinlərin müvəqqəti yerlərlə təmin edildiyini bildirib.
Tiflisin Vakiyski rayonunun rəhbəri Laşa Abşaidze fəlakət nəticəsində 266 nəfərin evsiz qaldığını açıqlayıb.
Ölkə prezidenti fəlakətin nəticələrinin aradan qaldırılması üçün silahlı qüvvələrin xilasetmə prosesinə cəlb edilməsi barədə göstəriş verib. Göstərişə əsasən prosesdə Quru Qoşunlarının mühəndis briqadasından və vertolyotlardan istifadə olunacaq.
Mütəxəssislər əvvəlcədən xəbərdar edibmiş
Gürcüstanın Ətraf Mühiti Mühafizə Nazirliyi dağıdıcı daşqınların təkrar yaşanacağını istisna etməyib. Nazir Giqla Aqulaşvili bildirib ki, mütəxəssislər məlum fəlakətin ağır nəticələrini əvvəlcədən proqnozlaşdırmışdılar. Lakin onların fikirlərinə əhəmiyyət verən olmamışdı: «İndi bunun ağır nəticəsini can itkisi və maddi zərərlə ödəməli oluruq».
Tiflis meri David Narmania vəziyyətin ağır olduğunu, paytaxtın demək olar ki bütün rayonlarının fəlakətdən zərər çəkdiyni bildirib: «Daşqınlar zamanı bir neçə bələdiyyə binasına da ciddi ziyan dəyib». Mer zooparkdan qaçan vəhşi heyvanların hələ hamısının tutulmadığını bildirərək paytaxt sakinlərini küçələrə çıxmamağa çağırıb.
Zooparkın müdiri Zurab Qurielidze qaçan heyvanların yardıan çoxunun tələf olduğunu bildirib: «Zooparkdakı heyvanların böyük bir qismi qaçıb. Qalanlarını isə yuxuya vermişik». Onun sözlərinə görə, artıq bir neçə ölkənin zooparkından yardım təklifi gəlib. Məlumatlara görə, qaçan heyvanlar arasında 6 pələng, 6 şir, 7 ayı, 13 canavar var.
Gürcüstan Daxili İşlər Nazirlyindən bildiriblər ki, qaçan heyvanların bir qismini tutublar, bir qismini isə öldürmək məcburiyyətində qalıblar. Nazirlik qaçan heyvanların vertolyotla axtarıldığını bildirib.
İvanaşvili yeni zooparkın tikintisini üzərinə götürdü
Tanınmış gürcü milyarderi, ölkənin keçmiş baş naziri Bidzina İvanaşvili Tiflisdə yaşanan faciədən təəssüfləndiyini bildirib. Və zərərçəkənlərə lazımi köməkliyi göstərməyə, həmçinin yeni zooparkın tikintisini təşkil etməyə hazır olduğunu bəyan edib. Fəlakətdə ölənlərin yaxınlarına başsağlığı verən İvanaşvili hazırda rəhbərlik etdiyi «Vətəndaş» Cəmiyyətinin Tiflisə və zərər çəkən ailələrə yardım etmək üçün konkret plan üzərində işlədiyini deyib.
Avropa Birliyindən operativ dəstək
Avropa Birliyi Gürcüstanda baş verən fəlakətdən kədərləndiyini bildirərək ölkəyə lazımi yardımı göstərəcəyini açıqlayıb. Bu ağır gündə gürcü xalqı ilə həmrəy olduğunu bəyan edən qurum prosesin gedişini ciddi şəkildə izlədiyini deyib: «Gürcüstan hökuməti ilə daima təmasdayıq və şəhərin infrastrukturuna dəyən zərərlə bağlı yardım göstərməyə hazırıq».
Gültəkin