Sudanın prezidentini Cənubi Afrikada saxladılar

Cənubi Afrika məhkəməsi Sudan prezidenti Ömər əl-Bəşirin ölkədən çıxmasının qarşısını almaq üçün order verib.
Orderdə deyilir ki, cənab Bəşir bazar günü keçiriləcək məhkəmənin qərarına qədər ölkədə qalmalıdır. Məhkəmə onun Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) təhvil verilib-verilməməsinə qərar verəcək.
BCM Cənubi Afrikadan (CAR) Sudan prezidenti Ömər əl-Bəşiri həbs etməyi tələb etmişdi.
Cənab Bəşir hazırda Afrika Birliyi sammitində iştirak etmək üçün CAR-dır.
Ömər əl-Bəşir Darfurda həyata keçirilmiş müharibə cinayətlərinə görə axtarılır.
BCM bəyanatında deyilir ki, Cənubi Afrika onu həbs etmək üçün “səylərini əsirgəməməlidir”.
Lakin cənab Bəşir Cənubi Afrika rəsmiləri tərəfindən Yohannesburq şəhərində qarşılanıb, SABC tvit edib.
Sudanın Suna xəbər agentliyi bildirib ki, Ömər əl-Bəşiri xarici işlər naziri və digər Sudan rəsmiləri müşayiət edib.
BCM və Afrika Birliyi arasında gərginlik hökm sürür. Qitənin bəzi ölkələri məhkəməni afrikalıları haqsız yerə hədəf almaqda ittiham edir.
Daha əvvəl Afrika Birliyi, BCM-ni hakimiyyətdə olan liderlərə qarşı icraatı dayandırmağa çağırmışdı.
Cənab Bəşirə qarşı order onun xarici səfərlərini ciddi şəkildə əngəlləyib. O, bu iddiaları rədd edir.
Buna baxmayaraq Ömər əl-Bəşir Afrika və Yaxın Şərqdəki bəzi dost ölkələrə səfər edə bilib.
BCM əsası qoyulduğu Roma Nizamnaməsinə imza atmış CAR, Prezident Bəşiri ölkəyə ayaq basacağı təqdirdə həbs etməlidir. Lakin müxbirlərin bildirdiyinə görə, bunun baş verəcəyi ağlabatan deyil.