“Bu qəzet hakimiyyətə müxalifət çuxasında lazımdır, “Səs” kimi yox. Onu yönədənlər isə “Səs” əxlaqında olub, müsavatçı kimi görünmək istəyir”
“Qəzetin rəhbərliyi hakimiyyətə satılıbsa, öz taleyi ilə barışmalı, günəmuzd çax-çuxunu etməli və günlük mədə ehtiyaclarını ödəməlidir”
Milli Şura sədri Cəmil Həsənli “Yeni Müsavat” qəzetinin son sayında özünə və rəhbərlik etdiyi quruma qarşı dərc olunan yazıya münasibət bildirib. C.Həsənli bu yazını “çərənləmə” adlandırıb və qəzet rəhbərliyinə çox sərt üslubda cavab verib. Milli Şura sədrinin facebook səhifəsində paylaşdığı cavabı təqdim edirik:
“Dəyrli dostlar! Dünən, iyun ayının 13-də “Yeni Müsavat” qəzeti şəxsimizə və rəhbərlik etdiyimiz Milli Şuraya qarşı növbəti rəzalətini yapdı. Söhbət “Milli Şura Putinin “molodes”ini qazana bildimi” adlı çərənləmədən gedir (Bax: http://musavat.com/…/milli-shura-putinin-molodesini-qazana-…).
İnanın buna əhəmiyyət verməmək də olardı. Ən azı ona görə ki, Rusiya prezidenti Putini gah Azərbaycanın “dostu” rakursunda, gah da onun qəhrəman obrazı fonunda palaz-palaz vəsf edən “Yeni Müsavat” qəzetidir. Əgər xatırlayırsınızsa, Vladimir Putin türkləri aşağılayıb, aprelin 24-də ermənilərin uydurma soyqırım iddialarının 100 illiyi tədbirlərinə qatılmaq üçün Ermənistana gedəndə “Yeni Müsavat” 22 aprel sayında “Putin İrəvana elə bir şərtlə gedir ki…” adlı onun səfərinə bəraət qazandıran təmtəraqlı yazı vermişdi (Bax: http://musavat.com/…/putin-irevana-ele-bir-shertle-gedir-ki…).
Qəzetin “Siyasət şöbəsi”nin hazırladığı bu materialda qeyd edilirdi ki, sən demə Rusiya prezidenti İrəvandakı yubiley tədbirinə qatılmaq üçün Sərkisyana şərt qoyub: “Dağlıq Qarabağın separatçı lideri mərasimdə gözə görünməməli, prezidentlərlə yanaşı durmamalıdır”. Sual olunur, əgər Dağlıq Qarabağın separatçı rejimi hətta Ermənistan tərəfəndən belə tanınmırsa, rəsmi protokolda necə Putinlə yanaşı dayana bilərdi? Bu şərt Putinin ağlına gəlmədiyi halda, “Yeni Müsavat” tərəfindən onun Türkiyə və Azərbaycana qarşı yönəlmiş addımına bəraət qazandırmaq üçün uydurulmuşsa, bu halda necə olur ki, Putinin “Molodes”ini onu hər nömrəsində vəsf edən “Yeni Müsavat” deyil, bütün fəaliyyəti boyu Rusiya prezidentinin qonşulara qarşı təcavüzkar siyasətini ifşa edən Milli Şura almalı olur? Bunu bir nümunə kimi gətirsəm də, “Yeni Müsavat” qəzetinin belə sərsəm iddialarına baş qoşmaq, cəfəng materiallarına vaxt itirmək fikrində deyiləm. Məqsədim hökumətlə iş birliyinə girmiş, hakimiyyətin müxalifətə qarşı başlıca media ruporuna çevrilmiş bu qəzetin əsl mahiyyətini açmaq, məlumatsızlıq ucbatından hələ də onun təsirində qalmış sadə vətəndaşlarımızı məlumatlandırmaqdır.
“Yeni Müsavat” 11 iyun sayında yazır: “Milli Şura və Cəmil Həsənlinin ünvanına Azərbaycan mediasında, televiziyasında çoxsaylı tənqidlər gedir. Heç birinə cavab vermir, yalnız bir zamanlar yaxşı münasibətdə olduğu “Yeni Müsavat” qəzetində barəsində çap olunan materiallara reaksiyalar verir”. Haqlı qeyddir. Mənim haqqımda “Səs”, “Yeni Azərbaycan”, “Haqqın.az”, ANS, hakimiyyət tərəfindən idarə olunan onlarla qəzet və media qurumlarında gedən tənqid və təhqir xarakterli materiallara heç bir reaksiya vermirəm. Ona görə vermirəm, bilirəm ki, bu “Səs”dir, “Gündəlik Bakı”dır. 30-cu illərdə Yaponiya Çinə təcavüz edəndə böyük rəssam Əzim Əzimzadə “Molla Nəsrəddin” üçün maraqlı bir karikatura çəkmişdi. Həmin əsərdə Çin böyük bir fəhlə timsalında təsvir edilir, üzərində Amerika, İngiltərə, Fransa, Almaniya və Yaponiya yazılmış imperialist dövlətləri də köpək formasında ona hücum edirlər. Karikaturada Çin fəhləsi üzünü Yapon köpəyinə tutaraq deyir: “Ay haramzada Yapon köpəyi, qoy bunlar hürsünlər ki, Avropa və Amerikadan cəmdək yırtmağa gəliblər, sən ki, Asiyalısan, sən niyə hürürsən?”. Bax məsələ burasındadır ki, “Səs”, “Yeni Azərbaycan”, “Gündəlik Bakı” və bu sıradan olan media tör-töküntülərindən fərqli olaraq, “Yeni Müsavat” hələ çiyinlərində müxalifət “yapıncısı”, onun natəmiz əməllərindən xəbərsiz olan xeyli adamı öz cazibəsində saxlaya və hakimiyyətin maraqlarına xidmət edən yalanı cəmiyyətə ötürməyin dozasını inandırıcı dərəcədə balanslaşdıra bilir. Onun şef redaktoru həm Ramiz Mehdiyevin müşavirəsində iştirak etməyi, həm də yay gəlməsinə baxmayaraq, müxalifətçilik “yapıncısını” çiyinlərində saxlamağı məharətlə bacarır. Çünki “Yeni Müsavat” qəzeti hakimiyyətə müxalifət çuxasında lazımdır, “Səs” kimi yox. Onu yönədənlər isə “Səs” mahiyyətində, “Səs” məzmununda, “Səs” əxlaqında olub müsavatçılıq ideyasının təmsilçisi kimi görünmək istəyirlər. Bax, biz burada susa bilmərik, hətta qəzetin baş redaktor müavinin dediyi kimi “Yeni Müsavat” qəzetinin Cəmil Həsənlinin üzərində böyük haqqı-sayı” olsa belə.
Bu haqqı-sayı heç kim inkar etmir. Amma 2003-cü ilin prezident seçkilərində İsa Qəmbəri, 2013-cü ildə Cəmil Həsənlini müdafiə edib bu müstəvidə qazanılmış oxucu etimadını indi hakimiyyətin xidmətinə vermək, rejimin təlimatı ilə (və yalnız təlimatı ilə deyil) hərəkət edib, onun ideoloji mərkəzlərində hazırlanmış materialları “mötəbər” mənbəə adı ilə cəmiyyətə sırımaq əxlaq anlayışına ziddir. Siyasi məhbus taleyi yaşamış bir adamın hakimiyyətin repressiya siyasətinə haqq qazandırması, Məkkə ziyarətinə getmiş bir adamın haqdan uzaq düşüb hər gün namuslu adamların ünvanına yalan, böhtan, şər-şəbədə qoşması, çirkab atması, müxtəlif pərdəarxası oyunların iştirakçısına çevrilib, bir vaxtlar təmsil olunduğu düşərgəni diskreditasiya etməsi, yüz ildən artıq ənənəsi olan bir partiyanı hakimiyyətin yedəyinə sürükləməsi mənəvi natamamlıq kompleksidir. Kimə sirdir ki, bu gün Elbəyi Həsənlini Müsavat partiyasının üzərinə qaldıran Rauf Arifoğlu, hacı Raufdur. Bütün bu vəsiqə hay-küyünün, arayış qalma-qalının arxasında nələr dayanır? İlk növbədə partiyaya təzyiq edib onu hakimiyyətin yedəyinə gətirmək, dialoq güruhuna qoşmaq, yüz ilin siyasi təşkilatını hakimiyyətin əlavəsinə çevirib simasızlaşdırmaq. “Yeni Müsavat”ın başladığı çirkin oyunlara reaksiya verməyimiz məhz bununla bağlıdır.
Qəzetin rəhbərliyi hakimiyyətə satılıbsa, öz taleyi ilə barışmalı, günəmuzd çax-çuxunu etməli və günlük mədə ehtiyaclarını ödəməlidir. Necə ki, çoxları bunu edib, “Yeni Müsavat” da olsun onlardan biri. Amma kimsə hakimiyyətlə iş birliyində olub Azərbaycan cəmiyyətinin namuslu kəsimini hədəfə almaq, vətəndaşlıq mövqeyini saxlamış insanları qaralamaq, siyasi oyunbazlıqla məşğul olmaq və milli dəyərləri alqı-satqı predmetinə çevirmək istəsə, biz əlbəttə, bu məsələlərə reaksiya verəcəyik.