“Azərbaycan dünyaya səs saldı, amma…”

Oyunlarla bağlı Milli Şuranın mövqeyi bəllidir. Bəs şəxsi qənaətiniz necədir? Azərbaycan dünyaya səs sala bildimi? Ən azı açılış mərasiminə xərclənən 100 milyon hədər getmədi ki?

Moderator.az-ın əməkdaşı Milli Şuranın hüquq komissiyasının sədri, ehtiyatda olan ədliyyə generalı Vidadi Mirkamala verdiyi bu suala aşağıdakı cavabı alıb:

"Azərbaycan dünyaya həqiqi mənada səs saldı, amma bu Oyunlarla baglı deyil, siyasi məhbusların sayı, demokratiyanın bogulması, iki minədək hakimiyyətə yaxın işbazlarla bank kreditləri razborkasının aparılması, Avropa Oyunlarını Avropa dövlət başçılarının boykot etməsinə görə. Beynəlxalq və Avropa təsisatlarının oyun ərəfəsində Azərbaycanda insan haqlarının pozulması və siyasi məhbus problemlərini müzakirəyə çıxarması ilə yaddaşlara həkk olundu. Büdcəsi Azərbaycanın büdcəsindən on dəfələrlə böyük olan Hollandiya 53 milyon dollara görə ikinci Aropa Oyunlarının öz ərazisində keçirilməsindən imtina etdiyi halda iqtisadi durumu pis olan Azərbaycanın yalnız açılış üçün 100 milyon manat məsrəf etməsi bədxərclikdən və büdcənin talanmasından başqa bir şey deyildi. Halbuki həmin xərclərə işsizliyin tügyan etdiyi Azərbaycanda çoxlu iş yerləri açmaq, pis durumda olan insanların sosial vəziyyətini xeyli dərəcədə yaxşılaşdırmaq olardı. Amma bu qədər vəsaitin ancaq şou xətrinə məsrəf olunması Azərbaycanda antidemokratik bir avtoritar rejimin iş başında olmasının bariz nümunəsidir."