"Idmanı siyasətə qatmazlar!” deyirdilər. Bununla da guya hiylələri üçün sanballı dəlil tapmışdılar. Amma parlamentdəki cib müxalifətini də işə qatdılar. Onlara elə bir siyasi bəyanata imza atdırdılar ki, siyasi məhbusların cinayətkar adlandırılması Avropa Oyunlarının “bəzəyi” oldu. Bəs idmanla siyasət qarışmırdı? Siyasətçilər niyə idman tədbirinin müdafiəsi üçün səf-səf düzüldülər?
Avropa Oyunları hətta “müxalifət-iqtidar dialoqu”nun mövzusu olmuşdu, “müxalifət” boksun üzgüçülükdən üstün olmadığını iqtidarla razılaşdıra bilmiş, xalqın qaçışa həvəsini gücləndirməklə bağlı təkliflər paketi ilə çıxış etmişdi.
“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası ÿyaradıblar, 77 təşkilat birləşib burda. Hər kəlmədə deyirlər ki, bütün xalqımız bu Oyunları dəstəkləyir. Bütün xalq dəstəkləyirsə, 77 nəfərin dəstəyinə nə gərəkdir, ümumiyyətlə, bu nə haray-həşirdir? Deməli, “Idmanı siyasətə qatmazlar!” kimi hiylə arqumentinizdə belə, dürüst deyilsiniz, əslində idmana qatmadığınız nəsə qalmadı…
Təəccüb doğurmayan daha bir fakt. Bu günlərdə həyat yoldaşı və oğlu siyasi məhbus Nemət Pənahlı ilə həbsxanada görüşüblər. Mətbuata açıqlamasında Həcər Pənahlı Nemət bəyin oğlunun uğurundan çox sevindiyini söyləyib. Bəlli olub ki, atası ilə görüşə gedən Orxan bu yaxınlarda Azərbaycan çempionu olub. Hətta onun Avropa Oyunlarında iştirakı gözlənilirmiş.
Həcər Pənahlı: “Orxan müəllim yanına boks məşqlərinə davamlı gedirdi. Müəllim Orxanı görən kimi I Avropa Oyunlarına qatılıb birinci yer tuta biləcəyini deyirdi. Hər gün qızğın məşqlər gedirdi, müəllim oğlumdan da çox razı idi. Nə oldu,ÿ nə olmadısa, günlərin bir günü gördüm Orxan əşyaları qolunda gəldi ki, müəllim məni çıxartdı. Belə başa düşdüm ki, bu, ancaq Nemətin oğlu olduğu üçündür. Orxana Nemətin oğlu kimi yanaşılmasa, yüz faiz bilirəm, oğlum birinci yeri tutub Azərbaycanın bayrağını yüksəklərə qaldıra bilər. Demirəm ki, övladım qeyri-adi istedadlıdır, elmə meyllidir, savadlıdır, yox. Sadəcə o, idman sahəsində bacarıqlıdır. Kimin oğludur, idmana nə aidiyyəti var?! Sabah haradasa birinci yer tutsa, Azərbaycanı təmsil edəcək, nə uğur gətirsə, bu, Azərbaycan üçündür”.
Ananın bu sualları hər şeyi demirmi? Atasını şərləyib tutmaqları bir yana, oğlunu da idmanda əngəlləyirlər. Necə bəyəm, YAP-çılar və onları sevənlər üçündür bizim ölkədə idman?
Idman və siyasət bir-birindən ayrı deyildir. Çünki hər bir fəaliyyət insana xidmət edir. Idman sadəcə çirkli siyasətin aləti olmamalıdır. Necə ki, Avropa Oyunları ölkədəki gerçəkliyi gizlətməyin, Azərbaycanın orta əsrlər hikkəsi ilə idarə olunmasını pərdələməyin, korrupsiyanın bir vasitəsidir. Bu tədbir çirkli siyasətə xidmət edirsə, onun fonunda həqiqətləri söyləmək, günahsız insanlara azadlıq tələb etmək nə zamandan siyasət olub? Lap olsun da!
Ölkəni talamaq, insanları qanunsuz həbs etmək və hər addımda qanunları pozmaq olar, amma günahsız insanlara azadlıq tələb etmək olmaz?!
Buyurun, Avropa Oyunları ölkənin həqiqi durumunu göstərən kifayət qədər mənzərələr yaratdı. Kim oyunlarla bağlı mətbuat ofisinə Media kəndi adı veribsə, özü də bilmədən çox ağrılı bir yerə toxunub. Paytaxtda Media kəndi olsa da, ölkənin 5 minə qədər kəndinin heç birinə qəzet getmir. Daha nə deyəsən, ağzını yumasan ki, birdən Avropa Oyunlarına siyasət qarışar?
Siyasi məhbusun idmançı oğluna qadağa
•