İlham Əliyevin hakimliyi ilə hüquq müdafiəçisi polislə rinqdə yarışıb
Iyunun 12-də Çexiyanın paytaxtı Praqanın mərkəzində Azərbaycanla bağlı orijinal aksiya keçirilib. AzadlıqRadiosunun yaydığı məlumata görə, aksiyada Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslar haqda məlumat verilib. Bildirilib ki, Azərbaycanda Avropa Oyunları keçirilir, amma Avropa dəyərlərinin əleyhinə olaraq ölkədə söz azadlığı boğulur və hakimiyyət tənqidçiləri həbsə atılır.
Bundan sonra tamaşaçılara Azərbaycanla bağlı iki səhnə göstərilib. Birinci səhnədə rinqdə insan haqları müdafiəçisi ilə polis yarışır. Oyunun hakimi isə üzünə Azərbaycanın dövlət başçısı Ilham Əliyevin şəkli olan maska taxıb. Bununla könüllülər onlara tamaşa edənlərdə Azərbaycan haqda təsəvvür yaratmaq istəyiblər. Polisin hüquq müdafiəçisinə uduzduğunu görən hakim rinqə ikinci, daha sonra üçüncü nəfəri salır, bununla da insan haqları müdafiəçisinin məğlubiyyətinə nail olur.
Ikinci səhnəcik isə futbol oyunu olub.
Təşkilatçılardan PIN təşkilatının Demokratiya və Insan Haqları Mərkəzindən Ivana Skalova deyib ki, bu səhnəciklərlə Ilham Əliyevin ölkəni necə idarə etməsini anlatmaq istəyiblər: “Intiqam Əliyev, Rəsul Cəfərov, Xədicə Ismayıl. Mən həbsdə olan onlarla belə siyasi və vicdan məhbusunun adını çəkə bilərəm. Azərbaycanda 90-dək şəxs siyasi baxışlarına, hakimiyyəti tənqid etdiyinə görə həbsdədir. Biz bu tədbirimizlə Çexiya, Avropanın hökumət təmsilçilərindən Azərbaycan hakimiyyətinə siyasi məhbusların buraxılması üçün təzyiqlər etməsini istəyirik. Ilham Əliyevə əsas mesacımız odur ki, məhbuslar azad olunsun, ölkədə demokratiya üçün addımlar atılsın”.
Qeyd edək ki, iyunun 12-də Bakıda Avropa Oyunlarının açılışı olub. Təşkilatçılar məhz buna görə ölkədə insan haqlarının durumunu idman səhnələri ilə göstərdiklərini deyiblər.
Xatırladaq ki, Azərbaycanda 90-dək siyasi və vicdan məhbusu var. Onlar arasında gənc fəallar, jurnalistlər və hüquq müdafiəçilərinin adı yer alır.