Yaxud hakimiyyətin absurdlar kolleksiyası
Etiraf edək ki, imitasiya edə bilmək də bir bacarıqdır. Bəzi adamlar elə imitasiylar edirlər ki, səmimi və real görünür. Amma insanın xisləti tamamən korroziyaya uğrayanda imitasiya etmək mümkün olmur. Hikkə, məkr, nifrət o həddə olur ki, adamlar özünü ələ ala bilmir.
Indi Azərbaycan hakimiyyətinin vəziyyəti də imitasiya etməkdən məhrum olmuş adam təsiri bağışlayır. Belə ki, 1 il öncədən bəh-bəhlə təbliğatını apardıqları Avropa oyunları hakimiyyət üçün faciəyə çevrilib. Ona görə ki, hakimiyyət bu oyunlar ərəfəsində də öz mahiyyətini gizlədə bilmədi. Avropa oyunlarından fürsət kimi istfiadə edib, dövlətin və özlərinin imicini yaxşılaşdıra bilərdilər. Amma avtoritar mahiyyət, fərqli fikrə nifrət, demokratiyaya qarşı düşmənçilik hissləri imkan vermədi. Siyasi məhbusların azadlığı, şəffaf seçki, insan haqları bir yana qalsın, heç Avropa oyunlarının adına uyğun da performans göstərə bilmədilər. Avropanın adı ilə bağlı olan tədbirə Avropanın tanınmış təşkilatlarının nümayəndələri buraxılmadı, Avropanın Bakıdakı ofisi qapadıldı, Avropa Birliyinin, Böyük Britaniyanın nümayəndəlikləri qarşısında etiraz aksiyası keçirib, “Avropa bizdən əlini çək” şüarı səsləndirildi. Televiziya kanalları isə gecə-gündüz Avropaya qarşı ən iyrənc təbliğat kampaniyası qurdu. Faktiki olaraq hakimiyyətin 8 milyardlıq Avropa oyunları, antiAvropa oyunlarına çevrildi.
Avropa oyunlarının açılış mərasimi günü hakimiyyətin sözçüsü rolunu oynayan qəzetlər Avropanı arzuolunmaz məkana çevirdi. Təkcə “Yeni Azərbaycan” qəzeti bir sayında Avropa əleyhinə 16 material dərc etdi.
Ziddiyyətlərdən biri də Avropa oyunlarına təşrif buyurmuş liderlər oldu. Daha dəqiq desək, açılış mərasimində ancaq Avropa dəyərlərindən imitna etmiş, dünyanın avtoritar adlandırdığı liderləri görmək oldu. Lukoşenko, Putin, İmaməli Rəhmanov, Qurbanqulu Berduməhəmmədov kimi demokratiyadan qaçanlar Avropa oyunlarını seyr etməyə gəldilər. Merkeli, Ollandı, Obamanı və digər Qərb liderlərini isə tədbirdə görən olmadı. Çünki, Azərbaycan hakimiyyətinin cığal siyasəti, ikiüzlü gedişləri və öhdəliklərə əməl etməməsi dünya liderlərini Əliyev hakimiyyətindən uzaq saldı.
Bir sözlə, Avropa oyunları diktatorların, kralların, ərəb şəhzadələrinin müşaiyəti altında start götürdü.
Yəqin ki, dünya tarixi bu miqyasda absurda şahidlik etməyib. Avropa oyunlarına can atıb, “Avropa bizdən əlini çək” demək üçün, unikal “təfəkkür”ə sahib olmaq lazımdır.
Görünən budur ki, hakimiyyət Avropa oyunlarını Avropasız və Avropadan qaçaraq keçirir. Təbii ki, bundan sonra da bu absurd oyunlar haqqında xeyli şərhlər olacaq, dünya mətbuatında materiallar dərc ediləcək. Bütün şərhlər və materiallar isə hakimiyyətin “analoqsuz” siyasəti üzərində qurulacaq.
Bəlli olur ki, hakimiyyət özü üçün müsbət imic deyil, absurdlar kolleksiyası yığmaq istəyir. Yəqin ki, Avropa oyunları keçirilən ölkədə, Avropanın düşmən elan edilməsi də bu absurdlar kollekasiyasının “şah əsəri” olacaq.
Azad


