Bizimlə avropalıların fərqi…

Avropa oyunları başladı. Işin içində Avropalıq bir şey qalmasa da, başladı. Açılış mərasimindən öncəki gün də bir başqa unudulmaz oldu. Olimpiya könüllüləri Avropa Ittifaqını hədələyən etiraz aksiyası keçirdilər. Əllərində “Bizdən əlinizi çəkin”, “Daxili işimizə qarışmayın” şüarları tutmuşdular. “Daxili iş”in içindəki əsas məsələ məhbusların azad olunmasıdır, bilirsiniz. Az qala unutmuşdum, belə bir şüar da vardı, doğrudan – “Azərbaycanda zor işləmir, hüquq işləyir”.  Bax, burda özümü gülməkdən saxlaya bilmədim. Dünyanı üstünə güldürmək buna deyərlər…
Böyük aydın Üzeyir Hacıbəyovun “Biz ilə yevropalıların təvafütü” adlı bir felyetonu var. O felyetonun qısa məzmunu belədir: “…Ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz.
O səbəbdəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür… halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir…
Bu halda, yəni bu iyirminci əsrdə yevropalılar səy edirlər ki, quş kimi havada uça bilsinlər. Amma biz bədbəxtlər hələ indi çalışırıq ki, adam kimi dünyada yaşaya bilək…

Onlar əvvəl adam imişlər ki,
indi də quş olmaq istəyirlər,
Bəs biz əvvəl nə imişik ki,
indi adam olmaq istəyirik?"

Doğrusu, əvvəllər Üzeyir bəyin yazılarını oxuyanda tənqidin dozasını artıq etdiyini düşünürdüm. Indi gözəl anlayıram ki, ürəyindən necə qara qanlar axıb o şeyləri yazanda. Bu millətin maariflənməsi, gözünün açılması, dünyanın yaxşısından öyrənməsi üçün necə oda-közə vurub özünü. Amma 100 il keçir az qala üstündən. Çox şeymi dəyişib? Cavab hamı üçün aydındır, elə bilirəm. Böyük çoxluğun düşüncəsinə baxanda yüzilki qədər geriyik, nə yazıq.  
Hamımız bilirik, bu Avropa Oyunları üçün hökumət əlindən gələni edib. Iqtisadi durumun pisləşməsi, manatın devalvasiyası, iş yerlərinin kütləvi ixtisarı belə bu layihənin layiqli təşkil olunmasına əngəl ola bilməyib. Şəhərin bir aylıq “fövqəladə vəziyyət” durumuna gətirilməsinin kökündə də bu istək dayanır. Paytaxta gələn qonaqların rahatlığı üçün böyük səylər göstərilib. Hətta yerli insanların əzabı bahasına bir sıra marşrutlar xətdən çıxarılıb ki, qonaqlarımız tıxaclarda qalıb əziyyət çəkməsin. Üstəlik, onların komfortu üçün yeni avtobuslar və yeni metro vaqonları da istifadəyə verilib. Amma gəl ki… Bizim yarıtmaz sürücünün biri bu yeni avtobusla görünməmiş qəza törədib 3 avstriyalı üzgüçünü şil-küt edib – həm də Atletlər kəndinin içindəcə. Sosial şəbəkələrdə yayılan videodan görünür ki, qəza avtobusu yüksək sürətlə idarə edən sürücünün günahı üzündən baş verib. Şübhəsiz, ürəkaçan hadisə deyil və hələ orada hər hansı ölüm hadisəsinin baş verməməsinə şükür etmək lazımdır. Amma bir dərs də almağa dəyər ki, bahalı və gözəl avtobuslar almaq azdır, onu gözəl idarə edən peşəkarlar yetişdirmək lazımdır, hər şeydən öncə.
Dünən rəsmən start verilən oyunlar ayın sonuna kimi davam edəcək. Bir az əziyyət çəksəniz də, avropalılarla bizim fərqimizin hansı aralıqda olduğunu bu günlər daha dərindən anlayacaqsınız. Məsələn, sərin, kondisionerli metro vaqonlarına minəndə, kafe və çayxanalardakı nəzakətli rəftarı görəndə, şəhərin küçələrində şıq geyimli gülümsəyən polislərlə qarşılaşanda… Xülasə, oyunçu aparsın!