Azərbaycanda ərzaq məhsulları 5,2 faiz bahalaşıb

Vahid Məhərrəmov: «Əhalinin gəlirlərinin artması üçün ciddi mənbə yoxdur»

2015-ci ilin yanvar-may aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 16,2 milyard manata çatıb. Onun hər nəfərə düşən həcminin 4,5 faiz artdığı bildirilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-may aylarında istehlak mallarının qiymətləri və xidmət tariflərinin 3,4 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətinin 5,2 faiz, qeyri-ərzaq mallarının qiymətinin 2,7 faiz, xidmət tariflərininsə 1,4 faiz artdığı deyilir.


Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, qiymətlərin ilin əvvəlində, müəyyən bayram günlərində artması daha aydın şəkildə görünüb. Son vaxtlar mal və qoyun ətinin qiymətində ciddi artımlar müşahidə edilir ki, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində də artım olub. Bahalaşma manatın dəyərdən düşməsiylə əlaqədar ilkin idxal olunan mal-məhsulun qiymətində  artımın olmasıyla bağlı olub. Ekspert hökumətin bu məsələni sabit saxlamaq cəhdinə rəğmən, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin yüksək olaraq qaldığını deyir:
“Bu tendensiya davam edir. Bunun əksinə, əhalinin gəlirlərinin artması üçün elə bir mənbə yoxdur. Neft gəlirləri azalandan sonra ölkədə vəziyyət dəyişib. Təkcə büdcə deyil, kommersiya təşkilatları, bəzi şirkətlər fəaliyyətlə məşğul deyil. Istehsalçılara kreditlərin ayrılması da əvvəlki dövrlərdə olduğu kimi deyil. Bu da həmin məsələyə təsir edir. Ölkəyə Rusiyadan göndərilən maliyyə vəsaitinin həcmi də kifayət qədər, dəfələrlə azalıb”.
V.Məhərrəmov qeyd edir ki, kiçik və orta sahibkarlar gələn vəsaitdən investisiya kimi istifadə edirdi və onun bir hissəsini işçilərə əməkhaqqı olaraq ödəyirdi. Lakin indi vəziyyət dəyişib. Ölkədə son zamanlar işsizliyin faizi artıb, çoxsaylı müəssisələr qapanıb, fəaliyyətini dayandırıb, istehsalda ciddi azalmalar baş verib. Bütün bunlar da əhalinin həyat tərzində və qiymətlərdə əksini tapıb.

Nigar