Fuad Qəhrəmanlı: «Irticaçı siyasətin genişlənməsi Qarabağ problemi ilə bağlı mövqeyinin dəstəklənməsinə çox ciddi zərbə vurmuş olur»
ATƏT-in Bakı ofisi ilə bağlı başlayan siyasi qalmaqal davam etməkdədir. ATƏT-in Bakıdakı layihə koordinatoru ilə bağlı baş verən qalmaqal dərinləşməkdədir. Hakimiyyət prosesləri tam fərqli rakursdan təqdim etməyə çalışsa da, bu cəhd heç bir nəticə vermədi.
Bir neçə gün əvvəl ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baerin sərt reaksiyası məsələlərə aydınlıq gətirdi. Azərbaycan ötən cümə günü Layihə Koordinatorunun işilə bağlı Anlaşma Memorandumundan imzasını geri götürmək barədə xəbərdarlıq edib. Baer sərt şəkildə vurğuladı ki, Layihə Koordinatoru 57 üzv dövlətin razılaşdığı siyasi mandatla fəaliyyət göstərib və onu yalnız konsensus qərarla ləğv etmək olar. Eyni zamanda aydın oldu ki, mandatın müddəti bu ilin sonunda başa çatır.
Yalnız öz siyasi maraqlarını düşünərək ATƏT-lə münasibətləri korlayan Azərbaycan hakimiyyəti bu təşkilatın ən ümdə problemimiz olan Qarabağ məsələsi ilə də məşğul oluduğunu deyəsən, unudur. Qalmaqalın başvermə səbəbi isə ortadadır. Azərbaycan ona beynəlxalq təşkilatlardan insan haqları, demokratiya ilə bağlı ünvanlanan tələblərə məhəl qoymur. Səfirin isə I.Əliyevlə şəkil çəkdirdiyi üçün vəzifəsindən azad edilməsi sadəcə olaraq məntiqi bir sonluq və münasibətlərin hansı dərəcədə olduğunun görsənişi idi.
Bəs hakimiyyətin repressiv siyasətini davam etdirməsinin fonunda, beynəlxalq aləmdən gələn təklifləri qulaqardına vurması nə vəd edir?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hakimiyyətin apardığı hazırkı kurs Azərbaycanın milli, dövlət maraqlarını təhlükə altında qoyur. Konkret Qarabağ probleminə gəldikdə isə, bu problemin qlobal xarakter daşıdığını deyən F.Qəhrəmanlı bildirdi ki, deməli, Azərbaycanın xarici siyasətindəki əsas istiqamətlərdən biri beynəlxalq dəstəyi əldə etmək və öz mövqeyinin dəstəklənməsini gerçəkləşdirmək olmalıdır: “Azərbaycan hakimiyyəti eyni zamanda beynəlxalq səviyyədə Ermənistan hakimiyyətinə qarşı təzyiq siyasətini həyata keçirməlidir. Amma indi aparılan siyasi kurs nəinki bu məqsədlərə xidmət etmir, əksinə, ölkəni təcrid vəziyyətinə salır. Azərbaycan hakimiyyətinin irticaçı siyasətinin beynəlxalq səviyyədə müzakirəsi elə bir təəssürat formalaşdırır ki, Azərbaycan iqtidarı öz vətəndaşlarının hüquqlarına təminat vermirsə, onların ən elementar, fundamental azadlıqlarını pozursa, o halda Qarabağın erməni əhalisinə Azərbaycan necə təminat verə bilər. Yəni irticaçı siyasətin genişlənməsi Azərbaycanın beynəlxalq aləmdə Qarabağ problemi ilə bağlı mövqeyinin dəstəklənməsinə çox ciddi zərbə vurmuş olur”.
F.Qəhrəmanlının sözlərinə görə, ATƏT üzvü olan ölkələrlə Azərbaycanın münasibətlərində yaranan gərginlik Qarabağ məsələsində diplomatik səyləri xeyli dərəcədə məhdudlaşdırır. F.Qəhrəmanlı hesab edir ki, indiki halda ATƏT-lə münasibətlərdə yaranan gərginlik Minsk qrupu çərçivəsində aparılan danışıqlarda mövqelərimizi, arqumentlərimizi zəiflədir: “Azərbaycan iqtidarı öz hakimiyyət maraqlarından irəli gələn aqressiya üzündən milli maraqlarımızı ikinci plana qoyur. Ön plana hakimiyyət öz şəxsi maraqlarını çıxarır. Bu da nəticə etibarı ilə ona gətirib çıxarır ki, Azərbaycan beynəlxalq siyasətdə maraqlarını təmin etmək üçün əlverişsiz vəziyyətə düşür. Bu da dövlət maraqlarının təmin edilməsini xeyli dərəcədə çətinləşdirir”.
Xəyal