Avropa Oyunları ərəfəsində Azərbaycan hakimiyyəti Avropaya savaş elan edib. Savaşın kökündə Avropa strukturlarının hakimiyyətdən siyasi məhbusları azadlığa buraxmağı, ölkədə demokratik islahatların həyata keçirməyi tələb etməsi dayanır.
Hakimiyyətin nəzarətində olan media orqanlarında demək olar ki, hər gün Avropa haqqında ən ağlasığmaz ittihamların yer aldığı məqalələr dərc edilir. Milli Məclisdə YAP-çı deputatlar Avropa strukturlarını hədələyir və s. Dünən də hökumətin nəzarətində olan bir QHT nümayəndələri Avropa Ittifaqının (AI) Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçiriblər.
APA-nın xəbərinə görə, aksiya iştirakçıları AI-nin Azərbaycana qarşı mövqeyinin qərəzli olduğunu vurğulayıb, aparılan siyasətə etiraz ediblər.
Bu qurumu ikili standartlardan əl çəkməyə çağırıblar.
Aksiya iştirakçıları əllərində “Avropa Ittifaqına ar olsun!”, “Azərbaycandan əl çəkin!”, “Vətəndaş cəmiyyəti ikili standartlara ”yox" deyir!", “Idmanı siyasiləşdirməyin!”, “Üzdə dost, arxada düşmən olmayın!” və başqa şüarlar yazılan plakatlar qaldırıblar.
Iştirakçılar Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz ediblər. Onlar AI-ni Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən pozulan hüquqlarını tanımağa, pozulan haqlarını müdafiə etməyə çağırıblar. Daha sonra aksiyanın qətnaməsi oxunub.
Beləliklə, Azərbaycan hakimiyyəti Avropa ilə vuruşa-vuruşa Avropa Oyunları keçirir.


