Hakimiyyət simasını gizlədə bilmədi

Avropa əleyhinə aksiyalar cılız təfəkkürün göstəricisi idi

 
Hakimiyyət nə qədər çalışsa da istədiyi kimi görünə bilmir. Hətta gecə-gündüz təbliğatını apardıqları, uğur kimi qiymətləndirdikləri Avrop Oyunları ərəfəsində də öz xislətlərindən geri çəkilə bilmirlər. Hər gün təsdiqlənir ki, ölkəni idarə edənlər normal təfəkkürə sahib deyil. Bütün addımları ziddiyyətlərdən, absurdlardan ibarətdir. Bir tərəfdən Avropa Oyunlarına hazırlaşırlar, o biri tərəfdən milyardlar xərclədikləri bu layihəni iflasa aparırlar.  
Belə ki, ötən gün hakimiyyətin bir qrup gənci Avropa Ittifaqının ölkəmizdəki nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər. Bu bir qrup adam Avropa əleyhinə şüarlar yazılmış plakatlara sarılıb, “vətənpərvərlik” nümayiş etdiriblər. Bəli, “Avropa Oyunları yaxşıdır, Avropa pisdir” təfəkkürü yalnız bizim hakimiyyətin məhsulu ola bilər. Bu hadisə təkcə hakimiyyətin cılızlığını göstərmədi, həm də bu ölkədə hüququn, qanunun şəxslərə görə dəyişdiyinin növbəti sübutu oldu. Göründüyü kimi, bu bir qrup “təəssübkeş” gənc Böyük Brtianiyanın. Avropa Ittifaqının nümayəndəliyi qarşısında etiraz aksiyası keçirir və heç bir təzyiqlə, polis zorakılığı ilə qarşılaşmır.
Təsəvvür edin ki, Avropa Oyunları ərəfəsində müxalifətçi gənclər də erməni bayrağının ölkəmizdə dalğalanmasına, dövlətin büdcəsinin talan edilməsinə qarşı aksiya keçirir. O zaman nə baş verərdi? Şübhəsiz ki, bu gənclər polis dəyənəyinə tuş gələrdi, sutkalıq həbslərə məhkum olunardı və ağır cərimələr tətbiq edilərdi.
Amma ötən gün Avropa əleyhinə etiraz aksiyası keçirənlər heç bir rəsmi müraciət ünvanlamadan, əvvəlcədən elan vermədən aksiya keçirirlər və sərbəst şəkildə meydan sulayırlar.  
Bəli, hakimiyyətin qəzəbinə tuş gələnlərə hər cür şərait yaradılır, hakimiyyətə qəzəblənənlər isə dərhal zərərsizləşdirilir.
Əslində, baş verənlər insan haqlarına, demokratiyaya qarşı etirazdır. Azərbaycan hakimiyyəti israrla deyir ki, mən öz vətəndaşıma hörmət etmək istəmirəm. Çünki, beynəlxalq təşkilatlar bu hakimiyyətdən başqa heç nə tələb etmir.  
Ötən gün Bakıda Avropa əleyhinə aksiyanın keçirilməsi,  avropalılar üçün də xeyli şəffaf mənzərə yaradacaq. Təbii ki, əcnəbi qonaqlar hansı təfəkkürlə üz-üzə olduqlarını anlayacaqlar. Yəni hakimiyyət belə utancverici addımlarla  öz mahiyyətini göstərdi və avropalılar qarşısında biabır  oldu.
Diqqət etdinizsə, sosial şəbəkələrdə də antiAvropa aksiyası ironiya və nifrətlə qarşılandı. Ölkədəki ədalətsizliyə, korrupsiyaya, repressiyalara, Qarabağ qazilərinin intihar həddinə çatdırılmasına, hakimiyyətin məsuliyyətsizliyi səbəbindən 15 vətəndaşımızın yanğında dünyasını dəyişməsinə, əsgər ölümlərinə səsini çıxarmayanlar, Avropa Ittifaqının ofisi qarşısında aksiya keçirmək təklifi gələndə “vətəndaş”a çevrilirlər.
Bir sözlə, hakimiyyət aylardı təbliğatını apardığı layihəni hər gün qiymətdən salır və şəxsi hikkəyə qurban verir.