Gül Ərdoğanın seçki planına qarşı

«Erkən seçki çox böyük xəta olar və AKP-yə baha başa gələr»
 

«Reuters»: «MHP və ya CHP ilə koalisiya qurulsa belə,  noyabr ayında erkən seçkiyə gediləcək»
 
«Yeni hökumətin qurulması istiqamətində hələlik heç bir addım atılmayıb. Bu günə qədər çıxan bütün xəbərlərin gerçək olmadığını demək istəyirəm». Bunu, Türkiyə baş nazirinin müavini, AKP hökumətinin sözçüsü Bülənt Arınç curnalistlərə verdiyi açıqlamada bildirib. Bəzi partiyaların koalisyon hökumətlə bağlı «qırmızı xətlərini» qəbuledilməz sayan Arınç hesab edir ki, siyasətdə belə şey olmamalıdır: «Qırmızı xəttim var, filan şeyi qəbul edə bilmərəm» demək yanlış yanaşmadır. Özünə inamı olan siyasətçi bunu deməz. Hökuməti qurmaq imkanları araşdırılmalı və təcili qərarlar verilməlidir. Davudoğlu da çıxışında önəmli bir məqama toxundu ki, qırmızı xətt olmamalıdır». 
 
«Reuters»: «Ərdoğanın əsl niyyəti…»
 
Türkiyədəki seçkinin nəticələri dünya mətbuatının da gündəmindən düşmür. «Reuters» agentliyi Türkiyədəki seçkilərdən və prezident Rəcəb Tayyib Ərdoğanın koalisyon hökumətlə bağlı planlarından yazıb: «Prezident Ərdoğan siyasi partiyalara müraciət edərək eqolarını kənara qoymağa, yeni hökuməti qurmaq üçün səy göstərməyə çağırıb. Həmçinin özünün də Konstitusiyanın verdiyi imkanlar daxilində üzərinə düşəni edəcəyini bildirib. Lakin təhlilçilər Ərdoğanın əsl niyyətinin erkən seçki olduğunu bildirirlər. Seçki AKP-nin 13 illik təkbaşına iqtidar dönəminə son qoydu. Seçkidən sonra ictimaiyyət önündə ilk dəfə açıqlama verən Ərdoğan bildirib ki, ölkə hökumətsiz qalmamalı və bütün koalisiya formaları sınaqdan keçirilməlidir. Analitiklər isə bunun bir taktika olduğunu, əslində Ərdoğanın bu yolla koalisiyanın baş tutmamasına çalışdığını deyirlər. AKP yetkililərindən biri hələ ki, Ərdoğanın yumşaq mesaclar verdiyini və bir müddət də belə davranacağını deyir. Belə etməkdə məqsədi xalqa koalisiya variantının işə yaramayacağını göstərməkdir.
 
«Ərdoğan taktika işlədir»
 
«Chatham House»un Türkiyə məsələləri üzrə eksperti Fadi Hakura Ərdoğanın bu açıqlamasının qismən uzlaşdırıcı olduğunu deyir. Lakin onu da əlavə edir ki, xarici mediaya dair fikirlərinə, AKP-ni hədəf alanlara göndərdiyi mesaclara baxdıqda əvvəlki Ərdoğanın yenidən üzə çıxdığı görünür: «Məncə bu çıxış Ərdoğandakı dəyişimindən yox, sadəcə onun taktika işlətməsindən xəbər verir. Üzdə erkən seçkidə maraqlı olduğunu göstərmək istəmir. Çünki keçmiş təcrürbə sübut edir  ki, bu məsələdə israr edənlər sonradan səs itirirlər».
HDP qəti şəkildə AKP ilə koalisiyaya getməyəcəyini bəyan edir. MHP və CHP isə Ərdoğanın Konstitusiyadakı prezident səlahiyyətləri ilə kifayətlənməsini, həmçinin rüşvət dosyelərinin açılmasını istəyir. MHP bununla yanaşı, çözüm mərhələsinin (PKK ilə) dayandırılmasını da tələb edir. Analitiklər bu hərtlər altında koalisiya qurulmasının çətin olacağını, qurulsa belə, uzunmüddətli olmayacağını bildirirlər. CHP koalisiya üçün şərtlərinin olduğunu deyir və hökumətin qurulmasında məsuliyyəti üzərinə götürən tərəf olmaq istəmir. CHP yetkililərindən biri belə deyir: «Demirik ki, AKP ilə qətiyyən hökumət qura bilmərik. Sadəcə olaraq koalisiya müzakirələrində yolu bağlayan tərəf olmaq istəmirik». 
F.Hakura hesab edir ki, türk siyasətində qalıcı hökumət üçün lazımi mərkəz artıq yoxdur: «Həm sağyönümlü, həm də solyönümlü partiyalar arasında, həm də bu iki qanadın öz arasında ciddi bölünmələr var. Bu dərin ideoloci bölünmə və siyasətdə mərkəzi qüvvənin olmaması Türkiyədə qalıcı bir hökumətin qurulmayacağından xəbər verir». AKP yetkililərindən biri belə düşünür: «Koalisiya variantı sınaqdan keçiriləcək, amma gerçəkləşəcəyini düşünmürəm. Məncə, hazırkı ssenarilərin arasında birinci yerdə erkən seçki dayanır. MHP və ya CHP ilə koalisiya qurulsa belə, görünən odur ki, noyabr ayında erkən seçkiyə gediləcək». 
Hökumətə yaxınlığı ilə tanınan «MAK» başqanı Mehmet Ali Kulat Ərdoğanın CHP-nin keçmiş sədri Dəniz Baykalla görüşünün də erkən seçki yolunda bir addım olduğunu deyir: «Ərdoğan «hamı bütün variantları sınaqdan keçirdiyimi görsün» mesacını verməyə çalışır. Erkən seçki qaçılmazdır». 
 
«Təkrar seçki olsa, AKP-nin səsi artacaq»
 
«Reuters» CHP yetkilisinə istinadən yazır ki, Ərdoğan-Baykal görüşü Türkiyə prezidentinin erkən seçkiyə getmək istədiyini göstərir: «Hakura isə hesab edir ki, erkən seçki olacağı təqdirdə, Ərdoğan HDP və MHP-yə gedən səsləri yenidən AKP-yə qazandırmaq üçün çalışacaq. Seçkidən sonra «IPSOS»un apardığı araşdırma üzə çıxarıb ki, təkrar seçki olacağı təqdirdə, AKP 40.9 faizlik səsinə 4 faiz də əlavə edəcək. 
Nyu-Yorkdakı «St. Lawrence» Universitetinin türk eksperti Howard Eissenstat isə bildirib ki, zəif koalisiya AKP üçün qazanc olacaq: «İqtisadiyyat qarşıdakı bir neçə ayda zəifləyəcək. Və AKP bunu öz siyasətinin yox, koalisiyanın nəticəsi kimi təqdim edəcək». 
 
CHP-dən sərt koalisiya açıqlaması
 
AKP-yə qarşı sərt və prinsipial mövqeyi ilə seçilən CHP-çi millət vəkili Məhərrəm İncə hesab edir ki, 7 iyun seçkisi Türkiyədə demokratiyanı gücləndirmək üçün yaxşı imkan açıb. Seçkidə səs toplayan müxalifət partiyaları da bu fürsəti boşa çıxartmamağa çalışmalıdır: «Müxalifət partiyalarının AKP ilə koalisiyanı düşünməsi Türkiyənin 13 illik qaranlıq tarixinin bir daha açılmamaq şərtiylə qapadılması, cavabdehlərin hesab verməkdən qurtulması deməkdir. Belə bir yanaşma korrupsiyaya ortaq olmaqdır. Yaşanan bütün qanunsuzluqlara, Gəzi parkında, Uludərədə, Reyhanlıda, Somada, Ermenekdə həyatını itirənlərin məsuliyyətinə ortaq olmaqdır. 7 iyunda xalq müxalifətə iqtidar ola bilmə iradəsi verib. Bu iradənin iqtidara çevrilməsi Türkiyə üçün həqiqi qələbədir. CHP buna kölgə salacaq heç bir münasibətin içində ola bilməz. Bu, o biri müxalifət partiyaları üçün də keçərlidir. Digər müxalifət partiyalarının birlikdə olması çətindir. Amma bu, 13 ildir Türkiyənin yaşadığı çətinlikdən daha ağır deyil». 
 
Gül sükutu pozdu
 
Türkiyənin 11-ci prezidenti Abdulla Gül seçkidən sonra həm Ərdoğan, həm də Davudoğlu ilə telefon söhbəti aparıb. Gül onların hər ikisinə AKP-nin də təmsil olunduğu koalisiya hökuməti qurulmasının vacibliyini çatdırıb. İddialara görə, Gül «seçki qutusundan çıxan iradəni görməməzlikdən gəlib erkən seçki qərarı vermək çox böyük xəta olar» deyə bildirib. «Posta» qəzetinin yazdığına görə, telefon söhbətində Gülün fikirləri belə olub: «AKP-nin də təmsil olunduğu bir koalisiya hökumətinin qurulması üçün çalışılmalıdır. İmkan olduğu qədər uzlahmaya gedilməlidir. Millətin 7 iyun seçkisində verdiyi mesac – koalisyon hökumətdir. Qutulardan çıxan nəticəni görməməzlikdən gəlib erkən seçki qərarı vermək çox böyük xəta olar. Bu xəta gələcəkdə AKP üçün daha ağır nəticələr doğura bilər». 
Gültəkin