Din və Demokratiya Mərkəzi ictimai birliyi “Azərbaycan dövlətçiliyinin təbliği ilə bağlı səyyar maarifçilik tədbirlərinin təşkili” adlı layihəyə start verib. Mərkəzdən verilən məlumata görə, Azərbaycan əhalisinin dini həyat tərzi keçirən müəyyən qismi dini fanatizm və mövhumatçılıq ənənələrinə çox bağlıdır. Bu, çağdaş və dünyəvi Azərbaycan dövlətçiliyi dəyərlərini təhdid edir. Layihə çərçivəsində bu problemin həlli üçün maarifçilik tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu maarifçilik tədbirləri ideoloji vasitə kimi İslam dininin elmi və mütərəqqi mahiyyətinə uyğun təlimlər və müzakirələri əhatə edir. 4 ay ərzində həyata keçiriləcək layihə çərçivəsində Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Göyçay şəhərlərində əhalinin dindar, ziyalı, gənclər qruplarından ibarət auditoriyaları ilə görüş-müzakirələr təşkil olunacaq. Sonda Bakıda ilahiyyatçılar, müxtəlif dini konfessiya təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfrans keçirilicək.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.