Avropa Oyunlarına 1-2 gün qalmış hakimiyyətin antiAvropa kampaniyası daha da gücləndi. Televiziya kanalları, millət vəkilləri, rejim mətbuatı Avropa Birliyini, Qərb ölkələrini ən ağır ittihamlarla hədəf seçdilər. Hətta bir qrup öyrədilmiş gənc Avropaya qarşı etiraz aksiyası keçirdi. Dünyanın hakimiyyətə qarşı münasibəti o qədər kəskinləşdi ki, Avropa Oyunlarının arxasına sığınmaq da effekt vermədi. Yəni əcnəbilərə pulsuz xidmət göstərmək, avropalılar üçün milyardlar xərcləmək, hakimiyyətin simasını xilas edə bilmədi. Çünki, demokratiya və insan haqlarına nifrətin miqyası Avropa Oyunlarının təbliğatından önə keçdi. Hakimiyyət bu oyunlardan öz imicini düzəltmək üçün istifadə edə bilmədi. Əksinə, bütün əziyyətini şəxsi hikkəsinə görə zay elədi.
Təsəvvür edin ki, Avropa Oyunları ərəfəsində 164 təşkilat Azərbaycan hakimiyyətinin repressiv siyasətinə etiraz edərək birgə bəyanat verdi. Qərb ölkələrinin liderləri tədbirə qatılmaqdan imtina etdilər. Avropa Parlamentində Azərbaycana qarşı aksiya keçirildi, ardınca Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələr keçirildi. Beynəlxalq mətbuat isə ölkə reallıqlarını hər gün tirajlamaqla məşğuldu.
Azərbaycanda isə hakimiyyət təmsilçiləri “Avropa pisdir” şüarını qışqırmağa davam edir. Baş nazirin müavini Əli Əhmədov Avropanın xəstəliyə yoluxduğunu, idmanı siyasətə qatdığını, saxta tənqidlərlə məşğul olduğunu bildirib. PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə bildirib ki, Avropa Oyunlarının keçirilməsi Azərbaycanın qüdrətini bir daha sübut edəcək və bu oyunlar Avropa diplomatlarını heyran qoyub.
Bir tərəfdən bütün arsenallarını Avropaya qarşı yönəldiblər, Avropalı diplomatları xəstə adlandırırlar, o biri tərəfdən isə Avropanın heyranlığınıdan danışırlar.
Görünən isə odur ki, bütün dünya israrla siyasi məhbusların azadlığını tələb edir və heç bir tədbirin bu məsələni ikinci plana keçirməyəcəyini sərgiləyir. Azərbaycan hakimiyyəti isə “Azərbyacanda siyasi məhbus yoxdur” şüarına sadiqdir. Məsələ burasındadır ki, hakimiyyət siyasi məhbusların olduğunu əməli surətdə təsdiq edib. Əgər ölkədə siyasi məhbus yoxdursa, Işçi Qrup niyə yaradıldı, müxtəlif ittihamlarla həbs olunmuş insanlara niyə əfv ərizəsi yazdırılır, niyə hakimiyyətin hüquq müdafiəçiləri əlamətdar günlərdə hansısa siyasi məhbusların azad ediləcəyinin anonsunu verirlər? Bəlkə, Işçi Qrupu da ermənilər yaradıb? Bəlkə, siyasi əfv ərizələrinin də erməni lobbisi yazdırır?
Göründüyü kimi, hakimiyyət ölkədə siyasi məhbusların olduğunu etiraf edib. Sadəcə olaraq geriyə addım atmaq istəmir. Dövlətin və millətin maraqlarından imtina edilib. Məsələ burasındadır ki, beynəlxalq aləmin bu hakimiyyətdən başqa tələbi yoxdur. Yəni bu saat seçki islahatları, monopoliyalara son qoyulması kimi tələblər səslənmir. Yalnız siyasi məhbusların azadlığı tələb edilir ki, bu adamlar da Azərbaycan vətəndaşlarıdı.
Deməli, bütün dünya ilə müharibənin səbəbi ölkə vətəndaşlarına hörmət etməməkdir. Azərbaycan hakimiyyəti şərləyib həbs etdiyi adamları azad etmədiyinə görə bütün dünya ilə düşmən olub.
Göründüyü kimi, bu hikkə, siyasi məhbus məsələsinin həll olunmaması sonda hakimiyyətin özünü hədəf seçdi. Ancaq bu insanların sərbəst buraxılması, beynəlxalq təzyiqi sıfıra endirə bilərdi. Üstəlik, hakimiyyət bu qədər ifşa olunmaz, dünyada gözdən düşməzdi.
Bu gün Avropa Oyunlarına Lukaşenko, Putin kimi avtoritarlar gəlir. “Səs”, “Yeni Azərbaycan” kimi qəzetlər isə hakimiyyətə dəstək bəyanatları verir. Yəni artıq hakimiyyət təklənmiş vəziyyətdədir və manevr imkanları tükənib.
Heç bir canfəşanlıq fayda vermədi. Avropa Oyunlarının məşəli hakimiyyətin özünü yandırdı və bu alov hələ çox davam edəcək.
Xalqa hörmət etməməyin, qanunları ayaq altına atmağın nəticəsi belə də olmalıydı.
Axı, bu sizə lazım idimi? Bu qədər əziyyəti, xərci, təbliğatı şəxsi hikkəyə qurban verməyə dəyərdimi? Hakimiyyət qazdığı quyuya özü düşdü. Bütün avtoritar rejimlər kimi, bu hakimiyyətin də ifşası qaçılmaz idi.
Azad


