Düz 22 ildir ki, Əliyevlər iqtidarı Qərbin bütün demokratiya çağırışlarına standart “bu xalqa belə ürəyiniz yanırsa, bir milyon qaçqının problemləri ilə maraqlanın” deyə cavab verir. Zarafat öz yerində, etiraf edək ki, bu heç də pis “alınmır”. Hələlik yola verirlər.
Hətta son vaxtlar iqtidar rəsmiləri bir az da qabağa gedərək, Rusiya Qarabağın işğalına görə Qərbi günahlandırmağa başlayıblar, sanki orada dislokasiya olunan qoşunlar rusların yox, avropalılarındır. Xocalı faciəsi zamanı da ermənilərə dəstək verən ruslar yox, almanlar olub.
Fikir vermişəm, hər Xocalı ildönümü ərəfəsində Kreml Azərbaycan iqtidarına orden-medal paylayır. Bir milyon qaçqını boş verin, ən azı Xocalıya görə bu rəsmilərdən kimsə heç olmasa bu dəmir parçasından imtina etməli idi. Götürək elə hörmətli Şeyximizi, sinəsində rus orden medallarından boş yer tapmaq mümkün deyil, sonuncusunu da iki gün bundan qabaq aldı. Böyük ehtimalla yenə də olacaq. Sizi əmin edirəm ki, əgər şeyx bir dəfə bu mükafatın birindən imtina etsə, dünya dağılmayacaq, əksinə, Kremldə də bunu anlayışla qarşılayacaqlar, barmaqlarını dişləyib deyəcəklər ki, ey dili-qafil, şeyx bizdən ağıllı imiş, xəbərimiz yoxdu…
Məni təəccübləndirən isə, Əli Həsənovun Qarabağ münaqişəsinin “kökünü qazıyan” “Azərbaycanın geosiyasəti” (?) adlı kitabından dərhal sonra Kremlin ən yüksək mükafatına layiq görülməsidir. Nə yazılmışdı orda, erməniləri Qarabağa yerləşdirməkdə kimi günahkar çıxarmışdı, bilmirəm, amma fakt budur ki, Əli Həsənov rusların ali mükafatına layiq görüldü. Nəzərinizə çatdırım ki, hələlik Rusiyadan mükafat alan ikinci belə tarixçimiz yoxdur. Hə, keçək əsas mətləbə.
Qərb Qarabağ məsələsində çox prinsipial mövqedədir. Onlar qondarma qurumu tanımır, Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir. Münaqişə ilə bağlı AŞ PA-nın 1416 saylı qətnaməsində açıq şəkildə Ermənistanı işğal etdiyi əraziləri boşaltmağa çağırır. Demək olar, hər il AŞ PA-da erməni nümayəndə heyəti çətin suallar qarşısında qalır.
Bəli, Qərb daha radikal addımlar atmır. Səbəb Azərbaycan iqtidarının Qarabağ məsələsində qətiyyətsizliyidir. Iqtidar Qarabağ və qaçqınlar problemindən yalnız özünə olan basqılar zamanı istifadə edir. Qərbin Azərbaycana qarşı demokratiya və insan haqları tələbi səslənən kimi, bir milyon qaçqının hüquqları “yada düşür”. Çox təəssüflə bildirmək istəyirəm ki, Qarabağ artıq siyasi alver predmetindən şantaja çevrilib. Iqtidar bir milyon qaçqınla Qərbi sözün əsl mənasında hədələyir və əhalidə Avropaya qarşı nifrət oyatdığını düşünür.
Əslində Qarabağ məsələsində Qərbin mövqeyi Azərbaycan iqtidarının mövqeyindən daha prinsipialdır. Söz azadlığı, insan haqlarının qorunduğu , korrupsiya və rüşvətdən uzaq bir Azərbaycan, ermənilərin bütün arqumentlərini alt-üst edər, onları çıxılmaz vəziyyətə salardı. Hazırda ermənilər dinc yanaşı yaşamağın mümkünsüzlüyü kimi, ölkədəki avtoritar rejimin mövcudluğu və demokratik təsisatların vəziyyəti ilə izah edirlər.
Nəinki Qərb, heç qardaş Türkiyə belə heç vaxt əlinə silah alıb Qarabağı bizə qaytarmayacaq. Azərbaycan Qarabağı qaytarmaq üçün demokratik, azad bir cəmiyyətin qurulmasına start verməlidir. Bax o zaman Qərbi Qarabağ və bir milyondan çox qaçqının hüquqları ilə təhdid etmək olar.
Bu gün ölkədə hüquqları pozulanların başında qaçqınlar gəlir. Dövlətin onlara ayırdığı vəsaiti məmurlar mənimsəyir. Bu gün Bakıda elə qaçqınlar var ki, onlara bir qəpik belə kompensasiya ödənilmədən küçəyə atırlar. Yaxın saylarımızın birində sizə “Qaçqınkom”un Bakının Cavanşir küçəsi 8. ünvanında 22 ildir məskunlaşmış məcburi köçkünü heç bir kompensasiya vermədən necə küçəyə atması haqda ürəkağrıdan hekayəni təqdim edəcəyik.
Yeri gəlmişkən, nəzərinizə çatdırmaq istəyirəm ki, Qərbi bir milyon qaçqının hüququ ilə təhdid edən zatların əksəriyyəti qaçqınların hesabına varlananlardır. Əsasən humanitar sahədə çalışan məmurlarımız bu sahə üzrə ixtisaslaşıb.
Yazımı baş nazirin humanitar işlər üzrə müavini Əli Əhmədovun dünənki müsahibəsindən bir cümlə ilə yekunlaşdırıram, buyurun: “Əgər doğrudan da Avropa Parlamenti ədalət meyarları əsasında kiminsə pozulmuş hüquqlarının müdafiəsinə qalxmaq istəyirsə, Azərbaycanda belə insanların sayı bir neçə deyil, bir milyondur”…
Bəlkə, doqquz milyondur, Əli müəllim?..