“Yeni Azərbaycan”ın fərqli “irq”i

Yaxud xalqın gözündə yadlaşan hakimiyyət

 
Əslində bu ölkənin fəlakəti onda başladı ki, tənqidə, fərqli fikrə qarşı qatı düşmənçilik mövqeyi hakim kəsildi. Ancaq bugünə qədər hakimiyyət tənqiddən nəticə çıxarsaydı, bu gün tamam fərqli bir Azərbaycanın vətəndaşları olardıq. Yəni şəffalığın, sosial ədalətin, ədalətli hüquq sisteminin, keyfiyyətli təhsil və səhiyyənin şahidi olardıq. Amma mövcud hakimiyyət və onun əlaltıları bu tənqidləri qətiyyən qəbul etmədilər və Azərbaycan bu gün dünyadan təcrid olunmuş vəziyyətdədir. 
Təbii ki, “Azadlıq” qəzeti bütün dövrlərdə ölkədəki problemləri dilə gətirib və neqativ tendensiyalara sərt münasibət sərgiləyib. Amma cəmiyyətin varlığından xəbərsiz olduğu “Yeni Azərbaycan” qəzeti  “Azadlıq”ı “ifşa” etməkdə davam edir. Indi də “Azadlıq”ı irqçilikdə ittiham edirlər.  Qeyd edək ki, “Azadlıq” ötən sayında idman sahəsindən yazmışdı və bu sahənin yükünün əsasən əcnəbilərin çiynində olduğunu sübuta yetirmişdi. Belə ki, bir neçə gün sonra  keçriləcək Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançıların mütləq əksəriyyəti qeyri-azərbaycanlılardı. Biz də haqlı olaraq irad bildirmişdik ki, idmana xərclənən milyardların, tikilən idman komplekslərinin ölkə idmanına çox az təsiri olub. Faktiki olaraq bütün sahələr üzrə legionerlərin ümidin qalmışıq. Ancaq bu illər ərzində, bu qədər vəsaitlə milli idmançılar yetişdirmək olardı. Biz bütün ölkələrin vətəndaşlarına hörmətlə yanaşırıq. Amma istəyirik ki, Azərbaycanın bayrağını Ivanlardan, Maykllardan daha çox, Əlilər, Vəlilər qaldırsın. Buna görə “Azadlıq” qəzetini ittiham etmək, analoqu olmayan təfəkkürün məhsulu ola bilər.
“Yeni Azərbaycan”da dərc olunmuş palaz boyda məqalədə ünvanımıza bütün ittihamlar səslənib. Əvvəl “erməni” ittihamı ilə başlamışdılar, indi də “irqçi” ittihamı ilə davam edirlər. Guya, Azərbaycanda bütün vətəndaşlar bərabərhüquqluymuş, bizim xəbərimiz yox imiş. Sən demə biz  bu haqlı iradla erməni dəyirmanına su tökürmüşük. Guya, bu qədər legionerin olması təbii imiş və bizim bundan anlayışımız yox imiş, sərhədləri aşa bilməmişik və s.
Bəli, bu ölkədə yaltaqlanan, şərə xidmət edən, həqiqətlərə nifrət bəsləyən hər kəs bərabərhüquqludur. Amma həqiqəti söyləyən, neqativ halları tənqid edənlər “erməni”dir, “irqçi”dir, dəyirman sulayandı.
Qarabağ qazilərinin intiharından, əsgər ölümlərindən,  Bakıdakı faciəli yanğından, korrupsiyadan, siyasi məhbuslardan, inhisarlardan, təhsilin, səhiyyənin bərbad vəziyyətindən, idmandakı pis ənənədən yazmaq “vətənə xəyanətdir”. Amma ofşorlardakı milyadlara göz yummaq, mənasız layihələrə milyonlar xərclənməsini uğur kimi qəbul etmək, 15 nəfərin ölümünə səbəb olmuş yanğına görə “JEK” müdirinin həbs olunmasını prinsipiallıq kimi qiymətləndirmək, müəllimin 150 manat maaş almasını, iqtisadiyyatın neftdən asılı vəziyyətə düşməsini, erməni idmançılara milyonlar xərclənilməsini, ölkənin məmurlar arasında bölüşdürülməsini inkişaf saymaq vətənə xidmətdir.
Biz, “Yeni Azərbaycan” kimi “vətənə xidmət” etməkdənsə, “Azadlıq” kimi “vətənə xəyanət” etməyi üstün tuturuq.
Əgər idmanda bu qədər legionerin olması təbidirsə, monotonluğun ləğvi bu qaydada olmalıdırsa, o zaman icra başçılarını, nazirləri, komitə sədrlərini də legionerlərdən təyin edin və irqçi olmadığınızın təbliğatını aparın.
Gecə-gündüz Avropanı söyüb, ardınca gülə-gülə Avropa Oyunları keçirmək hansı zehniyyətin məhsuludur? Avropada “erməni” damğası vurmadığınız, ekspert, təşkilat qalmayıb. Insanlara hörmət etməyin, sərhədləri aşmağın göstəricisi budurmu?  
Hakimiyyətlə xalq arasında uçurum yaradıb, sonra başqalarını irqçilikdə ittiham etmək “fenomenal” hadisədir. Öz vətəndaşına yad kimi baxanların, öz vətəndaşını kölə vəziyyətinə salanların kimisə irqçilikdə ittiham etməsi lətifə mövzusudur.
Amma etiraf etmək lazımdır ki, bu qədər yalan və böhtan istehsal etmək üçün, tamam fərqli irqə mənsub olmaq lazımdır.
Bir sözlə, sərhədləri aşıb irəliyə, tərəqqiyə doğru getmək lazımdır. Sərhəddi aşıb cəhalət dövrünə, orta əsr təfəkkürünə düşmək faciəlidir. 
Unutmayın ki, artıq ölkə vətəndaşları bu hakimiyyəti və onun “Yeni Azərbaycan” kimi züy tutanlarını da legioner kimi görməyə başlayıb. Çünki, bütün milli əlamətləri itirmisiniz və köhnəliyin, cəhalətin, çirkabın libasını geyinmisiniz.
Akif