Beynəlxalq dəstəkdən məhrum olanlar, öz-özünə dəstək bəyanatı verir
Azərbaycan hakimiyyəti həqiqətən də özünü itirib. Belə görünür ki, bu təfəkkürlə itirilən tapmaq mümkün olmayacaq. Bütün dünya Əliyev hakimiyyəti ilə konfrontasiya vəziyyətindədir. Yeganə səbəb isə demokratiya və insan haqları məsələsidir. Hakimiyyət isə israrla “mən vətəndaşıma hörmət etməyəcəm” deyir. Yəni, şəxsi maraqlar naminə dövlətin və millətin maraqları məhv edilir, beynəlxalq aləm ilə bağlar qırılır və dövlətin imici getdikcə daha da zərbə alır.
Demək olar ki, ölkədə müstəqil mətbuat, vətəndaş cəmiyyəti tamamən sıradan çıxarılıb. QHT-lərlə bağlı qanunun sərtləşdirilməsi, müstəqil QHT-lərin bağlanması, tanınmış QHT rəhbərlərinin şərlənərək həbs edilməsi, hakimiyyətin avtoritar mahiyyətindən doğur. Hakimiyyət bütün bu addımları ona görə atdı ki, ölkədə müstəqil hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, real vəziyyəti dünyaya çıxarda bilən adamlar qalmasın. Elə bir vəziyyət yaradılar ki, yalnız hakimiyyətin qazanından qidalanan, hakimiyyətin pis əməllərini malalayan təşkilatlar və şəxslər qaldı. Amma bütün addımlarla da kifayətlənmədilər. 2 gün öncə Nazirlər Kabinet “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarında müvafiq dəyişiklik edib. Qərarda qeyd olunur ki, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycanda dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər.
Yəni, hakimiyyət tamamən qapalı bir sistem yaratmaq istəyir. Bundan sonra müstəqil heç bir qurum fəaliyyət göstərə bilməyəcək. Yalnız hakimiyyətin qılıncının altından keçənlər, donor kimi çıxış edə biləcəklər.
Amma bütün bu “tədbir”lər nəticəsiz qalır. Artıq ən yüksək səviyyədə Avropa oyunları boykot olunur. Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə açıq etirazlar bildirir. Beynəlxalq tədbirlədə Azərbaycandakı siyasi məhbusların şəkilləri yayılır.
Bugünlərdə isə 164 beynəlxalq təşkilat FIDh adı altında birləşərək, Azərbaycan hakimiyyətinin avtoritar siyasətinə etiraz etdilər. Bu təşkilatlar Azərbaycanda insan haqlarının pozulması ilə bağlı kampaniya başlayıblar və Avropa oyunları keçirilən ölkədə hansı qanunsuzluqların baş verdiyini ictimailəşdirmək qərarı veriblər.
Dünyada heç bir dayağı qalmayan Azərbaycan hakimiyyəti daxildəki əlaltılarına möhtac qalıb. Belə ki, bugünlərdə “76 təşkilat Avropa oyunlarına dəstək verdi” başlıqlı xəbərlər yayıldı. Sonradan məlum oldu ki, bu təşkilatlar nəinki dünyada, ölkə daxilində də tanınmır. Bu 76 təşkilat siyahısına “Səs”, “Yeni Azərbaycan”, “Iki sahil” kimi qəzetlər də daxildir.
Bəli, dünənə qədər AŞPA-da, AB-da özünə müəyyən tərəfdarlar tapa bilən hakimiyyət, bu gün “Səs” qəzetinin ümidinə qalıb.
Gündəlik tirajı milyonlarla ölçülən qəzetlərin qarşısına, heç kimin oxumadığı “Səs”-lə, “Yeni Azərbaycan”la çıxırlar.
Yəni, artıq heç bir mötəbər qurum hakimiyyətin ssenarisində rol almaq istəmir. Daxildə isə prinsipsiz, yaltaq, hakimiyyətin 5-10 manat ianəsinə möhtac qalanlar mövcuddur.
Məsələn, Avropa oyunlarına dəstək bəyanatı verən Vətəndaş Cəmiyyəti Koalisiyasına daxil olan “Sosial Rifah və Tədqiqatlar”ÿIctimai Birliyi QHT şurasından 5000 manat, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin Inkişafı” Ictimai Birliyi 5000 manat, “Insan Hüquqları və Maarifçiliyi” Ictimai Birliyi 5500 manat qrant alıblar. Bu siyahını uzatmaq da olar. Demək istəyirik ki, bəyanat verən təşkilatlar hakimiyyətdən qrant alan və fəaliyyəti heç kimə məlum olmayan QHT-lərdi.
Bəli, hakimiyyət öz təşkilatları ilə özünə dəstək bəyanatı verir.
Akif


