Azərbaycanın milyardları xaricə axır

Ölkədə biznes mühitinin olmamasından Türkiyə və Gürcüstan qazanır

 
Cari ilin birinci rübündə xaricdən Gürcüstan iqtisadiyyatına 444 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Xarici investorlar sırasında Azərbaycan birinci yerdədir. Azərtac-ın məlumatına görə, bu dövrdə Gürcüstan iqtisadiyyatına yönəldilən investisiyaların 34 faizi Azərbaycana məxsusdur. Gürcüstan iqtisadiyyatına sərmayə yatıran xarici ölkələrin sırasında Türkiyə 15 faizlə ikinci, Rusiya isə 13 faizlə üçüncü yerdədir.
Bundan əvvəl Türkiyənin Palatalar və Birjalara Birliyinin yaydığı məlumatda bildirilirdi ki, yanvar-aprel aylarında qardaş ölkədə Azərbaycan kapitallı 60 şirkət, o cümlədən 16 səhmdar cəmiyyət yaradılıb. Səhmdar cəmiyyətlərin kapitalında Azərbaycan investorlarının iştirakı 76,5 faizdir (4 milyon 391,5 min lirə). Azərbaycan sahibkarları məhdud məsuliyyətli şirkətlərin kapitalına isə 3 milyon 392 min lirə qoyub. Investorlarımız əsasən ticarət, ictimai iaşə, turizm, nəqliyyat və s. sahələrə sərmayə yatırır.
Ekspertlərin fikrincə, Türkiyə, Gürcüstan, ümumiyyətlə ölkədən kənarda investisiyaların həcminin artması Azərbaycanda normal biznes mühitinin olmaması ilə bağlıdır. Onların sözlərinə görə, yerli sahibkarlar Azərbaycanda iri yatırımlar etməyi riskli sayırlar. Az əvvəl oliqarxların həbsi də göstərdi ki, Azərbaycanda iri bizneslə məşğul olmaq təhlükəlidir. Ekspertlər düşünür ki, “oliqarx ovu”ndan sonra Azərbaycandan xaricə kapital axını daha da güclənəcək.