Azərbaycan nədən aqrar ölkə ola bilməz?

Vahid Məhərrəmov: «Ölkənin öz brendinin dünya bazarında tanınması mütləq baş verəcək»

 
Kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuatda müzakirəyə səbəb olan açıqlama verib. Fins.az-ın “Biznesinfo”ya istinadən yaydığı məlumata görə, nazir dövlətin strateji inkişaf siyasətində Azərbaycanın aqrar ölkəyə, aqrar sahənin inkişafından asılı olan ölkəyə çevrilməsinin nəzərdə tutulmadığını söyləyib.
H.Əsədov öz fikrini Azərbaycanın Dünya Bankının təsnifatına əsasən “orta gəlir səviyyəsinə malik ölkələr” qrupuna aid olması ilə izah edib: “Biz bütövlükdə iqtisadi inkişafın kənd təsərrüfatı sahəsindən ciddi şəkildə asılı olduğu ”aşağı gəlirli ölkələr" qrupuna daxil deyilik". Bununla belə, Heydər Əsədovun sözlərinə görə, dövlət yüksək məhsuldarlığa malik cins heyvanlar əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasını dəstəkləyir və intensiv ferma modeli aqrar siyasətdə prioritet vəzifə kimi qoyulub: “Oxşar olaraq bitkiçilik məhsulları istehsalçılarının da yüksək məhsuldarlığa malik toxum sortları ilə təmin edilməsində dövlət tərəfindən dəstəklənir. Bitkiçilik sahəsində də intensiv inkişafın təmin edilməsi başlıca vəzifədir”.
Kənd təsərrüfatı sahəsi üzrə ekpert Vahid Məhərrəmov söyləyir ki, Kənd Təsərrüfatı Nazirliyində idarəetməyə gətirilən kadrlar bu sahədən bixəbərdirlər. Reallığı bilməyən kadrlar ölkənin potensialı, kənd əhalisinin sayı, onların işlə təminatından xəbərsizdirlər. Nəticədə bu sektorun gəlirli bir sahəyə çevrilməsi baş tutmur:
“Azərbaycanın çox böyük potensialı var. Ölkədə mövcud olan torpaq iqlim şəraiti dünyanın heç bir ölkəsində yoxdur. Coğrafi və resurs baxımından ölkəmizi dünyanın ən inkişaf etmiş ölkələrinə bənzədirlər. Yəni ölkənin bu sahədə potensialından istifadə olunmadığı halda, aqrar ölkə olmadığımızı demək düzgün deyil. Azərbaycan aqrar ölkədir və gələcəkdə də özünü aqrar ölkə kimi tanıdacaq. Bizi kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər gözləyir və ölkənin bütün kənd təsərrüfatı üzrə öz brendinin dünya bazarında, inkişaf etmiş Avropa ölkələri bazarında tanınması mütləq baş verəcək. Əhalimiz kimi işgüzar, biznesi yaxşı bilən ikinci bir xalq tanımıram. Onlar digər ölkələrdə belə, aqrar sahədə böyük biznes qururlar. Bu sahədə potensialımız var, resurslarımız kifayət qədərdir. Yeganə problem idarəetmədədir”.
Nigar