Önəmli olan “qol”un vurulmasıdır

Orxan Valehli
 

Yəqin ki, son günlər ərzində baş verən hadisələrdən xəbərdarsınız. Arif Məmmədovun hakimiyyət əleyhinə sərt bəyanatı, avropalıların Avropa Oyunlarını boykot etməsi və Fransa, Almaniya kimi böyük dövlətlərin Azərbaycan hakimiyyətini ifşası. Amma hakimiyyət bu addımlara da bir don geyindirməyi bacardı. Elə don ki, qıraqdan çox gen və yöndəmsiz görünür. Kor korluğu ilə görə bilər ki, bu don çox tələsik biçilib və məcbur geyindirilib. Hə, guya ki, qosqoca Almaniya Azərbaycanın yaxşı gününü istəmir və paxıllıq çəkir. Sonda da deyirlər ki, elə onlar gəlməsələr yaxşıdır. Bişmiş toyuğun belə gülməyi gələcək bir məsələdir. Azərbaycandan əvvəl, bu təklif Almaniyaya olmuşdu. Onlar rahat şəkildə bunu qəbul edə bilərdilər və etmədilər. Ona görə yox ki, gücləri çatmazdı, ona görə ki, onlar üçün reklam yox, xalqın rifah halı vacibdir. Bizim bəzi geri zəkalar da düşünür ki, Almaniya kimi bir dövlət bu yükün altına girə bilmədisə, qoy biz girək və dünyaya sübut edək ki, biz Almaniyanın bacarmadığını bacardıq. Biz onlardan güclüyük.
 
Bizim gücümüz haradan qaynaqlanır? Dünya yaxşı bilmir ki, bu "güc" haradan qaynaqlanır və xalqın hansı günü bahasına başa gəlir. Adama deyərlər ki, belə güclüsənsə, Avropanı belə bəyənmirsənsə, niyə bizdən kömək umursan? Niyə hər siyasi toplantılarda qeyd edirsən ki, Avropa Birliyi Qarabağ məsələsini həll etməlidir, bizə kömək edin. Bir də ki, başa düşmək olmur, ay balam, bu avropalı-avropalı deyirsiniz e, onlar kimlərdir? Almaniya belə, Fransa elə, bəs yerdə kim qaldı? Əsil avropalı bu oyunu boykot edirsə, siz niyə əl-ayağa düşmüsünüz? Tarix boyu belə bir şey olmayıb ki, tam ifşa olunmaq bahasına, öz başına bəla açmaq üçün bu qədər pul xərcləyəsən. Bəs bəla necə olur? Bütün dövlət işçilərinin maaşını kəsməklə özlərinə nifrət qazanıblar. Televiziyalarda bu qədər reklam olunmağa baxmayaraq, biletlər satılmır və biletləri məcbur satırlar dövlət işçilərinə. Kiçik bir nüansı nəzərinizə çatdırım ki, televiziyalar da zara gəlib. Neçə aylardır ki, reklamdan pul götürə bilmirlər. Efirlərdə gedən reklamların 90%-i Avropa Oyunları ilə bağlıdır. Mən futbol oynayan və futbolla maraqlanan biri deyiləm. Təsadüfən bir komandanın oyununa baxdım və təəssüflər olsun ki, bunu da siyasətlə müqayisə etdim. Nə edək, alnımıza yazılıb. Deməli, fikir verirəm ki, eyni komandanın oyunçuları bir-birinə ötürmə edir və düşünmürlər ki, bu "qol"u niyə o vurmalıdır, elə özüm vuraram. Baxırsan ki, doğrudan da, düz qapının ağzındadır və ötürmə etməsə belə, özü rahatlıqla vura bilər. Amma onlar nə edir, işi şansa (neçə faiz olur, olsun) buraxmırlar. Onlar üçün fərqi yoxdur, kim vurur-vursun. Təki, qalibiyyət komandanın olsun. Mən düşünürəm ki, real həyatda və siyasətdə belə deyil. İndiyədək olmayıb. Arzu və tələb edirəm ki, belə olsun. Bizi illərdir aldadan və məhv edən komandanın müdafiəsi çox zəifdir. İstənilən bir "oyunçu" ora "qol" vura bilər. Yetər ki, bir-birimizə kömək edək və hamımız üçün kimin “qol” vuracağı deyil, “qol”un vurulacağı önəm daşısın. O zaman qələbə bizimlə olacaq. İllərdir qarşısını kəsdiyimiz qələbə.