Hakimiyyətin musiqili söküntüsü

Hacıbala müəllim villa sahiblərinə belə «toy» tutdu

 
Son günlərin maraqlı hadisələrindən biri də villaların musiqi sədaları altında sökülməsi oldu. Xəbər yayıldı ki, Bakı meri “sahibi tapılmayan” villaları nəğməli formada sökmək qərarı verib. Doğurdan da bu hakimiyyətin vəziyyəti kritikləşir və komandada psixoloji durum  “fontan” vurur. 
Görəsən, sökülən villalarla milli musiqinin nə əlaqəsi var"  Bəlkə bu villaların sahibləri “xaric” oxuyub. Yaxud, Hacıbala müəllim villa sahiblərinə bu formada etiraz edir, acıq verir"
Əslində baş verənlər Azərbaycan reallığına uyğundur. Bu ölkədə 22 ildir ki, oxumaq  prioritetdir. Televiziyalar palatka toyuna çevrilib. Bayağı mahnılar, bəstələr meydan sulayır. Yəni, 22 ildir Azərbaycanı “oxudurlar”. Daha dəqiq desək mənəvi dəyərlər, sağlam düşüncə, intellektual səviyyə  bayağı musiqi sədaları altında sökülüb. Ölkənin təhsili, səhiyyəsi, hüquq sistemi, iqtisadiyyatı, elmi çalıb-oxumağa qurban verilib. Bu ölkədə səsi olmayan müğənni,  professordan daha hörmətli, daha imkanlıdır. Bu ölkədə müğənni olmaq istəyən, müəllim olmaq istəyənlərdən min  dəfələrlə çoxdur.
Hacıbala müəllim də bu ümummilli bəlanı, real söküntüyə də transfer etmək qərarına gəlib. Yəni, mənəvi tikililəri necə söküblərsə, maddi tikililəri də eyni qayda ilə sökürlər.
Görünür, bu da analoqsuz inkişafın başqa bir göstəricisidir.  Hacıbala müəllim yeyib-içən adamdı. Ah-nalə səslərini musiqi sədası ilə sintez edərək, yeni “əsər” yaradır.  Bəlkə də bu musiqi sədaları söküntünün sürətlənməsinə kömək olur. Musiqi ruhun qidasıdır axı. Fəhlələr də mənəvi qida alaraq, prezidentin tapşırığını sürətlə yerinə yetirirlər.
Amma bir versiyada var. Bəlkə Hacıbala müəllim düşünüb ki, villaların sahibləri musiqi səsi eşidib, gizləndikləri yerdən çıxacaqlar.  
Istənilən halda söküntünün kuliminasiyasını “vağzalı” ilə bitirmək lazımdır. Birdə ki, villa sahiblərinə onsuz da “toy tutulub”. Hacıbala müəllim də bu “toy”un  musiqisiz keçməsinə razı olmayıb.
Bilirəm, hamınız bu musiqinin əsl səbəbini axtarırsınız.  Axtarmayın, bu hakimiyyətin işlərində məntiq axtarmaq da məntiqsizlikdir. Deyəsən, bunlar da oxuya-oxuya gedəcəklər.
Akif