
Son günlərdə bir sıra açıqlamaları ilə ölkə gündəmini zəbt edən Avropa İttifaqındakı diplomatımız Arif Məmmədov feysbuk səhıfəsində yeni müraciət yayıb. Müraciəti təqdim edirik:
Əziz dostlar, bacı və qardaşlar, sevimli xalqım.
İlk növbədə mənə inananlara, dostluq dəvəti (feysbukda – red.) göndərənlərə dərin minnətdarlığımı bildirmək istərdim. Sizin dəstək sözləriniz və dualarınız mənim düzgün yolda olduğumu bir daha təsdiqləyir, gücümü, əzmkarlığımı və inamımı daha da artırır.
PA (Prezident Administrasiyası – red.) çaşqınlıq vəziyyətində olaraq, cəmiyyəti də çaşdırmaq və mənim arxamda hansısa mifik bir gücün olduğuna inandırmaq istəyir. Bütün bunlara qısaca cavabım budur:
Mən əvvəllər də təhlil edərək ölkəmizdə "Azadlıq" qəzetinin ən obyektiv, dürüst və mübariz bir mətbuat orqanı olduğunu bilirdim. Mənə inananları bu mətbuat orqanındakı məlumatlara inanmağa dəvət edirəm. İnanmayanlar "haqqın.az" və PA tərəfindən maliyyələşdirilən mətbuat orqanlarına etimad edə bilər.
Qərbdə kifayət qədər geniş tanınmağımı və imkanlarımın olduğunu bilərək (Qərb 20 ildə mənim kim olduğumukifayət qədər dərindən öyrənib) primitiv şəkildə Qərbə mənim Rusiyanın dairələrinə yaxın olduğumu çatdırmaq istəyirlər. Bu, Avropada gülüşlə qəbul olunur.
Ölkə daxilində kimsə buna inanırsa belə, Qərb mənim heç bir xarici qüvvəyə bağlı olmadığımı çox gözəl bilir. Avropada insan hüquqları məsələsində hər zaman mübariz, təkidli olduğum heç kəsə və heç vaxt sirr olmayıb.
Dərin hörmətlə, Azərbaycan xalqının səfiri Arif Məmmədov