Onun əleyhinə “tapılan” çürük arqumentlər; O lüks həyat lüksdürmü?
Məncə, Arif Məmmədov fenomeni Bakıdakı Avropa Oyunlarını kölgədə qoyur. Ilham Əliyevin məşəl hərləməsi, indiki hakimiyyətin elita və ya “qaymaq” sayacağı bütün bu zümrəni məşələ səfərbər etməsi, Bakıda bütün kütlənin oyunlar zamanı davranış məşqlərinə cəlb edilməsi, məşqlərin görünməyən tərəfləri ki, bu barədə ayrıca xəbər veriləcək,- bütün bunlar Arif Məmmədovun yaratdığı olayın kölgəsində qalır.
Və təbii ki, ona qarşı geniş kampaniya aparılmalıdır… Hələlik, bu kampaniyanı çox xəsisliklə, yalnız bir-iki sayt və sosial şəbəkələrdə, ilk baxışdan sadəlövh skeptiklər təsiri bağışlamaq istəyən hökumətyanlı hüquq müdafiəçiləri və yarım müdafiəçiləri aparır. Mərəkə Avropa Oyunlarından sonra başlayacaq.
Arif Məmmədovun əleyhinə səsləndirilən arqumentləri sadalayacağam, baxmayaraq ki, bu arqumentlər ən ötəri tənqidə belə davamlı deyil. Ammü bütün hallarda bu arqumentlərin hamısı bir nöqtəyə bağlanır: “Axı, niyə, o, İlham Əliyevə qarşı çıxmağa cəsarət edib?!”.
Bu arqument düyününün cəsarət qıtlığından düyünə düşmüş adamlar tərəfindən səsləndirilməsi anlaşılandır, amma gəlin həmin arqumentlərə baxaq.
Səfirə qarşı arqumentlərin məhdud çərçivəsi
Deyirlər ki:
1.20 ildir səfir işləyib, bu hakimiyyətin yaratdığı imkanlar hesabına lüks həyat qurub və indi onun birdən-birə bu hakimiyyətə qarşı çıxması naxələflikdir.
Söhbətin naxələflik hissəsini hələlik, tərk edirəm.
Bu arqumentin mahiyyət yükü “20 ildir ki, bu hakimiyyətin yaratdığı lüks”dür. Bu, bir etirafdır ki, Azərbaycan hakimiyyəti yalnız özünün görəv verdiyi məmurlara və imtiyaz verdiyi iş adamlarına “lüks” həyat tanıyır. Bütün başqaları onun üçün heçdir. Belə bir hakimiyyət, yəni, xalqın ən geniş təbəqəsinə heç bir haqq və hüquq tanımayan, yalnız “özününkülərə” həyat tanıyan hakimiyyətin qalmaq haqqı varmı? Bu sualı ona görə qeyd edirəm ki, Arif Məmmədovu təftiş edən və guya “bitərəf” görünmək istəyən ziyalılar bunu eşitsinlər və oxusunlar. Hökumət öz məmurları üçün lüks şəraiti ona görə yaradır ki, günün birində, ağlından keçsə ki, it günündə yaşayan millət də var, basıb gözünü çıxartsın ki: “sənə hər şeyi vermişik, bununla qane ol və millətin sənə dəxli yoxdur”. Zatən, illərdir ki, Azərbaycan xalqı bu idarəetmənin bəd nəfsi ucbatından bu gündədir.
Arqumentin ikinci tərəfi “20 il” söhbətidir.
Niyə elə hesab edirsiniz ki, yalnız 20 il ərzində müxalifətçilik edən, diktatura ilə barışmayan, mübarizə aparan insanlar günün birində hansısa şirnikləndirici təkliflərlə hakimiyyətin tərəfinə keçə və onun arqumentlərini səsləndirə bilər. Axı, nə qədər acı olsa da, etiraf etmək lazımdır ki, belələri daha çoxdur. Onlar həyatlarının əhəmiyyətli hissəsini korrupsiya ilə, ümummilli oğurluqla mübarizəyə həsr edirlər, amma bir də görürsən ki, hansısa cüzi “mükafatın” müqabilində haqq və ədalət uğrunda apardığı mübarizəni, həm də ömrünün bəlkə də ən şərəfli hissəsini təslim edib əldə etdiyi o bioqrafiyanı satır… Indi bəlkə müqayisə edək, bunun hansı daha şərəflidir? 20 il sıxıntılara, təqiblərə məruz qalaraq azadlıq və bərabərlik, demokratiya və insan haqları uğrunda mübarizə aparan insanın öz ideyalarından imtina etməsi, yoxsa, bir başqasının günün birində 20 illik lüks həyatından imtina edib millətin hüquqları barədə danışmağa başlaması? Bu yolun ikisindən birinin, hansının daha ləyaqətli yol olduğunu birisi izah etsin. Həm də maraqlıdır ki, indi Arif Məmmədovu ittiham edənləri əksəriyyəti bu kateqoriyadan olan adamlardır…
2. Bunu bəlkə arqument adlandırmaq da olmaz, amma kampaniyanın solo hissəsində olmasa da xor bölümündə səsləndirilir. Bundan ibarətdir ki, Arif Məmmədov bir zamanlar GRU-nun məktəbində oxuyub, onu oraya Heydər Əliyev oxumağa göndərib, sonra Ilham Əliyevlə işləyib və indi onu yerindən oynadan, elə Ilham Əliyevin hökumətidir və bu, Ilham Əliyevə nəyə görəsə lazımdır. Söhbətin bu tərəfi kriminal tarixi-siyasi niyyətlərlə bağlı olduğuna və sıradan adamların “məxfi işlər”lə bağlı kompleksi olduğuna görə daha dərinə işləməlidir, bəlkə də. Yəni “əşi, bu da bir oyundur, görəsən kimi və ya kimləri yandırmaq üçündür?”.
Əgər Heydər Əliyevin, ondan sonra Ilham Əliyevin 30 illik, 20 illik, 10 illik strateji planlar qurmaq imkanları və bu planları işlədəcək sabit siyasi komandaları olsaydı, bu barədə danışmağa dəyərdi. Heydər Əliyevin heç zaman strateji planları olmayıb. O, taktik olub, vəssalam. Ilham Əliyev isə nə strateqdir, nə də taktik, inersiya üzrə hərəkət edir. Heydər Əliyevin belə bir strateji planını işə salacaq, aktuallıqda saxlayacaq, gələcəkdə tətbiq edə biləcək 30 il əvvəlki kadrların hamısı ya qəbirdədir, ya da Sibirdə. Başqa tərəfdən, indi XIN-də və ya hökumətin siyasətinin həyata keçirildiyi hər hansı başqa bir künc-bucaqda qalmaqal Ilham Əliyevin nəyinə lazımdır ki? Bəyəm kimlərisə cəzalandırmaq üçün ona fakt lazım olub nə zamansa? Kimi nə zaman kefi istəyir, tutub salır həbsxanaya, aradan itirir, nə bilim, daha neyləyir.
Başqa arqumentə bənzəyən fikrə rast gəlmədim.
Hə, ikisi qaldı. Bunlardan biri dərhal, isti-isti səsləndirilmişdi ki, Arif Məmmədov ermənidir, o birisi isə bir az soyuq başla düşünüldü ki, yox, Qərb kəşfiyyatı onu yerindən oynadır.
Bunlar, əlbəttə, çox qeyri-ciddi ittihamlardır, daha çox, ittiham da deyil, hikkədir. Indi oralarda birisi qərar versin: Qərb kəşfiyyatımı, Rus kəşfiyyatımı, Heydər Əliyevdən qalma məqsədli minamı, yoxsa nə?..
Korrupsiya ittihamı səslənmədi
Hələlik, ortalıqda korrupsiya yoxdur və yəqin ki, olmayacaq da. Əgər Arif Məmmədov Azərbaycanda olsaydı və “bandotdel”in əli çatsaydı, şübhəsiz, korrupsiyadan başqa ittiham olmayacaqdı. Məsələn, hətta poliuretan sexinin sahibliyini də onun boynuna qoyardılar…
Rejimə qarşı kimlər çıxmalıdır?
Mən Arif Məmmədovu müdafiə edirəmmi? Əlbəttə, müdafiə də edirəm, təqdir də edirəm.
Bizim bəzi politoloqlar da bir qərar versələr yaxşı olar: diktatura rejimlərinin çöküşü bu rejimin içərisindən olan insanların millətin əzilməsinə qarşı etirazları ilə sürətlənir. Niyə elə hesab edirsiniz ki, 50 illik bir sülalə rejiminin zülmündən xilas olmaq elə bir neçə min insanın işidir? Bir neçə min insan həm cəmiyyətdə etiraz fenomenini yaşatmalı, həm əbədi olaraq zülm və zilləti gözünün önünə almalı, həm bütün həyatını cəmiyyətin ağıllı, savadlı, dünyanı dərk edən adamlarından heç bir dəstək almadan cəmiyyətin elitasının da, kütlələrin də, sağın da, solun da əvəzinə yükünü çəkməlidirmi? Yəni bu nə deməkdir? Hakimiyyətdə olmaq kimi, müxalifətdə olmaq da irsi bir missiyaya çevrilməlidirmi? Yəni cəmiyyətin daha geniş təbəqəsinin bu prosesə qoşulub ölkədə aydın bir mənzərə yaratmaq iddiası heçmi olmamalıdır? Müəllimlər, həkimlər qorxurlar, seçki cinayətlərində iştirak etdikləri üçün hər birinə qarşı hazır cinayət maddələri var; ali məktəb müəllimlərini hər zaman rüşvətlə şantaj edib ilişdirə bilərlər; alimlər – elm adamları siyasətə qarışmırlar, elmimizi “dünyada tanıdırlar”, deputatların mandatı saxtadır və hamısı 20 ildir ki bu hakimiyyətin imkanları hesabına “lüks həyat yaşayırlar”, buna görə də asi çıxa bilməzlər, vətəndaş cəmiyyəti qalmadı – tutub basdılar həbsxanalara, jurnalistlər qalmadı – hamısını, bir çoxlarını isə işlədikləri qəzet qarışıq satın aldılar,.. Kim(lər) axı dəyişmməlidir bu sahmanı? Allah sizə lənət etsin, yəni görmürsünüz ki, bu ölkə hansı kökə düşüb? Belə bir ölkədə yaşamaq, yalanın, yaltaqlığın, saxtakarlığın, haramxorluğun bəd nəfəsi heçmi sizi vurmur?.. Heçmi narahat deyilsiniz ki, bu ölkə tək bir nəfərin dəcəl iradəsindən asılıb qalıb və günün birində adına Vətən deyə biləcəyiniz bir küllük də qalmayacaq? Bu qədər talan sizi narahat etmirmi? Etmirsə, o zaman narahat olanlara şəbədə qoşmayın…
Hakimiyyətin içində olanların bu mənəvi-siyasi-iqtisadi qarət haqqında daha dəhşətli bilgiləri var. Biz təsəvvür edirik, onlar isə dəqiq bilirlər! Bu qədər dəhşətli və ağır informasiyalar nə zamansa hansısa vicdanları silkələyib oyatmalı deyilmi?
İçəridən və dışarıdan yıxılan diktaturalar
Arif Məmmədov da bir insandır. Indi onun üstünə qarğa-quzğun kimi tökülənlərin onu ifşa etməkdən, onu cəzalandırmaqdan daha çox bir qayğısı var: bu nümunəni cəmiyyətin gözündən salmaq ki, amanın bir günüdür, təkrarlanmasın! Amma təkrarlanacaq. Əmin olun! Tarixin də bir məntiqi və diqtəsi var. Bu məntiqə qarşı çıxmaq olmur və diktaturalar əbədi deyil. Diktaturalar ya içəridən, ya da bayırdan yıxılır. Içəridən yıxılan duiktaturalar millət üçün ağrısız olur və ya daha az ağrılı olur. Vay o gündən ki, diktatura bayırdan yıxılsın!
Bu proses… durmalıdır!
Məntiq bunu hökm edir ki, indi diktaturanın bağrında olan adamlar gözlərini açıb ölkənin durumuna baxsınlar. Orada Arif Məmmədovun nümunəsini təkrarlayacaq çox adamlar var. Lap çox… Bu adamlar öz ölkələri, öz adları və öz övladlarının gələcəyi naminə gözlərini daha geniş açıb, papaqlarını qabaqlarına qoyub, məsuliyyəti çiyinlərinə götürüb bu nümunəni təkrarlamaqdan qorxmamalıdır. Zatən, 20 ildir ki, qorxurlar. Mənim tanıdığım çoxlu diplomatlar və başqa ranqdan olan məmurlar var ki, onların içində o işığı görürəm. Həmişə də gözləmişəm ki, o işıq o qorxuya qalib gələcək. Arif Məmmədovu isə tanımırdım. Nə zamanlarsa belə bir diplomatımızın olduğunu eşitmişdim, amma onunla bağlı heç bir müsbət və ya mənfi fikrim yox idi. Onun nümunəsi mənim özüm üçün pıçıldadığım proqnozların yanlış olmadığını hökm edir.
Avtoritar rejim məmurların sədaqəti üzərində bərqərar deyil, onların istismarı üzərində qurulur. Bu məmurları yükləyirlər və istismar edirlər. Onları millətin lənəti ilə yükləyib istismar edirlər. Millət onlara lənət oxuyur, onlar isə millətə kin və qorxu saçır… Bu proses durmalıdır. Arif Məmmədovun nümunəsi də sübut edir ki, durmalıdır!..