YAP-ın yerində sayan seçki siyasəti

600 min üzvü olduğunu iddia edən partiyada niyə yeni namizdələr üzə çıxmır?

 
Qarşıdan parlament seçkiləri gəlir. Ancaq 20 ildən artıqdır ki, Azərbyacanda seçki prosesi dəfn olunduğuna görə, seçkinin heç bir önəmi qalmayıb. Bütün seçkilərdə hakim partiya uduzsa da, səslərin saxtalaşdırılması nəticəsində qutudan “üzü ağ” çıxa biliblər. 
Yəni, bugünə qədər Azərbaycanda rəqabətli seçki prosesi olmayıb və hakimiyyət bütün qanunsuz vasitələrlə rəqiblərini sıradan çıxarmağa çalışıb. 
YAP icra katibinin müavini Siyavuş Novruzov da parlament seçkilərin əhazırlıqla bağlı müdrik fikirlərini mətbuatla bölüşüb: “Azərbaycanda 40-dan artıq partiya bəyanat verib ki, seçkilərdə iştirak edəcəklər.ÿ
Indi biz də baxacağıq ki, hansı dairədən hansı namizəddir və bizim namizəd kim olmalıdır ki, orada seçicilərin rəğbətini qazansın, səs çoxluğu ilə qələbə çalsın. Yerdəyişmələr də ola bilər. Yəni, bunların hamısı taktiki gedişlərdir. Bunların hamısı olacaq. Bu səpkidə proseslər gedir. Bizim indiyə qədər keçirdiyimiz sosioloji sorğular da, bütün ictimai rəylər də onu göstərir ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qələbə çalacaq" – deyə Siyavuş Novruzov bildirib.
Bu adam hələ də seçki haqqında danışa bilir. Elə təəssürat yaranır ki, guya hakim partiya şəffaf seçkilərə hazırlaşır. Kağız üzərində 600 mindən artıq üzvü olan partiyanın deputatının, nazirinin, komitə sədrinin, icra başçısının əksəriyyəti dəyişməz olaraq qalır. Görəsən, bu nəhəng partiyanın kadrları harda istirahət edir ki, köhnələri təzələmək mümkün olmur? 20 ildən artıq bir müddətdə parlament kürsüsünü zəbt etmiş YAP-çıların sirri nədədir?
Deməli etiraf olunur ki, YAP-da rəqabət mühiti, şəffaflıq, sıravi üzvlərə imkanlar şansı yoxdur. Ya da 600 mindən artıq üzvün arasında savadlı kadr yoxdur. 
Digər tərəfdən Siyavuş Novruzov yerdəyişmələrdən danışır ki, bu da daha çox real görünür. Əvvəla ona görə ki, YAP-ın deputatları əvvəl seçildikləri dairədə heç bir iş görməyiblər, vətəndaşların arasında olmayıblar və seçildikləri ərazidə simpatiya qazanmayıblar. Ona görə də eyni şəxslərin eyni ərazidən namizədliyin verməsi, daha çox saxtakarlıq əziyyəti tələb edir. Ona görə də YAP deputatlarının yerini dəyişmək lazımdır ki, seçiciyə üzərkli vəd verə bilsinlər.
Həm də ki, bu yerdəyişmə məsələsi YAP-ın ənənəvi siyasətidir. Ölkə başçısı tez-tez icra başçılarının yerini dəyişir. Daxili Işlər Naziri rəislərin yerini dəyişir. Baş prokurorluq prokurorların yerini dəyişir və.s. Yəni, bu hakimiyyətin dövründə “toplananların yerini dəyişəndə cəm dəyişmir” teoremi əsas xətt olub.
Məqsəd görüntü yaratmaq, islahatların imitasiyasını etmək olub. Heç bir yüksək vəzifəli şəxs cəzalandırılmayıb, heç bir icra başçısı vəzifədən azad edilməyib. Bəzi istisnlara olub ki, bu da zərurətdən doğub.
Sosioloji sorğu məsələsinə gəlincə, Siyavuş müəllimə təşəkkür edirik. Çünki, belə açıqlamalarla üzümüzdə təbəssüm yarada bilir. Bu ölkədə sosioloji sorğunun necə keçirildiyi balaca uşağa da məlumdur. Son prezident seçkiklərində Milli Şuranın namizədinin birmənalı qələbəsini oğurlayan hakimiyyət üçün, öz xeyrinə sosioloji sorğu keçirməsi xırda məsələdir. Hakimiyyət parlament seçkilərinə “ənənə”sinə uyğun hazırlaşır. Amma yaxşı olar ki, saxtalaşdırmanın yeni növləri tapılsın.
Çünki, 600 min üzvü olduğunu iddia edən partiyadan, 5-6 nəfərdən başqa üzə çıxan yoxdur. Siyavuş Novruzovun yerdəyişmə siyasəti də bu nöqsanı ört-basdır edə bilmir.
Samir