Türkiyədəki son seçkidə istədiyi nəticəni ala bilməyən AKP hökumətinin məşhur “balkon çıxışı” da gözləniləndən daha gec oldu. Baş nazir Davudoğlu nəticələr açıqlanandan sonra bir neçə saat sükutu pozmadı. Görünür, nəticələr Ərdoğan hökuməti üçün həqiqətən də sürpriz olmuşdu. AKP son parlament seçkilərində səslərin 40.9 faizini toplaya bildi. Bu da hakim partiyanın təkbaşına hökumət qurmaq imkanını itirməsi deməkdir. Bununla yanaşı, Ərdoğanın uzun müddətdən bəri təbliğatını apardığı “baş nazirlik sistemi”nin də xəyal olaraq qalmasıdır.
“Nəfəsimizin kəsiləcəyini düşünənlər…”
Beləliklə, Davudoğlu AKP-nin baş qərargahında balkona çıxdı və parlament seçkilərinin nəticələrini qiymətləndirdi. Davudoğlu çıxışına seçicilərini və prezident Ərdoğanı salamlamaqla başladı: “Bütün seçicilərimizə və bu balkonu demokratiya mərtəbəsinə çevirən prezidentimizə salam olsun! Sizlərin bu coşqusu demokratiya şölənidir. Bu şöləni bizə yaşadan təşkilatımıza salam olsun! Ən böyük təşəkkür millətimizədir. AKP 13 ildir bir şey uğrunda mübarizə aparır, o da milli iradədir. Hər cür maneə ilə qarşılaşdıq. Partiyamızı qapatmağa çalışdılar. Amma bizə hər zaman milli iradə dedik”.
Böyük imtahanlardan keçdiklərini xatırladan Davudoğlu heç vaxt əyilmədik, əyilməyəcəyik dedi: “Seçkinin birincisi AKP-dir. AKP yenə dastan yazdı. Həmd olsun ki, böyük uğurlara imza atdıq. Qarşıda daha böyük uğurlarlar var. Bir an belə, durmayacağıq. Nəfəsimizin kəsiləcəyini düşününlər bilsin ki, bizim üçün dönəmlər yox, əsrlər önəmlidir. Hamı bilməlidir ki, AKP bu seçkinin qalibi və birincisidir. Heç kim uduzduğu seçimi zəfər kimi təqdim etməyə çalışmasın. Türkiyənin onurğası AKP-dir”.
Davudoğlu bildirdi ki, hazırkı siyasi tablodan Türkiyəyə zərər gəlməməsi üçün AKP hər cür tədbir görəcək: “Bu millətə zərər verilməsinə əsla icazə verməyəcəyik. Hansısa dairlər böhran ssenarilərinə sərmayə qoymağa çalışarsa, bilsin ki, AKP-nin kadrları dimdik ayaqdadır. Yolumuza əvvəlki qətiyyətlə davam edəcəyik. Bizə səs verən və verməyən bütün vətəndaşlarımızı qucaqlayacağıq. Bu seçkidən alınacaq mesacları birlikdə dəyərləndirəcək və yolumuza davam edəcəyik”.
Baş nazirin seçkidə səs toplamış digər partiyalarar mesajı isə belə oldu: “Kiçik hesablarla qələbə düzəltməyə çalışmayın. Yeni bir Konstitusiya ilə bağlı bütün partiyalara yenidən çağırış edirik. Bütün partiyalar özü ilə zorakılıq və terror arasında məsafə qoymalıdır. Hər cür fikrə açığıq, birindən başqa. O da qiyamdır. Heç bir dairə Türkiyənin müqəddəratını müəyyən etməyə çalışmasın. AKP millət üçün ən doğru olanını etməkdə qərarlıdır. Sabah yeni bir Türkiyə üçün yeni bir yola çıxacağıq. Yeni Türkiyə inşa etməkçün çalışacağımıza söz veririk. Allah sözümüzü tutmağı nəsib etsin”.
Ərdoğandan ilk reaksiya
Dünən prezident Rəcəb Tayyib Ərdoğandan da seçkilərin nəticələrinə dair ilk açıqlama gəldi. Yazılı şəkildə yayılan açıqlamada deyilir: “Millətimizin iradəsi hər şeydən üstündür. Seçkidən sonra başlayan yeni müddətdə ölkəmizdəki təhlükəsizlik və sabitlik mühitinin, demokratik dəyərlərin qorunması üçün bütün siyasi partiyaların lazım olan həssaslıq göstərməsi, məsuliyyətli davranış nümayiş etdirməsi böyük əhəmiyyət kəsb edir”.
“New York Times”: “Seçicilər Ərdoğana dərs verdi”
Türkiyədəki seçki dünya mediasında da geniş işıqlandırıldı. Qərb mətbuatı seçkinin nəticələrinin AKP və Ərdoğanın xeyrinə olmamasından, hakim partiyanın təkbaşına hökumət qura bilməyəcəyindən yazdı. Hamını ən çox maraqlandıran isə günlərdir prezident Rəcəb Tayyib Ərdoğanla söz savaşında olan “New York Times”ın nəticələri necə qiymətləndirəcəyi idi. ABŞ-ın nüfuzlu qəzeti Türkiyədəki seçkini manşet xəbəri etmişdi: “Türk seçicilər bazar günü prezident Rəcəb Tayyib Ərdoğana bir dərs verdi. Ərdoğanın partiyası Konstitusiyanı yenidən yazma və Amerika tipli baş nazirlik sistemini qurmaq ehtirasını sona gətirən tarixi bir seçimlə Məclisdəki çoxluğu itirdi. Seçkinin nəticələri hörmətli Ərdoğan üçün ciddi bir uğursuzluq oldu. Bu nəticələr Ərdoğanın gücünü artırtmaq səylərini boşa çıxardı”.
Qeyd edək ki, “New York Times” son saylarının birində Ərdoğan hökumətini və idarəçiliyini sərt tənqid etmiş, buna cavab olaraq da Türkiyə prezidenti qəzetin əməkdaşlarını ittiham edərək onları “muzdlu yazarlar” adlandırmışdı.
Avropa Birliyi seçkiyə qiymət verdi
Seçkiyə növbəti qiymət Avropa Birliyindən gəldi. AB-nin ilkin açıqlamasında 86 faiz seçicinin səsvermə hüququndan istifadə etməsi Türkiyədə demokratiyanın gücünün göstəricisi kimi dəyərləndirilir və bu nəticələrin qarşıdakı dövrdə Avropa Birliyi-Türkiyə əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar yaradacağı bildirilir.
Avropa Birliyi xarici siyasət rəhbəri Federika Mogherini vəÿAvropa Birliyinin Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Cohannes Hahnÿtərəfindən açıqlanan ortaq şərhdə əsas partiyaların yeni parlamentdə təmsilçilik qazanmasının xüsusilə əhəmiyyətli olduğu bildirilir və qısa zamanda hökumətin qurulmasına çağırılır.
Güləndən şok seçki açıqlaması
Uzun müddətdir Ərdoğanla ədavətdə olan Fətullah Gülən də Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı açıqlama verdi. Gülənin açıqlaması “herkul.org” saytı vasitəsilə yayıldı: “Bu gün milləti qurban edənlər sabah olarlar millətə qurban. Bu gün pislik edənlər sabah elə pisliklərə məruz qalacaqlar ki… Şübhəniz olmasın, Allah etdiklərinin on qatı ilə onlara əzab verəcək. Özlərini çox güclü görənlər qıvrılacaqlar, gözlərini üzünüzə dikib baxacaqlar, yardım dilənəcəklər. Firon da özünü çox güclü sayırdı. Həzrəti Musa və bir ovuc musəvi qarşısında qərq olub gedərkən peşman oldu, amma iş-işdən keçmişdi”.
Erməni namizəd də deputat seçildi

Bu arada, budəfəki seçkidə erməni namizəd Markar Esayan da Türkiyə Böyük Millət Məclisinə girmək haqqı qazandı. Hökumətyönlü “Yenişafak” qəzetinin yazarı olan M.Esayan seçkidə hakim AKP-nin namizədi idi. Partiya onun namizədliyini Istanbul 2-ci dairədən vermişdi. AKP-nin Istanbuldan seçilən millət vəkillərinin ümumi sayı 12-dir. Türkiyə mətbuatı bir neçə gün əvvəl Esayanın 4 il əvvəl yazdığı bir twiti gündəmə gətirmişdi. Həmin vaxt Esayan “Twitter” hesabından bunları yazmışdı: “Hesablarımı dörd il sonrakı seçim üçün edirəm. Kifayət qədər AKP-çi kimi görünsəm, millət vəkili ola bilərəm. Halbuki elə deyiləm”. Türkiyə mətbuatı Esayanın bu fikirlərini AKP-nin “Xəyal idi, gerçək oldu” seçki şüarı ilə uyğunluq təşkil etdiyini, erməni Esayanın xəyalının gerçəyə çevrildiyini yazıb.
Öcalanın qardaşı qızı Türkiyə parlamentində

Seçkilərin nəticələrinə əsasən, 96 qadın mandat qazandı. Onlardan 41-i parlamentdə hakim AKP-ni təmsil edəcək. HDP-dən olan qadın millət vəkillərinin sayı isə 31-di. CHP-dən 20, MHP-dən isə 4 qadın millət vəkil seçilə bilib. HDP-dən deputat seçilən qadınlardan biri hazırda həbsdə olan PKK terror təşkilatının lideri Abdulla Öcalanın qardaşı qızı Dilək Öcalandır.
Ərdoğanın kürəkəni və Əkmələddin Ihsanoğlu parlamentdə
Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak da Türkiyə parlamentinə mandat qazananlar sırasındadır. Məclisə düşən maraqlı isimlərdən biri də son prezident seçkilərində namizəd olan 72 yaşlı Əkmələddin Ihsanoğludur. Ihsanoğlu namizədliyini MHP-dən vermişdi. Həm Albayrak, həm də
Ihsanoğlu Istanbuldan seçiliblər.
Tanınmışlardan keçmiş futbolçu Hakan Şükür (müstəqil namizəd), Mustafa Sarıgül (CHP) parlamentə düşməyən namizdlərdir.
AKP təcili toplandı: “Koalisyon hökumət sınaqdan keçiriləcək”
Dünən AKP-nin baş qərargahında baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə Türkiyə Nazirlər Kabinetinin təcili toplantısı keçirildi. AKP hökumətinin bütün nazirlərinin iştirak etdiyi toplantıda seçkinin nəticələri və bundan sonra atılacaq addımlar müzakirə olundu. Toplantıdan əvvəl baş nazirin müavini Numan Kurtulmuşdan qısa açıqlama gəldi: “Millətin seçiminə hörmət edirik. Millət hər partiya öz mesacını verdi. Üzərimizə düşən Türkiyədə demokratik islahatlar mərhələsini tamamlamaqdır. Seçimdən sonra qurulacaq yeni hökumətlə, bütün partiyalarla bu mərhələni başa çatdırmaq məcburiyyətindəyik. Türkiyədə yeni bir Konstitusiyaya ehtiyac var. Türkiyə millətin iradəsinə hörmət edərək yeni demokratik quruluşa keçid etməlidir. Erkən seçki görmürəm, koalisyon hökumət sınaqdan keçiriləcək. Erkən seçki ən uzaq ehtimaldır.Türkiyə yetkin bir demokratiyaya sahibdir. AKP-nin yer almadığı iqtidar mümkün deyil”.
N.Kurtulmuşun sözlərindən belə məlum olur ki, AKP koalisyon hökumət qurmaq niyyətindədir. Amma bu məsələdə də xeyli çətinliklər var. CHP və HDP AKP ilə koalisiyaya getməyəcəyini bəyan edib. MHP isə hələ yekun qərarını açıqlamayıb. Əgər koalisiya ideyası baş tutmasa, Türkiyə 45 gün ərzində erkən seçkilərə getməlidir.
Bu gün prezident Ərdoğanla baş nazir Davudoğlunun seçkinin nəticələrinə dair görüşü olacaq. Indi hamı bu görüşdən çıxacaq qərarı gözləyir.
Gültəkin