İyunun 11-də saat 10:00-da Ali Məhkəmədə hakim Tapdıq Mahmudovun sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin kassasiya şikayətinə baxılacaq.
Söhbət jurnalistin işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verilmiş şikayətdən gedir.
Məhkəmə qərar qəbul etmişdi ki, apellyasiya şikayətinə məhkəmə istintaqı (şahidlərin dindirilməsi, sənədlərin tədqiqi və s.) aparılmadan baxılsın. Seymur Həzinin vəkili Adil İsmayılov bununla razılaşmayaraq, ilkin baxış iclasının qərarından Ali Məhkəməyə şikayət etmişdi.
Bu səbəbdən mart ayından bəri Sumqayıt Apellyasiya Məhkəməsində Seymur Həzinin işi üzrə proses qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı. Ali Məhkəmənin müvafiq qərarından sonra proses davam edəcək.