
Hikmət Hacızadə: «Azərbaycan bu cür təzyiqlə üzləşəndə gərək Qərb də Rusiyaya təzyiq etsin, amma Bakının Qərbə qarşı kampaniyası bizi bu dəstəkdən məhrum edir»
Rusiya Xarici Işlər Nazirliyi Azərbaycan vasitəsilə Türkmənistan qazını dünya bazarlarına çıxarmalı olan Transxəzər qaz kəmərinə qarşı çıxıb. Rusiya Xarici Işlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç qaz kəmərinin tikintisi ilə bağlı birtərəfli addımlardan çəkinməyə çağırış edib:
“Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı birtərəfli hərəkətlər Xəzər hövzəsi ölkələri arasında inamın pozulmasına səbəb ola bilər. Istisna deyil ki, regiondan olmayan və layihənin lobbiçiliyini edən qüvvələr özlərini ”xəzərlilərə" strateji tərəfdaş kimi təqdim edirlər və onlara qaz kəmərinin tikinti ilə bağlı hər cür siyasi dividend vəd edirlər".
Aleksandr Lukaşeviçin fikrincə, layihənin gerçəkləşməsi üçün təkcə Bakı və Aşqabadın deyil, həm də Iran və Rusiyanın razılığı lazımdır:
“Ötənilki Həştərxan sammitində qərara alındı ki, Xəzərlə bağlı vacib qərarların verilməsində bütün Xəzəryanı dövlətlər iştirak etməlidirlər. Şübhəsiz ki, qaz kəmərinin tikintisi də buna aiddir”.
Avropa Birliyi, Azərbaycan və Türkmənistan Transxəzər qaz kəmərinin tikintisini həyata keçirməklə Türkmənistan qazının Avropaya ixracını nəzərdə tutur. Lakin Iran və Rusiya Xəzər dənizinin dibi ilə Türkmənistandan Azərbaycana uzanacaq qaz kəmərinin tikintisi üçün bütün 5 Xəzəryanı dövlətin razılığının olmasını vacib sayırlar.
Rusiyanın bu cür mövqedən çıxış etməsi, Azərbaycana nə vəd edir? Kremlin sərt yanaşması Azərbaycanın ən iri layihələrindən birinin reallaşmasının qarşısını ala bilərmi?
Politoloq Hikmət Hacızadə bildirdi ki, Rusiya tərəfindən bu tip təhdidlər birinci dəfə deyil ki, səslənir. Rusiyanın bu bəyanatlarının artıq xarici siyasətin tərkib hissəsinə çevrildiyini deyən H.Hacızadə hesab edir ki, Kremlə qarşı durmaq üçün Azərbaycanın güclü müttəfiqlərə ehtiyacı var: “Azərbaycan bu cür təzyiqlə üzləşən də gərək Qərb də Rusiyaya təzyiq etsin. Yalnız bu zaman Azərbaycanın və Qərbin marağında olan proyektlər öz davamını görə bilər. Amma Qərbdən dəstəyin olmamasına təcüblənmək lazım deyil. Çünki Azərbaycan son zamanlar yürütdüyü siyasət ilə Qərbə qarşı kampaniya aparır. Bu isə Qərb tərəfindən birmənalı qarşılanmır. Nəticədə Rusiyanın bu cür təzyiqləri olan zaman Azərbaycan meydanda tək qalır”.
Xəyal