Əli Kərimli Murad Ədilovu təbrik etdi

Bu gün AXCP üzvü, saxta ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilmiş Murad Ədilovun ad günüdür. Bu münasibətlə AXCP sədri Əli Kərimli onu təbrik edib:
 
Biz bu dövləti ona görə qurmamışıq ki, dövlət adı ilə vətəndaşımızı əqidəsindən, amalından, doğmaca qardaşından imtinaya sövq etsinlər. Bu qədər ədalətsizlik, bu qədər zalımlıq çox davam edə bilməz, etməməlidir.
Bu gün Azərbaycanın daha bir mərd, əqidəli, haqsevər oğlu öz ad gününü məhbəsdə keçirir. Murad bəyi qardaşı, rejimin qətiyyətli tənqidçisi Natiq Ədilova təzyiq məqsədilə 10 ay bundan qabaq girov götürüblər. Qardaşların hər ikisi prinsiplərindən dönmədiyi üçün Murad Ədilovu şərləndiyi narkotik ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum etdilər. İndi bu vicdanlı, zəhmətkeş, əqidəli insanın 3 balaca uşağı atasız böyüyür. Nədir o uşaqların günahı?
Murad bəy həm istintaq, həm də məhkəmə baxışı zamanı rejimi ifşa etdi. Ləyaqətli və cəsarətli cəbhəçi kimi ailəsinin də, partiyamızın da başını uca etdi. Gənclərimiz üçün daha bir dönməzlik nümunəsi yaratdı.
Murad bəy, həyatınızın çox çətin sınaqlarından keçirsiniz. Təəssüf edirəm ki, doğum gününüzü həbsxanada keçirməli olursunuz. Bütün bu çətinliklərə baxmayaraq, ad gününüzü təbrik edirəm. Sizə can sağlığı və xoşbəxtlik arzulayıram. Sizin və bütün nahaqdan həbs edilmiş soydaşlarımızın tezliklə azadlığa çıxıb, ailələrinə qovuşmasını arzulayıram. Allah qapınızı açsın!