“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası barədə eşitmisiniz? Bu koalisiyanın adını diqqətlə oxuyun və Azərbaycanın hansı absurda sürükləndiyini göz önünə gətirin. Hələ koalisiyaya daxil olan təşkilatların siyahısına baxsanız, absurdun komediya şəklinə düşdüyünü görəcəksiniz. Dünən həmin koalisiyanın bir bəyanatını oxudum. Sənədə imza atan 77 təşkilatın xeylisi adına görə insan haqları təşkilatı, söz azadlığı və mətbuatla bağlı qurumlar, hətta KIV-lərdir. Əliməmməd Nuriyevdən Sahib Məmmədovacan, Yadigar Məmmədlinin təşkilatından “Irəli” Ictimai Birliyinəcən (Baxın: http://qafqazinfo.az/news_detail.php?id=132651 ).
Görəsən bu təşkilatlar və onların koalisiyası Avropa Oyunlarına necə dəstək verirlər? Avar çəkəcəklər, ox atacaqlar, yoxsa idmançıların hüquqlarını müdafiə edəcəklər? Bir çox ölkələrdə idman tədbirləri keçirilir, gedin araşdırın, heç vaxt insan haqları və söz azadlığı müdafiəçilərinin belə tədbirləri dəstəkləyən koalisiyası yaradılmayıb. Zaman-zaman çox ölkələrdə idman tədbirlərinə etiraz edən hərəkatlar, birliklər olub, amma hüquq müdafiəçilərinin idman yarışlarının müdafiəsinə qalxması sadəcə gülməlidir. Idmançıların hansı hüquqları pozulub, kim pozub?
Düzdür, bu dəstəyin nəyə xidmət etdiyi, nə üçün səsləndirildiyi məlum olduğundan, təəccüblənmirik də. Amma dəhşətlisi odur ki, üzvlərinin çoxunun guya insan haqları və söz azadlığının müdafiəsi ilə məşğul olduğu iddia edilən bu koalisiyanın yaydığı sənəddə siyasi məhbuslar cinayətkar adlandırılıb. Bəli, idmanı dəstəkləyənlər insanı dəstəkləmir, hətta insana basqını müdafiə edirlər. Xatırladım ki, sənəd Azərbaycanda insan haqlarının pozulmasını dilə gətirən, siyasi məhbuslara azadlıq istəyən beynəlxalq təşkilatların nümayəndələrinin düşmən elan edilməsi üzərində qurulub və onların siyasi məhbusları müdafiə etməsinə qarşı yönəlib.
Sənəddə deyilir: “Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların olduğunu iddia edən bu üzdəniraq “üçlük” guya orijinallıq göstərərək yeni üsul düşünmüş, Avropa idmançılarını siyasi təzyiq alətinə çevirərək, konkret cinayət əməllərinə görə mühakimə olunmuş bir neçə nəfəri dəstəkləmək üçün “ayağa qalxmağa” çağırmışdır”.
“Üçlük” dedikdə isə BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks nəzərdə tutulur. Görəsən təəccüblü nə var burada, insan haqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar da insanın yox, idmanın müdafiəsi ilə məşğul olmalıdır? Onların işi elə bu deyilmi? Onların hamısının vəzifəsi insan haqları ilə bağlıdır və siyasi motivlə həbs edilən Azərbaycan vətəndaşlarının hüquqlarını dilə gətirmələrin gözlənilməyən nə var ki!
Bu 77 imzanı atan adamlar danılmaz bir həqiqətin üstündən keçməyə çalışırlar: ölkə vətəndaşlarını qanunsuz həbs etmək cinayətdir, ölkə sərvətlərini talamaq cinayətdir. Bu cinayətlərin pərdələmək üçün Avropa Oyunları kimi tədbirlərə böyük xərclər tökmək isə bu cinayətlərin izini silib təmizləmir. Odur ki, Azərbaycan hakimiyyətinin haqsız həbs etdiyi adamları cinayətkar adlandırmaq onları həbs edənlərin cinayətinə şərik olmaqdır. Buna görə hər biri tarix qarşısında cavab verəcək. Tarix təkcə oyunlardan ibarət deyil.