Giorgi Lomsadze EurasiaNet.org saytında Azərbaycanın ATƏT-in Bakıda Layihə Koordinatorluğunu bağlamaq niyyətindən yazır.
Müəllif qeyd edir ki, Avropa Oyunları ərəfəsində jurnalistlər və fəalların həbsdə olduğu ölkə içindən çox ehtiyatlı tənqid gəlir. Artıq Bakı ATƏT-in, yaxud başqa potensial tənqid mənbəyinin varlığını da istəmir. Rəsmi Bakı heç bir izahat vermədən Bakıdakı ofisin bağlanması üçün müraciət edib. «Azərbaycan hakimiyyətindən şifahi diplomatik nota almışıq və hazırda nəzərdən keçiririk», – ATƏT sözçüsü Cathie Burton EurasiaNet.org-a deyib.
«56 üzvü olan ATƏT Minsk qrupu vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olacaq, ancaq daha ölkənin vətəndaş cəmiyyəti ilə işləyə bilməyəcək. ATƏT-in Media Azadlığı üzrə təmsilçisi Dunja Mijatović bu yaxınlarda ölkədə müstəqil jurnalistikaya təzyiqi sərt tənqid edib. Şübhəsiz, Azərbaycan rəsmiləri bu tənqiddən xoşlanmayıb», – müəllif yazır.
«Oyunlar qabağı beynəlxalq insan haqları təşkilatları, «ikili standartlar»dan şikayətlər artıb. Hökumətyönlü APA xəbər agentliyi yazırdı ki, Qərb Azərbaycana təzyiq üçün hər fürsətdən yararlanmağa çalışır və reallıqları qəbul edə bilmir».
«Ancaq Oyunlara gələnlərdən azı biri həmin şikayətləri çox yaxşı anlayır. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Rusiya mediasını tənqid edib ki, bu Oyunları yetərincə işıqlandırmırlar. Putin iyunun 12-13-də Bakıda olacaq, Prezident Əliyevlə danışıqlar aparacaq. Şübhəsiz, onların cüdodan başqa danışmağa çox mövzuları var».
azadliq.org