Avropanı söyənlərin Avropa oyunları

Yaxud, söydüyü ünvanla öyünən hakimiyyət

 
Azərbaycan hakimyyətinin bütün addımları ziddiyyətlərdən ibarətdir. Uzun illərdi ölkəni tənəzzülə aparıb, inkişafdan danışırlar. Korrupsiyanı şaxələndirib, korrupsiyaya qarşı mübarizədən danışırlar. Müstəqil mətbuatı məhv edib, azad jurnalistikadan dəm vururlar. Seçkiləri saxtalaşdırıb, şəffaf seçki bəyanatları verirlər. Müxalif fikirli insanları şərləyərək həbs edib, insan haqlarından, tolerantlıqdan söhbət edirlər. Inanclı insanların cibinə narkotika atıb, islam dininə sevgilərini tirajlayırlar. Yəni, düşmənçiliklərini, dostluq kimi qələmə verirlər.  
Indi də gecə-gündüz Avropa oyunlarının təbliğatını aparırlar. Sanki, bu oyunlardan sonra ölkənin sosial-iqtisadi vəziyyəti düzələcək, 20 faiz torpaq işğaldan azad olacaq, bütün neqativlərə son qoyulacaq. Əslində, isə Avropa oyunları ölkəyə ağır zərbə idi və dəfələrlə bunun geniş izahını vermişik. 
Məsələ burasındadır ki, Avropa oyunlarını hakimiyyətin uğurlu siyasətinin nəticəsi kimi tirajlayıb, eyni zamanda Avropanı söyməklə məşğuldular. Bu gün Azərbaycan hakimiyyəti  Avropa Ittifaqı ilə konfrantasiya vəziyyətindədir. Avropa Şurası Əliyev hakimiyyətindən üz döndərib. Avropanın tanınmış hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini tənqid edir. Avropanın nüfuzlu nəşrləri Azərbyacandakı korrupsiyadan, siyasi məhbuslardan, saeçki saxtakarlığından yazır. Azərbaycan hakimiyyəti isə Avropanın bütün strukturlarını ikilistandartlarda, ermənipərəstlikdə, Azərbyacanın inkişafını gözü götürməməkdə ittiham edir.  O zaman bu Avropa oyunlarını bayram etməyin mənası nədir? Avropanı söyə-söyə Avropa oyunları keçirmək, bu oyunlar üçün 8 milyard vəsait xərcləmək, bu oyunlara görə ölkə vətəndaşına qadağalar tətbiq etmək hansı zehniyyətin məhsuludur?
Əminik ki, dünyada ikinci belə hakimiyyət mövcud deyil.  Ölkə başçısı bir tərəfdən Avropa oyunlarının məşəlini daşıyır, o biri tərəfdən Avropanı daşlayır. Həqiqətən də baş verənlər tarixin bütün dövrləri üçün analoqsuz hadisədir.
Bütün vəzifəli şəxslərin istirahəti, müalicəsi, bank hesabları Avropadadır. Vəzifəli şəxslərin övladları Avropa təhsili alır. Yəni, hakimiyyət şəxsi maraqların ifadəsi baxımından tamamən Avropaya inteqrasiya etsə də, dövlətin və millətin maraqları önə çıxanda Avropadan imtina edir.
Deməli, Avropanın demokratiyası pisdir, avtomobili, təhsili, səhiyyəsi, istirahəti yaxşıdır. Deməli, Avropa pisdir, Avropa oyunları yaxşıdır.
Əslində, hakimiyyətin bu ikiüzlü siyasəti bütün dünyaya agah olub. Məhz bunun nəticəsidir ki, dünya liderləri bu tədbirdə iştirakdan imitna edir, beynəlxalq təşkilatlar boykota çağırır.
Bəli, hakimiyyət olduqca gülünc vəziyyətdədir. Sadə vətəndaş da başa düşür ki, bu təbliğatın altında qeyri-səmimilik, korrupsiya və imitasiya yatır.
Ölkə başçısı Ilham Əliyev Avropa oyunlarının məşəlini götürüb Bakı küçələrində qaçdığı halda, Avropa qarşısında götürdüyü öhdəlikləri atıb qaçmaqla məşğuldu. Görəsən, gecə-gündüz söydükləri Avropaya, 8 milyard maya qoymaq nəyə lazım idi?
Bir reallıq da özünü göstərdi ki, bu hakimiyyətin özünü reklam etmək üçün ən böyük tutacağı məhz Avropadır. Bu qədər söyməklərinə, ittiham etməklərinə baxmayaraq, Avropa demokratiyasına nifrət etmələrinə rəğmən, öz təbliğatlarını Avropa oyunları üzərində qurublar. 
Deməli, nə qədər söysələr də, Avropadan asılı olduqlarını etiraf etdilər. Bu hakimiyyət- yeni ziddiyyətlər hakimiyyətidir.
Azad