“Yeni Azərbaycan”ın köhnə təfəkkürü

Yaxud, dünyanın hədəfində olanların, «Azadlıq»ı hədəf seçməsi

 
Çox şəffaf bir mənzərə yaranıb. Artıq real vəziyyəti izah etmək, cəmiyyətə çatdırmaq üçün ağır analizlərə ehtiyac yoxdur. Azərbaycan hakimiyyəti yarıtmaz siyasəti ilə sürətlə özünü ifşa etməkdədi. Vəziyyət o həddə çatıb ki, hakimiyyət komandasında təmsil olunanlar da susmaq istəmir.  Azərbaycanın Avropa Birliyindəki səfiri vətəndaşları oyanmağa səsləyir və hakimiyyətin ermənidən pis olduğunu söyləyir.
 Digər tərəfdən demokratik dünya Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqdan imtina edir. Dünya liderləri Avropa oyunlarını boykot edir. Yüzlərlə nüfuzlu təşkilatlar Azərbaycanda baş verənlərlə bağlı həyəcan təbili çalır. Nüfuzlu qəzetlər ölkədəki siyasi məhbuslardan, korrupsiyadan, qeyri-şəffaf idarəçilikdən yazır. Təbii ki, bütün bunları görməmək mümkün deyil. Analoqsuz inkişaf nağılları iflasa uğrayıb və bir qrup məmurun inkişaf etdiyi məlum olub. Ölkənin təhsili, səhiyyəsi, hüquq sistemi məhv edilib. Bütün bunları müxalifət və beynəlxalq təşkilatlar deyil, hakimiyyətin özü etiraf edir. Ölkəyə rəhbərlik edən adam etiraf edir ki, onu aldadırlar, tapşırıqlarına əməl etmirlər, məmurlar harınlayıb, qiymətlər süni şəkildə artırılır, valyuta ehtiyatları azalır və.s.  PA rəhbəri  Ramiz Mehdiyev ölkədə savadlı kadr tapa bilmədiklərini, Elmlər Akademiyasının bazara çevrildiyini, təhsilin sovet dövründən də geridə qaldığını söyləyir. Baş nazirin müavini Əli Həsənov qeyd edir ki, məmur övladları narkomaniyaya qurşanıblar, müsadirə olunmuş narkotika əvəzinə poroşok yandırılır, məmurların dünyanın müxtəlif yerlərində biznes imperiyaları var. TQDK-nın açıqlaması göstərir ki,  abutiriyentlərin 90 faizi 0-200 arası bal toplayıb. YAP-çı deputat Siyavuş Novruzov etiraf edir ki, bu ölkədə kredit borcunu ödəmək üçün ya silah alveri, ya insan alveri, ya da narkotik alveri ilə məşğul olmalısan. Bu siyahını uzatmaq da olar.
Demək istəyirik ki, ölkədəki bərbad vəziyyəti hakimiyyət özü də etiraf edir. Amma həmişəki kimi rejim mətbuatı “Azadlıq” qəzetini hədəf seçib. Ermənilərin “şot”unu verən, Bakıda erməni bayrağını dalğalandıran, erməniyə atalıq edən Rusiyanın qarşısında səcdə edən, ermənipərəst ölkələrdə milyonluq layihələr həyata keçirən bu hakimiyyətdir. Amma “Yeni Azərbaycan” qəzeti izi itirmək üçün öz adlarını “Azadlıq”a transfer etmək istəyir. Biz başa düşürük ki, “Yeni Azərbaycan” qəzetini bizdən başqa oxuyan yoxdur. Bu qəzetin səhifələrini qab-qacaq bükmək üçün istifadə edirlər. Amma hakimiyyətin kölgəsi altında olduğuna görə, bu qəzet işıq üzü görə bilir. Indi də “Azadlıq” qəzetini Gülənçi şəbəkəyə “svarka” etmək fikrinə düşüblər. Guya, “Azadlıq” qəzeti erməni dairlərlə yanaşı, Gülənçi şəbəkə ilə də işbirliyindədi. Belə getsə Əl-Qaidə, Həmas, Hizbullah, IŞID və digər qüvvələrlə də “Azadlıq”ın əlaqəsini yaradacaqlar. Təbii ki, bütün bu şər-böhtan kampaniyası “Azadlıq”ın xeyrinə işləyir və təsdiqlənir ki, ölkənin yeganə müstəqil mətbuatı “Azadlıq”ın adı ilə bağlıdır. Digər tərəfdən, “Azadlıq” qəzetindəki materialların oxunma sayı, bu qəzetin yayımına yaradılan maneələr, qəzetin əməkdaşlarının həbs edilməsi, təzyiqlərə məruz qalması bu qəzetə olan tələbatın göstəricisidir. Bəli, “Azadlıq” hakimiyyətin 100-lərlə  media resurslarını sıradan çıxartdığı üçün, hakimiyyətin qəzəbinə tuş gəlir.
“Yeni Azərbaycan”ın yazdıqlarına gəlincə, arqumentsizlik açıq şəkildə hiss olunur. “Azadlıq”ın yazdıqlarına mahiyyəti üzrə nə rejimin başbilənləri, nə də mətbuatı cavab verə bilmir. Yeganə tutacaqları “erməni” arqumentdidir. Arif Məmmədov bunların kadrı idi. Amma balaca tənqid səsləndirən kimi, üstünə erməni damağası atdılar. “Azadlıq”ı Gülənçi şəbəkə ilə əlaqələndirmək isə, hökumətin cılızlığını bir daha ortaya qoydu. Uzun illərdi Gülənçilərlə iş birliyində olanlar, Gülən şəbəkəsinin Azərbaycanda biznes fəaliyyətinə imkan yaradanlar, vəzifədə olanların Gülənçi olduğunu etiraf edənlər kimlərdi? Ərdoğanın dosyesini alana qədər, Gülənçilərlə cici-bacı olan bu hakimiyyət deyildimi?
“Yeni Azərbaycan” bir məsələdə haqlıdır ki, “Azadlıq” həqiqətən narahatdı. Biz, ölkədəki talançılıqdan, təhsilsizlikdən, hüquqsuzluqdan, korrupsiyadan, yaltaqlıqdan, israfçılıqdan, repressiyalardan, dövlətin imicinin korlanmasından narahatıq. Yaxşı olardı ki, “Yeni Azərbaycan” da narahat olsun. Bir tərəfdən Avropanı söyüb, o biri tərəfdən Avropa oyunları keçirmək hansı zehniyyətin məhsuludur? “Yeni Azərbaycan” bundan narahat olmalıdır.
Məsləhət bilərdik ki, “Yeni Azərbaycan” qəzeti “Azadlıq”ı  hədəf seçmək əvəzinə, Fransız, Inglis, Alman dilini öyrənməyə vaxt ayırsın. Çünki, bu ölkələrdə nəşr olunan nüfuzlu qəzetlərdə Azərbaycan hakimyyətinin qanunsuz əməlləri tirajlanır. Yaxşı olar ki, bu qəzetlərin yazdıqlarına cavab tapasız. “Erməni” arqumentindən sallaşmaqla, heç nəyə nail olmaq mümkün deyil.  
Yəni, “Azadlıq”a böhtan atmaqla vəziyyəti düzəltmək olmaz, dünya üstünüzə gəlir. Tək qalmısınız. Maskanız cırılıb. Həqiqətləri gizlətmək mümkün deyil. Ən əsası isə “Yeni Azərbaycan” kimi qəzetlər də tarixin “qara” səhifəsinə düşəcək və şərin ilhamvericisi kimi xatırlanacaq.
“Azadlıq” isə dövlətin və millətin maraqlarına xidmət etdiyi üçün, bütün dövrlərin dəyərinə çevriləcək. Heç olmasa heç kimin oxumadığı qəzet dərc edib, kağızı israf etməyin.
Akif