AKP-nin planları alt-üst oldu; yeni hökumətin qurulması sual altında
Türkiyədə son dövrlərin ən çətin seçkilərindən biri keçirildi. Ölkədə bir-birinin ardınca yaşanan xoşagəlməz olaylar hakim partiyanın seçkidəki səs faizinə öz təsirini göstərdi və AKP təkbaşına hökumət qurmaq imkanından məhrum oldu. Baxmayaraq ki, prezident Rəcəb Tayyib Ərdoğan təbliğat mitinqlərində birbaşa özü iştirak edərək xalqdan israrla AKP-yə bu imkanı yaratmağı xahiş edirdi. AKP-nin təkbaşına hökumət qura bilməməsi Ərdoğanın təklif etdiyi «Türkiyə tipli baş nazirlik sistemi»nin də həyata keçməməsi deməkdir.
Əvvəlcə onu qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkiyə 53 milyon 765 min 231 seçiji qatıldı. Xaricdə yaşayan Türkiyə vətəndaşları da səsvermə hüququndan istifadə etdilər. 2 milyon 866 min 979 seçici üçün 54 ölkədə yaradılan seçki məntəqələrində 931 min 465 vətəndaş səs verdi.
Seçkidə ümumilikdə 20 partiya, 166 müstəqil namizəd iştirak etdi. Türkiyə vaxtı ilə saat 7-də başlayan səsvermə saat 17-də başa çatdı.
Seçki ərəfəsində açıqlanan son ictimai rəy sorğularına görə, iqtidardakı Adalet və Kalkınma Partiyası (AKP) 38-44%-lik səs faizi ilə birinci yerdə, ana müxalifətdəki Cümhuriyyət Halk Partiyası (CHP) 28-30%-lə ikinci yerdə, müxalifətdəki Milliyətçi Hərəkat Partiyası (MHP) 15-17%-lə üçüncü yerdə, Halkların Demokratik Partiyası (HDP) isə 10.5-12%-lə dördüncü yerdə idi.
Hakim partiya sorğu zamanı seçicilərindən AKP ilə bağlı nədən narazı olduqlarını da soruşmuşdu. Cavablardan belə məlum olurdu ki, AKP seçicisini prezident sarayı ilə bağlı məlum qalmaqal, həmçinin hökumət üzvləri ilə bağlı rüşvət iddiaları narahat edir. Və göründüyü kimi, bu narahatlıq seçki qutularından çıxan səslərə də əks olundu.
Seçicilər çaşqınlıq içində
Hər seçkidə olduğu kimi, yerli mətbuat bu dəfə də seçki günü baş verən qanunsuzluqlar və neqativ hallarla bağlı məlumatlar yaydı. Bu məlumatlardan birinə görə, İstanbulda siyasi partiyalar və müstəqil namizədlərin səsvermə bülletenlərində alt-alta yer alması seçicilər arasında ciddi çaşqınlıq yaradıb. Bu vəziyyət seçicilərin möhürü vurarkən yanılmalarına, siyasi partiyaya namizədini seçmək niyyətində olan seçicinin səhvən alt sırada olan müstəqil namizədi işarələməsinə səbəb olub. Türkiyə mətbuatı bu halı "şok olay" kimi təqdim etdi. Və bunun İstanbulda nəticələrə təsir edəcəyini bildirdi.
Qanlı qarşıdurma
Şanlıurfada isə seçki mətəqəsində baş verən mübahisə sonradan silahlı qarşıdurmaya çevrilib. Tərəflər qarşıdurma zamanı tüfəng, bıçaq və daşdan istifadə ediblər. Hadisəyə səbəb Şanlıurfanın Yeniköy məhəlləsində səsvermə məntəqələrini ziyarət etmək istəyən HDP-li qrupun qarşısının alınması olub. Tərəfləri sakitləşdirməkdə gücsüz olan jandarmalar əraziyə əlavə qüvvlələr çağırıblar. Hadisə zamanı yaralanan 15 nəfər təcili yardım və avtomobillərlə xəstəxanalara aparılıb. Yaşanan gərginliyin davam etməməsi üçün məhəllə saatlarla polis və jandarma qüvvələrinin nəzarəti altında saxlanılıb.
Şanlıurfa seçki saxtakarlığının da ünvanı olub. Əlində birdən çox bülletenlə səsvermə kabinəsinə girən HDP-li seçici bütün bülletenləri tək-tək möhürləyərkən görüntülənib.
İlkin nəticələr təəccübləndirdi
Seçki başa çatandan sonra səslər sayılmağa başladı. «CNN Türk» partiyaların topladığı səsləri canlı yayımladı. İlkin hesablamalardan – səslərin 45 faizi sayılandan sonra məlum oldu ki, əvvəlki seçkidə yüksək nəticə göstərən partiyalar gözlənildiyindən daha az səs toplayıblar. Ötən seçkidə az səs toplayanlar isə bu dəfə daha yüksək nəticə göstəriblər. Yerli qanunvericiliyə uyğun olaraq KİV-lər ilkin açıqlamalarında partiya adı çəkmədilər. Qanuna görə, səslərin 50 faizi sayılmadan media heç bir partiyanın göstəricisini açıqlaya bilməz. Maraqlıdır ki, bu dəfə səslərin 50 faizi sayılandan sonra belə, Türkiyə Mərkəzi Seçki Komissiyası məlum yasağı aradan qaldırmadı. Yalnız 60 faizlik göstəricidən sonra media hansı partiyaların öndə, hansıların geridə olduğunu açıqlaya bildi.
Səslərin sayıldığı bir vaxtda ölkənin aparıcı informasiya agentliklərindən biri olan «Cihan»ın internet saytı dağıdıldı. Haker hücumundan bir neçə dəqiqə əvvəl «Cihan» HDP-nin (kürdlərin partiyası) 10 faizlik barajı keçdiyini açıqlamış, eyni qutu sayına görə nəticələri elan edən «Anadolu» agentliyi isə bunun tam əksini iddia etmişdi.
Gecə saat 12-yə qədər Türkiyədə səslərin hamısı sayıldı. Və nəticələr aşağıdakı kimi oldu:
AKP 40.85
CHP 25.15
MHP 16.44
HDP 12.77
Digərləri 4.79
Nəticələr onu deməyə əsas verir ki, hakim partiya AKP təkbaşına hakimiyyət qura bilməyəcək. Və koalisyon hökumət qurmağa məcbur olacaq. Kürdlərin partiyası HDP isə 10 faizlik barajı aşa bildiyi üçün parlamentdə təmsil olunacaq.
Kürdlərin partiyası 80 deputat yeri qazanır
Seçkinin nəticələri ilə bağlı ilk açıqlama HDP-dən gəldi. HDP təmsilçisi Sırrı Süreyya Öndər bildirdi ki, hazırkı nəticələr partiyanın parlamentdə ən azı 80 millət vəkili ilə təmsil olunajağı deməkdir. S.Süreyya HDP-yə səs verən bütün seçicilərə təşəkkür edərək onlara əmanət edilən səsləri doğruldajaqlarını bildirib. Süreyya tərəfdarlarını seçkinin nətijələrini bayram etməməyə, qarışıqlığa səbəb olajaq addımlardan qaçmağa çağırıb.
Gözlər Davudoğlunda
İndi Türkiyədə bütün gözlər baş nazir Əhməd Davudoğluna yönəlib. Davudoğlu seçkidən əvvəl bildirmişdi ki, AKP təkbaşına hökumət qura bilməsə, baş nazir postundan istefa verəcək. Maraqlıdır ki, nəticələr açıqlanandan sonra Davudoğlu baş nazir kimi açıqlama verməli və nəticələri dəyərləndirməli idi. Lakin o, bu açıqlamanı vermədi.
Türkiyə hökumətinin bundan sonrakı aqibətinə gəlincə, hələ ki, bu məsələ böyük sual altındadır. AKP yeni hökuməti formalaşdırmaq üçün yüksək nəticə göstərmiş partiyaların biri ilə koalisiya qurmalıdır. Bu baş tutmazsa, 45 gün sonra təkrar seçki keçirilməlidir. CHP hələ seçkidən əvvəl AKP ilə koalisiya qurmayacağını bəyan edib. Belə olan halda AKP-nin hansı addımları atajağı qarşıdakı günlərdə məlum olacaq.
Kılıçdaroğlu: «Yaşasın demokratiya!»
CHP sədri Kamal Kılıçdaroğlu seçkinin nəticələrini belə dəyərləndirdi: «Bir dönəm başa çatdı, demokratiya qələbə çaldı. Demokratik yollarla basqıcı bir dönəmi sona çatdırdıq. Demokratiya qələbə çaldı, Türkiyə qələbə çaldı. Yaşasın demokratiya!».
AKP-dən ilk reaksiya
AKP hökumətindən isə Ərdoğanın baş məsləhətçisi Mustafa Varanakdan açıqlama gəldi: «Hər şeydə bir xeyir var. Əsas odur ki, siyasətin qaydaları işləsin. Millətin təqdiri hər şeydən üstündür. «Paralelçilərin» müstəqil namizədlərinin nə qədər səs aldığı ortadadır. Bu quruluşun cəmiyyətdə gücünün olmadığı təsdiqlənmiş oldu».
Davudoğlu danışmadan seçkinin nəticələri barədə açıqlama vermək istəmədiyini deyən baş nazirin müavini Bülənt Arınç isə «üzgünəm» deməklə kifayətləndi.
Gültəkin



