G7 ölkələri bu gün Rusiyaya xəbərdarlıq edərək bildirib ki, Moskva Ukraynada Rusiya tərəfdarı üsyançılarla Kiyev qüvvələri arasındakı döyüşlərə son qoymağı nəzərdə tutan atəşkəs şərtlərinə tam əməl etməsə Kremlə qarşı iqtisadi sanksiyalar gücləndirilə bilər.
ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, Ukrayna münaqişəsindəki fəaliyyətlərinə və Krım yarımadasını ilhaqına görə Rusiyaya təzyiqlərin artırılmasına dair güclü konsensus var.
Cənab Obama deyib ki, Rusiya prezident Vladimir Putin bir sual qarşısındadır – o, Sovet İmperiyasının qüdrətinin yenidən bərpası kimi yanlış fəaliyyətlərlə ölkəsinin iqtisadiyyatını zəiflətməyi davam etdirmək istəyirmi?
"Rusiyanın Ukraynadakı addımları Rusiyaya və rus xalqına ziyan vurur", – deyə cənab Obama Almaniyada keçirilən G7 samiitində keçirdiyi mətbuat konfransında bildirib.