Rusiya iddia edir ki, Azərbaycan Avrasiya Ittifaqına üzv olsa, Dağlıq Qarabağ münaqişəsi həllini tapar
Fuad Qəhrəmanlı: «Rusiyanın bu addımı şirnikləndirici xarakter daşıyır, heç bir real perspektivi görünmür»
Azərbaycan hakimiyyətinin anti-Qərb siyasəti daha geniş vüsət aldıqca vəziyyətdən yararlanmağa çalışan Rusiya ölkəni tamamilə öz nəzarəti altına almağa cəhd edir. Qarabağ münaqişəsindən özünün geopolitik maraqları naminə yararlanmağa çalışan Rusiya bu istiqamətdə səylərini artırmaqdadır.
“Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri, Rusiyanın başqa ölkələri hədəfə alan xarici siyasətinin alovlu tərəfdarı Aleksandr Duqin Azərbaycanın Avrasiya Iqtisadi Ittifaqına üzvlüyünün mümkünlüyünü şərh edərkən bildirib ki, ÿAzərbaycan Avrasiya Ittifaqına daxil olacağı təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin həlli tam başqa məna kəsb edəcək. Bu haqda Ermənistan mətbuatına danışan Duqin onu da qeyd edib ki, Azərbaycanın Avrasiya Ittifaqına üzvlüyü tamamilə düzgün addım olardı: “Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan Avrasiya Ittifaqının üzvü olmayacaq. Əksinə, Azərbaycan Avrasiya Ittifaqına daxil olandan sonra Qarabağ məsələsi öz həllini tapacaq.ÿRəsmi Moskva münaqişədə olan ölkələrdən biri ilə yaxınlaşan kimi, Qərb Rusiyanı regiondan saxışdırmaq üçün başqa tərəfi dəstəkləyir. Azərbaycanın Avrasiya Ittifaqına üzvlüyü Qarabağ konfliktinin həlli üçün şərt ola bilər”.
Aleksandr Duqinin söylədiklərini şərh edən politoloq Fuad Qəhrəmanlı deyir ki, bu açıqlama Azərbaycan tərəfini şirnikləşdirməyə hesablanmış addımdır. Politoloqun sözlərinə görə, bu günədək hakimiyyət dairələrində belə bir fikir mövcud olub ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli müqabilində Azərbaycanın Avrasiya Ittifaqına üzvlüyü mümkündür: “Hökumətin məsələyə yanaşması Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya səfəri zamanı ”Rossiya 24" kanalına açıqlamasında da məlum oldu. Elmar Məmmədyarov bildirdi ki, Azərbaycanın işğal atında olan rayonlarının bir neçəsi azad olunacağı təqdirdə ölkənin Avrasiya Iqtisadi Ittifaqına üzvlük məsələsinin perspektivi ilə bağlı müzakirələr aparıla bilər".
Azərbaycanın Qərblə konfrantasiya şəraitində davam edən münasibətləri fonunda Rusiyanın ölkəni daha çox özünün təsir dairəsinə daxil etməyə çalışdığını vurğulayan politoloq onu da qeyd edib ki, hakimiyyət demokratiya tələb edən Qərbə savaş açmaqla Azərbaycanı Rusiyadan daha çox asılı vəziyyətə gətirir: “Artıq Rusiyanın Qarabağ münaqişəsində irəli sürdüyü tezis də dəyişilib. Azərbaycanın Avrasiya Ittifaqına daxil olandan sonra münaqişənin həll edilə biləcəyi məsələsi gündəmə gətirilir. Hesab edirəm ki, Rusiyanın bu addımı daha çox şirnikləndirici xarakter daşıyır, heç bir real perspektivi görünmür. Çünki Rusiya Azərbaycanın milli maraqlarının, ərazi bütövlüyünün təmin olunmasında nəinki hər hansı təşəbbüs göstərmək niyyətində deyil, hətta işğalçı Ermənistanı himayə etməklə işğal faktorunun davam etməsinə şərait yaradır. Bu da öz növbəsində Rusiyanın Cənubi Qafqazdakı strateji maraqlarıyla bağlıdır. Nəzərə alsaq ki, Rusiyanın bəlli maraqları hələ də qüvvədədir, deməli Azərbaycanın Avrasiya Ittifaqına üzv olmasıyla Qarabağ münaqişəsinin öz həllini tağacağını gözləməyə dəyməz”.
Fuad Qəhrəmanlı onu da əlavə edib ki, hakimiyyətin Rusiyanın bu mövqeyinə reaksiyası hələ bəlli olmasa da, Qərblə qarşıdurma dərinləşdiyi bir zamanda Rusiyanın irəli sürdüyü şərtləri Azərbaycan tərəfi üçün daha da ağırlaşdırdığı açıq-aşkar görunur: “Görünən odur ki, Azərbaycan hakimiyyəti Qərbdən gələn demokratik çağırışlardan yayınmaq üçün Rusiyanın təslimçilik şərtlərinə uyğunlaşmağa meyllənir. Hakimiyyətin anti-Qərb siyasəti ölkəni beynəlxalq aləmdən təcridə aparmaqla, Rusiya qarşısındakı mövqelərini, özünümüdafiə imkanlarını getdikcə zəiflədir”.


