2013-cü ildə Azərbaycanda əhalinin yetkinlik yaşına çatmış hər 1000 nəfərinin 1,244 ədəd, 2014-cü ildə 1259, cari ilin I rübün sonuna 1273 ədəd kredit və əmanət hesabı olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin yanvar-mart aylarının nəticələri üzrə maliyyə sabitliyi icmalında deyilir:
“Banklar arasında rəqabətin artması, yeni artım drayverlərinin axtarışı istehlak kreditləri bazarında aktivliyin sürətli artmasına səbəb olub. Istehlak kreditlərinin müsbət makroiqtisadi və sosial təsirləri ilə yanaşı izafi borclanma ilə bağlı potensial riskləri də nəzərə almaq lazımdır. Bu vəziyyətdə Mərkəzi Bank istehlak kreditləri bazarının tənzimlənməsi və izafi borclanmanın qarşısının alınması məqsədilə preventiv tədbirlər həyata keçirib”.
Nəticədə 2014-cü ildə istehlak kreditlərinin real artım tempi 20%-dək azalıb (müqayisə üçün 2013-cü ildə artım 38% olub). Belə ki, 2014-cü ildə avtomobil kreditləri 47%, digər istehlak kreditləri 40%, yaşayış sahəsinin tikintisi və kredit kartları müvafiq olaraq 23% və 24% azalıb.
Ümumi mənzərə Azərbaycandakı real vəziyəti tam əhatə edir. Göründüyü kimi vəziyyət göründüyündən də ağırdı. Ölkə vətəndaşı faktiki bankların əsarətindədir. Bank sistemi məmurların nəzarətindədir və ən yüksək faizlə vətəndaşa kredit verilir. Vətəndaş isə bu borcu qaytarmaq üçün ölüm-dirim savaşı verir. Bu statistik rəqəmlər, Azərbaycandakı sosial-iqtisadi vəziyyətin ağırlığını göstərir. Məlum olur ki, ölkə əhalisinin 90 faizindən çoxu zəruri ehtiyacları ödəməkdən məhrumdur. Məlumdur ki, milyonlarla ölkə vətəndaşı dolanışıq üçün ölkə xaricinə pənah aparıb və bu adamların sayəsində ölkəyə milyardlar daxil olur. Yaxud, ölkə vətəndaşlarının böyük əksəriyyəti taksi fəaliyyəti ilə, maklerliklə məşğul olur, dərman firmalarında çalışır və.s Yəni, sırf dövlətin ümidinə qalsa, vəziyyət daha da acınacaqlı olar.
Indiki halda kredit borcları vətəndaşın həbsi kimi dəyərləndirilməlidir. Çünki, ağır faizlər ailələri həddən artıq qənaət etməyə və daha çox çalışmağa məcbur edir.
Yetkinlik yaşına çatmış hər 1000 nəfərin 1273 kredit və əmanət hesabı varsa, bu ölkənin iflic vəziyyətdə olmasının sübutudur. Deməli, kredit borcu olanlar bizim bildiyimiz kimi 2.5 milyon nəfər yox, daha çoxdur.
Bu onu göstərir ki, hakimiyyət bugünə qədər vətəndaşın rifahı üçün heç bir əməli addım atmayıb. Bütün fəaliyyətlər, bir qrup şəxsin daha çox varlanmasına xidmət edib.
Bu da hakimiyyətin öyündüyü “sabit” Azərbaycan. Bu ölkənin insanları top-tüfəng gülləsindən ölməsə də, hakimiyyətin biganəliyi nəticəsində ölür.
Azad