Amaşov indiyədək niyə susurdu?

«Daş» hakimiyyətin başına düşəndə, Mətbuat Şurası narahat olmağa başlayıb

 
Son günlərin müzakirə mövzularından biri də Əli Həsənovun media rəhbərləri ilə görüşü oldu. Görüş zamanı müxtəlif fikirlər səsləndirildi və bu fikirlərə şərhlər verildi. Amma Mətbuat Şurasının sədri Əflatun Amaşovun çıxışı daha çox rezonans yaratdı və tənqid olundu. Belə ki, MŞ sədri “facebook” profillərinin bağlanmasını təklif etmişdi. O bildirmişdi ki, “facebook”da siyasətçiləri təhqir edən səhifələr bağlanmalıdır və bu mümkün olmazsa “facebook” rəhbərliyi ilə danışıqlar aparılmalıdır.
Təbii ki, heç bir halda təhqirə yol verilməməlidir və insanların şərəf və ləyaqətini alçaldanlar cəzalandırılmalıdır. Yəni, insanlar tənqidlə təhqirin sərhədlərini müəyyənləşdirməlidilər.
Amma məsələnin başqa bir tərəfi ortaya çıxır. Niyə MŞ-nın sədri bu məsələni indi qaldırır? Ona görə ki, daş hakimiyyətin bostanına düşüb. Müxalifət liderini, müxalifət mətbuatını, tənqidi fikir səsləndirən ictmai fəalları təhqir edəndə heç kimin səsi çıxmırdı. Amma hədəf hakimiyyət təmsilçiləri olanda, “facebook” rəhbərliyi ilə danışmaq zərurəti yaranır. 
Yaxşı olardı ki, ilk növbədə hakimiyyətin sifarişi ilə yaradılan və təhqirlərlə dolu səhifələr, saytlar bağlansın.
Müxalifətçilərin yataq otağına kamera yerləşdirib, sonra telekanallarda yayımlayanda, bu gün də fəaliyyət göstərən  əlxaqsız saytlarda müxalifət liderlərinin şəkilləri paylaşılanda, rejimin əlaltıları efirə çıxıb vicdanlı insanlar haqqında şər-böhtan danışanda, niyə susurduz? Bəlkə, şərəf və ləyaqət anlayışı yalnız hakimiyyətində zirvəsində oturanlara aiddir?
Bu pis nümunələrin əsasını mövcud hakimiyyət qoyub. Bu gün də öz əkdikləri qarşılarına çıxır. Hakimiyyət elə bilirdi ki, fərqli fikiri televiziyadan didərgin salmaqla, problemi həll edəcək. Indi isə insanların nifrət və qəzəbi sosial şəbəkələrdə ifadə olunur. Cəmiyyəti sıxmağın, azad mətbuatı boğmağın, ədalətsizliyə rəvac verməyin aıxırı belə olur. “Facebook” bağlansa da bu tendensiya davam edəcək. Digər internet resurslarından istifadə olunacaq. Yuxarıda qeyd etdiyimiz kimi hakimiyyət başqa seçim imkanı buraxmır. Ona görə də bəzi adamlar öz fikirlərini təhqirlə ifadə edir.
Əgər bu neqativ tendensiya meydana gələndə hakimiyyət real addımlar atsaydı, bu gün Əflatun Amaşovun narahatlığına əsas olmazdı. Əminik ki, Əflatun Amaşov və digər komanda üzvləri  bu gün müxalifətə qarşı iyrənc kampaniya aparan saytlardan xəbərdardı və bu saytları kimin idarə etdiyini də bilirlər. 
Sadəcə olaraq Azərbaycanda MŞ da müstəqil qurum deyil və hakimiyyətin maraqlarına xıdmət edir. Əks halda, media bu vəziyyətdə olmazdı.
Bir sözlə, daş başa dəyəndə əl-ayağa düşmək əbəsdir. Daş başqalarına atılanda narahat olmaq lazım idi. “Facebook”u  yox, tərəfinizdən təməli qoyulmuş “ənənə”ni bağlamaq lazımdır.
Samir